Faydalar

 Quranın düzgün təfsirinə dair nəzəriyyə. Təfsirin növləri və şərtləri.

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Yoxladı: Nəzratullah Əbdulqadirov  – Mədinə Universitetinin hədisşünaslıq fakültəsinin məzunu

Giriş

Uca Allahın son vəhyi olan Müqəddəs Quran, hər şeyi haqqıyla bilən Allahın insanın hər iki dünyada səadətə qovuşması üçün ehtiyacı olan ən əsas məqamları açıqladığı kitabdır. Uca Allah buyurur:

﴿وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَاناً لِكُلِّ شَيْءٍ﴾

“…Biz Quranı sənə hər şeyi izah etmək üçün nazil etdik”

Müqəddəs Quran, 16:89

Quran Allahın kəlamıdır və bu Kitabın ilahiliyini və Muhammədin (Allahın salavat və salamı onun üzərinə olsun) peyğəmbərliyinin doğruluğunu sübut edən əsas möcüzələrdən biridir. Uca Allah bizə xəbər verir ki, heç kim Quranın bənzəri olan mükəmməl gözəl nəql üslubuna malik, lakonik və mükəmməl mənalı bir kitab qələmə ala bilməz. Uca Allah buyurur:

﴿قُلْ لَئِنِ اجْتَمَعَتِ الْإِنْسُ وَالْجِنُّ عَلَىٰ أَنْ يَأْتُوا بِمِثْلِ هَٰذَا الْقُرْآنِ لَا يَأْتُونَ بِمِثْلِهِ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيرًا﴾

“De (Ya Peyğəmbərim!): ‘Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər”.

Müqəddəs Quran, 17:88

 

Uca Allah Quranı insanlara bir rəhbər olaraq, onun ayələrinin mənaları üzərində düşünsünlər deyə nazil edib:

﴿كِتَابٌ أَنْزَلْنَاهُ إِلَيْكَ مُبَارَكٌ لِيَدَّبَّرُوا آيَاتِهِ وَلِيَتَذَكَّرَ أُولُو الْأَلْبَابِ﴾

(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də ondan ibrət alsınlar!”

Müqəddəs Quran, 38:29

Lakin, Quran ayələri üzərində doğru-düzgün düşünmək və onları anlamaq üçün, hər bir müsəlman Quranın doğru təfsirini öyrənməli və ona riayət etməlidir. Çünki, bütün müsəlman təriqət və firqələrin tək bir Qurana inanmasına baxmayaraq, Quran ayələrinin mənalarının müxtəlif təfsiri onların hamısını bir-birindən fərqləndirir. Quran təfsiri son dərəcə məsuliyyətli bir işdir. Çünki, təfsirçi Uca Allahın kəlamlarını şərh etdiyi iddiasındadır və bununla da, Onun adından danışmış olur. Əbu Bəkrin (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur:

Mən Allahın kitabını bilmədiyim bir şeylə təfsir etsəm, hansı göy məni kölgələndirər, hansı yer məni üstündə gəzdirər?!” 1.

Bu fakt, Allah haqqında yalan danışmamaq və zəlalətə düşməmək üçün Quranın doğru təfsirini öyrənməyin və bu işdə əməlisaleh sələflərin yolu ilə getməyin mühümlüyünə dəlalət edir.

Uca Allah buyurur :

﴿قُلْ إِنَّمَا حَرَّمَ رَبِّيَ الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ وَالْإِثْمَ وَالْبَغْيَ بِغَيْرِ الْحَقِّ وَأَنْ تُشْرِكُوا بِاللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَأَنْ تَقُولُوا عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ﴾

“De: ‘Rəbbim yalnız aşkar və gizli alçaq işləri , hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur”.

Müqəddəs Quran, 7:33

Quran təfsirinin növləri

Quran təfsirinin iki əsas növü mövcuddur:

  • Quranın rəvayətlərlə təfsiri (təfsir bil-mə’sur — التفسير بالمأثور)
  • Quranın rəy ilə təfsiri (təfsir bil rə’y — التفسير بالرأي)

Birinci növ təfsirin Quranın rəvayətlə təfsiri adlanmasının səbəbi odur ki, Quran ayələrinin mənası, insanın gəldiyi məntiqi nəticələrə əsasən yox,  Quran və Sünnə kimi mövcud rəvayətlərə müvafiq olaraq təfsir edilir. Quranın rəy ilə təfsiri ikinci təfsir növünə aiddir.

