Fətvalar Mənhəc Nəsihət Qamət Süleymanov Sual-cavab

Alləmə Şeyx Suheymi ilə Şeyx Qamətin görüşü (27.12.2016)

Rəhman və Rəhim olan Allahın adı ilə, aləmlərin Rəbbi olan Allaha həmd edirəm, Peyğəmbərimiz Muhəmmədə, ailəsinə və səhabələrinə Allahın salamı, salavatı və bərəkəti olsun.

Bəzi tələbələrin etdiyi bir metod vardır ki, mən bundan çəkindirirəm. Bu metodu hətta bəzi şeyxlərimizə də tətbiq etmişlər. Belə ki, hörmətli müftimiz, şeyx AbdulAziz Ali Şeyxə və ya hörmətli şeyximiz Saleh əl-Fovzana və ya hörmətli şeyximiz Saleh əl-Liheydana və ya başqa şeyxlərə zəng edərək hər hansı bir məsələni ərz edir, müəyyən bir şəxsin adını zikr etməyərək ümumi formada bir sual verirlər. Bundan sonra isə cavabı başqa bir yolla yayır və deyirlər ki, filan şeyx filankəsdən çəkindirir. Bu yol isə yalan və iftiradır, şeyxlər də artıq bu üslubdan çəkindirmişlər. Hörmətli müftimiz, hörmətli şeyximiz Saleh əl-Fovzan dəfələrlə bu yoldan çəkindirmişdir ki, ümumi sual verib, müəyyən məsələyə aid olan ümumi cavabı müəyyən bir insana aid etmək sənə icazəli deyildir. Sonra isə şeyxin adından yalan danışıb deyirsən ki, filan şeyx filankəsdən çəkindirir. Bu isə elm tələbərinə çox təhlükəli bir yoldur, hətta bunda yalan danışmaq və kimisə azğınlıqda ittiham etmək vardır. Həmçinin bunda həqiqətləri dəyişmək və yaxud da cavab verən və heç bir kəsi müəyyən olaraq qəsd etməyən şeyxin adından yalan danışmaq vardır. 

Bir neçə gün öncə Azərbaycandan olan bir neçə hörmətli qardaş məni ziyarət etdi və mənə sual verdilər ki, orada bir şəxs var, deyir ki, şiələr və ya rafizilər qardaşlarımızdır və belə iddia etdilər və ya belə dedilər ki, fətva verir ki, onların arxasında namaz qılmaq da icazəlidir. Mən də ümumi bir cavabla cavab verdim ki, bu söz doğru deyil və onlara bu gözlə baxmaq olmaz ki, onlar bizim qardaşımızdırlar, xüsusən də onlar xarab mənhəc üzərindədirlər, arxalarında da namaz qılmaq olmaz, çünki onlarda şirklər, azğınlıqlar vardır, Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) səhabələrini təkfir edirlər və başqa şeylər vardır. Mən də ümumi bir cavab vermişəm. Bundan sonra isə mənə çatdı ki, bu cavab başqa üslubla yayılmış və bunu yayanlar demişlər ki, guya mən “Əbu Bəkr Siddiq” adına məscidin imamı Qamət Süleyman qardaşdan çəkindirirəm və mən (cavabımla) bu qardaşı qəsd edirəm. Mən isə bu qardaşı tanımıram, lakin onun barəsində ancaq xeyirlər eşidirəm və eşidirəm ki, Allaha təaləyə dəvətdə onun çox gözəl əməlləri vardır. Lakin mənim çəkindirdiyim mənim sözümü ehtimal olunmayan mənalara yozmaqdır. Mənə bu sualı verən Azərbaycandan olan o qardaşlara da deyirəm ki, guya mən filankəs və filankəs olaraq kimisə qəsd etdiyimi iddia etməyin. Çünki mənim cavabım ümumi bir cavabdır və heç bir halda onu müəyyən bir insana aid etmək icazəli deyildir. Mənə belə ümumi formada sual verib, sonra sözümü təhrif edib, belə iddia etməsi ki, guya mən, kiminsə özünü qəsd etmişəm və ya tanımadığım halda filankəsdən çəkindirirəm, bu söz batil bir sözdür və adımdan yalan danışmaqdır. Bu söz doğru söz deyildir. Şeyxlərin və elm tələbələrinin sözlərini ehtimal olunmayan mənalara yozmaq və ya onların cavabları üzərinə özlərindən də bir cavab əlavə etmələri icazəli deyildir. Elə isə ey Allahın qulu, sənə vacibdir ki, cavabı olduğu kimi yayasan, ona heç bir əlavələr etməyəsən ki, filan şeyx filankəsi qəsd etmişdir. Çünki bu, yalandır. Buna görə də mən deyirəm ki, o sözü eşidən hər bir kəsə vacibdir ki, ona inanmasın və belə başa düşməsin ki, mən filan insanı qəsd etmişəm. Mənim qəsdim “rafizilər qardaşlarımızdır”-deyən və onların arxalarında namaz qılmağı icazəli bilənə aiddir. Kim olur olsun.

Yoxsa ki, filankəsi və ya filan dəvətçini qəsd etməyimi iddia etmək və ya mən filankəsi qəsd edirəm demək, sözümü dəyişdirmək, bütün bunlar həqiqətləri yalanla fırlatmaq, dəyişdirmək və demədiyim bir şeyi yalandan adıma nisbət etməkdir!!! Və buna görə də madam ki sözümə bu kimi şeylər aid edilmişdir, o sözümü yaymağa izn vermirəm!!!