Bu təfsir növlərindən hər birini ayrı-ayrılıqda nəzərdən keçirək.

Quranın rəvayətlərlə təfsiri

Bu təfsir növü ən yaxşı təfsir növü hesab edilir. Bu təfsir növü, Quran mətnlərinin təfsiri zamanı ardıcıllığa riayət olunması mütləq hesab edilən 4 əsas kateqoriyaya bölünür:

  1. Quranla təfsir
  2. Sünnə ilə təfsir
  3. Səhabələrin təfsiri ilə təfsir
  4. Tabiinlərin təfsiri ilə təfsir

 

1. Quranın Quranla təfsiri – Quran ayələrinin digər Quran ayələri ilə təfsiridir.

Məsələn, necə ki, Uca Allah buyurur :

﴿وَالسَّمَاءِ وَالطَّارِقِ ، وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ ، النَّجْمُ الثَّاقِبُ﴾

“And olsun göyə və gecə gələnə! Sən nə bilirsən ki, gecə gələn nədir?!  O, (zülməti) yaran parlaq ulduzdur!”

Müqəddəs Quran, 86:1-3

Beləliklə, Uca Allah bu ayədə “gecə gələnin” nə məna daşıdığını Özü xəbər verir.

Həmçinin, Uca Allah buyurur :

﴿الَّذِينَ آمَنُوا وَلَمْ يَلْبِسُوا إِيمَانَهُمْ بِظُلْمٍ أُولَٰئِكَ لَهُمُ الْأَمْنُ وَهُمْ مُهْتَدُونَ﴾

“İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!”

Müqəddəs Quran , 6:82

Peyğəmbər (Allahın salavat və salamı onun üzərinə olsun) bu ayədəki “zülm” kəliməsinin şirk mənasını verdiyini və aşağıdakı ayə ilə təfsir olunduğunu bildirmişdri:

﴿إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ﴾

“…Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür!”

Müqəddəs Quran, 31:13

Buxari və Müslim öz hədis toplularında rəvayət ediblər ki, Uca Allah “ İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!” ayəsini nazil etdikdə, müsəlmanlar ümidsizliyə qapanaraq dedilər:

“Ey Allahın Elçisi! Bizlərdən kim öz imanını zülmə qarışdırmaz?”

Peyğəmbər (Allahın salavat və salamı onun üzərinə olsun) cavabında buyurmuşdur:

“O zülm sizin başa düşdüyünüz zülm deyildir. Bu zülm şirkdir (Allaha şərik qoşmaqdır). Heç Loğmanın sözünü eşitməmisinizmi:

﴿وَإِذْ قَالَ لُقْمَانُ لِابْنِهِ وَهُوَ يَعِظُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ ۖ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ﴾

 “…bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: ‘Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür!” (Müqəddəs Quran, 31:13).

Bəs bir ayənin digər ayənin təfsiri olduğunu necə bilmək olar? Bunu iki yolla öyrənmək olar: ya nəzərdən keçirdiyimiz iki nümunədə olduğu kimi vəhy vasitəsilə (Quran və Sünnənin köməyi ilə); ya da təfsirçinin ictihadı vasitəsilə. Birinci halda təfsiri qəbul etmək vacibdir və ayələri başqa cür təfsir etmək icazəli deyildir. İkinci halda isə, təfsir təfsirçinin ictihadının nəticəsi olduğu üçün qəbul olunmaya bilər.

2. Quranın Sünnə ilə təfsiri

Bu halda ayənin təfsirini Peyğəmbər (Allahın salavat və salamı onun üzərinə olsun)  özü edir və bu səbəbdən ayəni başqa cür təfsir etmək icazəli deyil. Axı Peyğəmbər (Allahın salavat və salamı onun üzərinə olsun) və Sünnə birlikdə Quranın təfsiridir. Uca Allah buyurmuşdur:

﴿وَأَنْزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ﴾

“Sənə də zikri nazil etdik ki, insanlara onlara nazil ediləni izah edəsən…”

Müqəddəs Quran, 16:44

Uca Allah Quranı ümumi öyüd-nəsihət kimi, Sünnəni isə bu öyüd-nəsihətin təfsilatlı təfsiri olaraq nazil etmişdir. Odur ki, imam əl-Əuzai (88-157-ci illər) demişdir:

“Sünnənin Qurana ehtiyacı olmasından daha çox, Quranın Sünnəyə ehtiyacı var” 2.

Beləliklə, Sünnə də Quran kimi Allahın vəhyidir. Uca Allah buyurur :

﴿وَمَا يَنْطِقُ عَنِ الْهَوَىٰ ، إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَىٰ﴾

“O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.”.

Müqəddəs Quran, 53:3-4

Həmçinin Peyğəmbər (Allahın salavat və salamı onun üzərinə olsun)  Sünnə ilə bağlı buyurmuşdur:

“Həqiqətən mənə Quran və onun misli (hədislər) verilmişdir…”  3

Quran təfsirinin bu növünə dair çoxsaylı nümunələr mövcuddur. Bircə nümunə ilə kifayətlənək. Uca Allah buyurur :

﴿لِلَّذِينَ أَحْسَنُوا الْحُسْنَىٰ وَزِيَادَةٌ﴾

“Yaxşı işlər görənlər üçün ən yaxşısı (Cənnət) və daha artıq mükafat gözləyir…”

Müqəddəs Quran, 10:26

Peyğəmbər (Allahın salavat və salamı onun üzərinə olsun) “artıq” sözünü Uca Allaha baxmaq şərəfinə nail olmaq kimi təfsir etmişdir. İmam Müslimin Suheyb ibn Sinandan rəvayət etdiyi uzun hədisdə  Peyğəmbər (Allahın salavat və salamı onun üzərinə olsun) buyurmuşdur:

“Cənnət əhli Cənnətə daxil olduğu zaman Allah Təbarəkə və Təalə belə buyuracaq: “İstəyirsinizmi sizə nə isə artırım?” Onlar deyəcəklər: “Sən bizim üzümüzü ağ etmədinmi?! Bizi atəşdən qurtarıb Cənnətə daxil etmədinmi?!” Bunun ardından Allah hicabı qaldıracaq. Artıq onlara özlərinin İzzətli və Qüdrətli Rəbbinə baxmaqdan daha əziz bir şey verilməyəcəkdir. Bundan gözəl mükafat ola bilərmi?”. Daha sonra Allahın

Elçisi aşağıdakı ayəni oxudu:

﴿لِلَّذِينَ أَحْسَنُوا الْحُسْنَىٰ وَزِيَادَةٌ﴾

“Yaxşı işlər görənləri ən yaxşısı (Cənnət) və daha artıq mükafat gözləyir”. (Müqəddəs Quran, 10:26).

Sünnə ilə Quran təfsiri müxtəlif yollarla edilə bilər:

А) Quranın mütləq hökmlərini şərtləndirir (təkyid əl-mütləq):

Uca Allah buyurur :

﴿يُوصِيكُمُ اللَّهُ فِي أَوْلَادِكُمْ ۖ لِلذَّكَرِ مِثْلُ حَظِّ الْأُنْثَيَيْنِ﴾

“Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür…”

Müqəddəs Quran, 4:11

Quranın bu hökmləri miras məsələsində ümumi məna kəsb edir və istisnasız olaraq bütün valideynləri və uşaqları əhatə edir. Lakin, Sünnədə bu hökmdən istisna bir hal mövcuddur. Belə ki, valideynlərdən biri kafir olduqda bu ayə həmin valideynlərə və onların uşaqlarına aid edilmir.