Elm tələbələrinə vacib olan budur ki, Sünnə üzərində, Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) yolu üzərində söz, əməl və etiqad olaraq birləşsinlər, sünnəni yaysınlar, hikmətlə və gözəl danışıqla bidətlərdən və asiliklərdən çəkindirsinlər və bu kimi yozumlar, artırmalar, sözdən söz çıxarmalar, yalanlar, fırıldaq və sözü aid olmayan yerə yozmaq səbəbi ilə öz aralarında ixtilaf etməsinlər. Ey Allahın qulu bu kimi şeylərin edilməsi icazəli deyildir. Əksinə belə yalanlar bidət əhlinin adətlərindəndir. Elə isə sənə vacibdir ki, şeyxlərdən eşitdiyin cavabı heç bir şey artırmadan və ya azaltmadan eşitdiyin kimi yayasan. Yoxsa “mən belə başa düşmüşdüm ki, şeyx filankəsi qəsd edib” və ya “biz filankəsi qəsd etmişdik”, bütün bunların yayılmasına izn verilmir. Əgər kimdənsə çəkindirmək istəyirsənsə, onda məsuliyyəti özün daşı və bu çəkindirməni filankəs çəkindirib deyə heç bir kəsə aid etmə!!! Bu əməl haramdır, icazəli deyildir, müsəlmanlar və elm tələbələri arasında fitnələr çıxarır. Artıq adımızdan bu kimi yalanların danışılmasına, çəkindirmə üslublarına çox rast gəlmişik, bu isə fikirləşmədən və heç bir açıq-aydın dəlil və bürhanlar olmadan və yaxud da ixtilafın icazəli olduğu məsələlərdə və yaxud da müalicə oluna biləcək yüngül xətalarda insanlara hökm verməkdə tələsənlərin tutduğu yoldur!!! Tutduqları bu yeni məslək (yol) səbəbi ilə bəzi şeyxlərdən və elm tələbələrindən də çəkindirirlər!!! 

Allahu təalə buyurur:

Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız! (Hucurat surəsi,6)

Həmçinin Uca Allah buyurur:

Ey iman gətirənlər! Allah yolunda (döyüşə) çıxdığınız zaman (kiminlə vuruşacağınızı) yəqin edin və sizə salam verən şəxsə, dünya həyatının fani mənfəətinə can ataraq: “Sən mömin deyilsən!”– deməyin.  (Nisə surəsi, 94)

Həmçinin Uca Allah buyurur:

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Hucurat surəsi, 12). 

Həmçinin Uca Allah buyurur:

Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin əməlləri) barəsində sorğu-sual olunacaqdır. (İsra surəsi, 36).

Həmçinin Uca Allah buyurur:

İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.Sağında və solunda iki (mələk) oturub (onun əməllərini qeydə alır.) Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın. (Qaf surəsi 16,17,18).

Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı  olsun) demişdir:

Dili tut, qoru.

Həmçinin demişdir:Kim dilinə və övrət yerinə sahib olarsa, mən də ona Cənnəti zəmanət verərəm.

Həmçinin demişdir:

İnsan özü də fikir vermədən elə bir kəlmə deyər ki, bu onu yetmiş il Cəhənnəmin dibinə dartıb salar.

Beləliklə özümə və sizlərə Allahdan təqvalı olmağı, şeyxlərin və elm tələbələrinin demədikləri şeyləri onların adından yalan danışmamağı nəsihət edirəm. Çünki bu, həqir, qiymətsiz şeylər elm tələbələrinin arasında fitnələr və parçalanmalar ortaya çıxaran ən təhlükəli şeylərdəndir.

Allah təalə buyurur:

Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir. (Ənam surəsi, 159).

Allahdan qorxun, təqvalı olun.

Uca Allah buyurur:

Allahın dərgahına qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi büsbütün veriləcək və onlara zülm olunmayacaqdır. (Bəqərə surəsi 281).

Azim olan, hörmətli Ərşin Rəbbi olan Allahdan ən gözəl adları və ən uca sifətləri ilə istəyirəm ki, məni və sizləri faydalı elmə, saleh əmələ müvəffəq etsin və məni və sizləri düz söz deyənlərdən etsin. Allahdan öz sözlərimizdə, əməllərimizdə və bütün işlərimizdə müvəffəqiyyət diləyirik.  Həqiqətən O, buna Qadirdir.

Sonda isə aləmlərin Rəbbinə həmd səna edirik. Peyğəmbərə, ailəsinə və səhabələrinə Allahın salamı, salavatı və bərəkəti olsun.

Bu danışıq yazıldı:
Həftənin hicri təqvimi ilə ikinci günü, rabi əvvəl ayının 28-i, 1438-ci il. (M: 27 Dekabr 2016) Peyğəmbərin şəhərində (Mədinə şəhəri) “Dəvət və irşad mərkəzində”.
Qardaşınız, sizlər üçün xeyir istəyən Saleh ibn Səd əs-Suheymi.

Şeyx Qamət:
Allah sizi xeyirlə mükafatlandırsın və sizə bərəkət versin

Şeyx  Saleh əs-Suheymi:
Bu səs yazımı yayın!

Şeyx Qamət:
Allah sizə bərəkət versin!