Peyğəmbər (Allahın salavat və salamı onun üzərinə olsun) buyurub:

“Kafirdən möminə miras qalmır, mömindən də kafirə miras qalmır” 4

B) Quranın ümumi hökmlərini konkretləşdirir (təxsis əl-ümum)

Uca Allah buyurur :

﴿وَالسَّارِقُ وَالسَّارِقَةُ فَاقْطَعُوا أَيْدِيَهُمَا﴾

Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq əllərini kəsin ”

Müqəddəs Quran, 5:38

Bu ayə 2 ümumi hökmə dəlalət edir:

Birincisi: oğurluğun miqyasından asılı olmayaraq istənilən oğrunun əlləri kəsilməlidir.

İkincisi: qollar bütünlüklə, çiyindən aşağı kəsilməlidir.

Lakin, Sünnə bu ayəni konkretləşdirir və dəlalət edir ki, əgər oğurlanmış əmlakın dəyəri dinarın dörddə-birindən azdırsa (bir dinar 4, 25 qram qızıla bərabərdir), o zaman bu cəza oğruya tətbiq edilmir. Peyğəmbər (Allahın salavat və salamı onun üzərinə olsun) buyurmuşdur:

“Oğrunun əli, yalnız dinarın dörddə biri və ondan çox məbləğdə oğurluqda kəsilər” 5.

Həmçinin, Sünnə bu ayəni konkretləşdirir və əlin yalnız biləkdən kəsilməli olduğuna işarə edir.

C) Quranın ümumi hökmlərini açıqlayır (təfsil əl-mücməl)

Məsələn, bir çox ayələrdə Uca Allah buyurur :

﴿وَأَقِيمُوا الصَّلَاةَ﴾

Namaz qılın”  (Müqəddəs Quran, 2:43).

Lakin, namazı necə qılmaq lazım olduğunu, namazın  hansı şərtləri olduğunu, namazı gündə neçə dəfə və hansı vaxtlarda qılmaq lazım olduğunu isə biz ancaq Peyğəmbərin (Allahın salavat və salamı onun üzərinə olsun) namazla bağlı bütün hökmlərin təfsilatlı açıqlamasını verdiyi Sünnə vasitəsilə öyrənməklə bilə bilərik. Peyğəmbər (Allahın salavat və salamı onun üzərinə olsun) buyurmuşdur:

“Namazı mənim qıldığım kimi qılın” 6.

D) Quranda aydın olmayanları açıqlayır (bəyan əl-mübhəm)

Uca Allah Məhəmməd Peyğəmbərə (Allahın salavat və salamı onun üzərinə olsun) üz tutaraq buyurur :

﴿وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَكَ عَسَىٰ أَنْ يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَحْمُودًا﴾

(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin sən təriflənən bir məqam bəxş etsin ”

Müqəddəs Quran, 17:79

Əgər Peyğəmbərin (Allahın salavat və salamı onun üzərinə olsun) Sünnəsinə müraciət etmədən Quranla məhdudlaşsaq, “təriflənən bir məqam” (ərəbcə “məqam-mahmud”) kəlməsinin nə məna kəsb etdiyi bizə aydın olmayacaq. Lakin, Sünnə “təriflənən məqam” kəliməsinin  Qiyamət günü öz sahibinə Qüdrətli Allahın qarşısında dəhşət və qorxu içində öz hesabını gözləyən bütün məxluqatı şəfaət etmək imkanı verən müstəsna bir məqam olduğunu açıqlayır. O vahiməli gün Allahın məxluqlar arasında haqq-hesaba başlaması və bütün möminləri bürüyəcək dəhşət və kədər hissini yüngülləşdirməsi üçün Onun qarşısında şəfaət etmə hüququ müstəsna olaraq yalnız Məhəmməd Peyğəmbərə (Allahın salavat və salamı onun üzərinə olsun) veriləcəkdir. İmam Buxari İbn Ömərdən (Allah onlardan razı olsun) rəvayət edir:

“Həqiqətən, Qiyamət günü insanlar dizləri üstündə (qorxu içində) gözləyəcəklər. Hər bir qövm öz peyğəmbərinin ardınca gedərək ona yalvaracaq: “Ey filankəs, bizə şəfaətçi ol”. Lakin,  bütün peyğəmbərlər bundan imtina edəcək, növbə Məhəmməd Peyğəmbərə çatacaq və məhz o, şəfaətçi olacaqdır. Allahın ona bəxş etdiyi təriflənən məqam da məhz budur”

Beləliklə, Quranın Sünnə ilə təfsirini öyrənmək üçün, bir qayda olaraq “Quranın təfsiri” adlı ayrıca fəslin yer aldığı hədis toplularına müraciət etmək lazımdır. Bu fəsildə toplunun müəllifi Quranın təfsiri ilə bağlı bütün hədisləri toplamağa çalışıb. Həmçinin, Quranın Sünnə ilə təfsirini öyrənmək üçün, hədis topluları kimi, Peyğəmbərin kamil isnada malik hədislərinin və səhabələrin sözlərinin toplandığı təfsir kitablarına müraciət olunur. Əsasən bu istiqamətdə İbn Cərir ət-Təbəri (224-310-cu illər) və İbn Kəsirin (701-774-cü illər) təfsirləri məşhurdur.

Qeyd: Sünnə dedikdə, biz Peyğəmbərin (Allahın salavat və salamı onun üzərinə olsun) yalnız səhih hədislərini nəzərdə tuturuq. Çünki, Qurandan fərqli olaraq, heç də bütün hədislər səhih deyil.

3. Səhabələrin təfsiri ilə Quran təfsiri

Şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) buyurur :

“Əgər sən ayənin təfsirini Quranda və Sünnədə tapmasan, bu halda səhabələrin təfsirinə üz tutmalısan. Ona görə ki, onlar bu məsələdə ən məlumatlı insanlardır. Çünki, onlar Quranın endirilməsinin və icra edilməsinin şahidləri olublar və səhih biliklərə sahibdirlər və dini tam şəkildə fəhm ediblər. Xüsusilə, səhabələr sırasından alimlərin və dörd rəşidi xəlifə və İbn Məsud kimi digər məşhur səhabələrin təfsirinə qayıtmaq lazımdır” 7.

Beləliklə, əgər biz ayənin təfsirini Quran və Sünnədə tapmırıqsa, o zaman Peyğəmbərin (Allahın salavat və salamı onun üzərinə olsun) səhabələrinin təfsirinə üz tutmalıyıq. Səhabələrin təfsiri çərçivəsindən kənara çıxaraq Quranı başqa cür təfsir etmək icazəli deyil. Bu, İbn Teymiyyənin açıqladığı iki səbəblə əlaqəlidir:

—  Onlar bu ümmətin ən elmli insanları idi. Çünki, elmi birbaşa Peyğəmbərdən (Allahın salavat və salamı onun üzərinə olsun) alıb və Quranın endirilməsinin şahidi olublar.

— Onlar Peyğəmbərdən (Allahın salavat və salamı onun üzərinə olsun) sonra bu ümmətin ən mömin, ən təqvalı insanları olublar.

Birinci fakta Quran və Sünnədən çoxsaylı dəlillər işarə edir. Məsələn, necə ki, Peyğəmbər (Allahın salavat və salamı onun üzərinə olsun) Quran təfsirçisi olması üçün Abdullah ibn Abbas üçün Allaha dua edərək demişdir:

“Ya Rəbb! Onu dində fəqih (anlayış sahibi) et və Kitabın (Quranın) təfsirini ona öyrət” 8.

Uca Allah öz Peyğəmbərinin duasını qəbul etdi və İbn Abbas Quranın ən elmli təfsirçilərindən birinə çevrilərək “Quranın mütərcimi” (“turcumən əl-Quran”) ləqəbini almışdır. Peyğəmbərin digər bir səhabəsi olan Abdullah ibn Məsud İbn Abbasın təfsir elminə dair dərin biliklərindən dolayı heyranlığını dilə gətirərək deyirdi:

“Quranın bu mütərcimi necə də gözəldir” 9.

Halbuki, İbn Məsud özü Allaha and içərək deyirdi:

“Özündən qeyri haqq ilah olmayana and olsun ki, Quranda nazil olma səbəbinin və nazil olma yerinin mənə məlum olmadığı bir surə və  bir ayə yoxdur”  10.

Peyğəmbərin (Allahın salavat və salamı onun üzərinə olsun)  səhabələrinin ən mömin və Allaha ən yaxın insanlar olduğuna gəldikdə isə, bununla da bağlı Quran və Sünnədə çoxsaylı dəlillər var. Uca Allah Peyğəmbərin səhabələrinin ünvanına aşağıdakı tərifləri yağdırmışdır:

﴿وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ وَالَّذِينَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي تَحْتَهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ﴾

“Dində hamını ötüb ke­çən ilk mü­hacirlərə və ənsarlara, həm­çinin yax­şı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razı­dır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağ­ları hazırlamışdır. Bu, böyük uğurdur”.

Müqəddəs Quran, 9:100

Həmçinin Peyğəmbər (Allahın salavat və salamı onun üzərinə olsun) buyurmuşdur:

“İnsanların ən xeyirlisi əsrimdəki müsəlmanlardır (yəni, səhabələr). Onlardan sonra ən xeyirliləri onlardan sonra gələnlərdir (yəni, tabiinlər). Onlardan sonra ən xeyirliləri isə onlardan sonra gələnlərdir (yəni, tabiinlərin tələbələri)” 11.

4. Tabiinlərin təfsiri ilə Quran təfsiri

Tabiinlər – Peyğəmbərin səhabələrini görüb, lakin, Peyğəmbərin (Allahın salavat və salamı onun üzərinə olsun) özünü görməyən müsəlmanlardır.
Tabiinlər – yuxarıda qeyd olunan hədisdə deyildiyi kimi, Peyğəmbərin səhabələrindən sonra ən xeyirli insanlardır. Şeyxulislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:

“Əgər ayənin təfsirini Quranda, Sünnədə və səhabələrin təfsirində tapmaq mümkün olmurdusa, belə olan halda bir çox imamlar tabiinlərin təfsirinə üz tuturdular” 12.

Məşhur təfsirçi tabiinlər arasında İbn Abbas, Əbu Hureyrə, İbn Məsud və İbn Ömər kimi məşhur alim səhabələrin tələbələri olmuş Mücahid, İkrimə, Qatədə, Səid ibn Cübeyr, Səid ibn Museyyib, Məsruk, Dəhhaq, Həsən əl-Bəsri, Ata ibn əbi Rabəh xüsusi ilə seçilir.

Ən görkəmli müfəssirlərdən və İbn Abbasın ən yaxşı tələbələrindən biri olan Mücahid demişdir:

“Mən hər ayədə dayanaraq onun mənasını soruşa-soruşa Quranı başdan sonacan üç dəfə İbn Abbasa oxumuşam” 13.

Lakin, tabiinlərin Quran təfsiri, səhabələrin təfsirindən geri qalır. Belə ki, səhabələrin təfsirinə zidd getmək qadağan olunub. Əgər tabiinlər hər hansı bir ayənin təfsirində ixtilafa düşüblərsə, ərəb dilinin qrammatikasına və ya İslamın ümumi prinsip və hökmlərinə əsasən bu ayəni fərqli cür təfsir etmək olar. İbn Teymiyyə ( Allah ona rəhmət etsin) demişdir:

“Əgər tabiinlər hər hansı bir məsələ ilə bağlı yekdil rəydədirlərsə, şübhəsiz ki, bu rəy haqqdır və ona zidd getmək icazəli deyil. Lakin, əgər onlar hər hansı bir məsələdə ixtilafa düşüblərsə, onlardan birinin rəyini digərinin rəyindən üstün tutmaq vacib deyil. Belə olan halda, səhih rəyin müəyyən olunması üçün Quranın təfsir üsuluna, Sünnəyə, ərəb dilinin qrammatikasıan və ya səhabələrin rəyinə müraciət etmək icazəlidir” 14.

Quranın rəy ilə təfsiri

Quranın bu təfsir növünün həddən artıq ciddi qaydaları və şərtləri var. Bu qayda və şərtlərə əməl etmədikdə, təfsirçi mütləq şəkildə ayənin təfsirində xətaya yol verəcək və bununla da ən böyük günahlardan birini işləmiş – Allah haqqında elmsiz danışmış olacaq. Uca Allah buyurur:

﴿قُلْ إِنَّمَا حَرَّمَ رَبِّيَ الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ وَالْإِثْمَ وَالْبَغْيَ بِغَيْرِ الْحَقِّ وَأَنْ تُشْرِكُوا بِاللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَأَنْ تَقُولُوا عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ﴾

“De: ‘Rəbbim yalnız aşkar və gizli alçaq işləri (zina etmək, lüt gəzmək və s.), hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur”.

Müqəddəs Quran, 7:33

Şeyx Muhamməd Bəzmul (Allah onu qorusun) Quranın rəy ilə təfsiri üçün aşağıdakı şərtləri qeyd etmişdir:

  1. Rəy ilə təfsir rəvayətlərlə təfsirə zidd olmamalıdır;
  2. Rəy ilə təfsir əvvəlki və sonrakı ayələrin mənasına müvafiq olmalı və ayələrin kontekstindən çıxarılmamalıdır;
  3. Rəy ilə təfsir hər hansı bir şəri əsasa zidd olmamalıdır;
  4. Rəy ilə təfsir ərəb dilinin qrammatikasına zidd olmamalıdır;
  5. Rəy ilə təfsir dində hər hansı bir yeniliyi (bidəti) dəstəkləməməlidir 15.

Yuxarıda sadalanan şərtlərə riayət edərək Quranın rəy ilə təfsirinə  nümunə olaraq Əhli-Sünnə alimlərinin aşağıdakı ayələrlə bağlı təfsirini misal gətirmək olar:

﴿كَلَّا إِنَّهُمْ عَنْ رَبِّهِمْ يَوْمَئِذٍ لَمَحْجُوبُونَ ، ثُمَّ إِنَّهُمْ لَصَالُو الْجَحِيمِ ، ثُمَّ يُقَالُ هَٰذَا الَّذِي كُنْتُمْ بِهِ تُكَذِّبُونَ﴾

“Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək! Sonra onlar Cəhənnəmə girəcəklər və (onlara) deyiləcək: ‘Budur sizin yalan hesab etdiyiniz (Cəhənnəm)!”

Müqəddəs Quran, 83:15-17

İmam Şafii (Allah ona rəhmət etsin) bu ayənin təfsirini aşağıdakı kimi vermişdir:

“Kafirlərlə Rəbbləri arasında pərdənin olması, möminlərin Onu görəcəyinə dəlalət edir” 16.

 

Bu ayələrin imam Şafii tərəfindən bu cür təfsiri həm rəy ilə təfsirin  yuxarıda sadaladığımız şərtlərinə müvafiqdir, həm də islam əqidəsinə və çoxsaylı Quran ayələrinə və səhih hədislərə tam müvafiqdir. İbn Kəsir bu ayənin təfsirində aşağıdakıları demişdir:

“İmam Şafiinin (Allah ona rəhmət etsin) bu gözəl təfsiri, bu ayənin diqqətli fəhminə əsaslanır. Bundan əlavə, bu təfsir həm də Uca Allahın digər sözlərinə də tamamilə müvafiqdir”:

﴿وُجُوهٌ يَوْمَئِذٍ نَاضِرَةٌ ، إِلَىٰ رَبِّهَا نَاظِرَةٌ﴾

“O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır!”.

Müqəddəs Quran, 75:22-23

“Həmçinin, möminlərin Qiyamət günü öz Rəbblərini görəcəklərinə dəlalət edən çoxlu saydı səhih hədis mövcuddur. Onlar Allahı həm Qiyamət günü, həm də Cənnət bağlarında öz gözləri ilə seyr edəcəklər”17.

Digər görkəmli Əhli-Sünnə alimi İbn Rəcəb (Allah ona rəhmət etsin) imam Şafiinin təfsirini tamamlayaraq daha irəli getmiş və bu ayələrdən Cəhənnəm əhli üçün ən qorxunc cəzanın onların öz Rəbblərindən pərdə ilə ayrılması və Onun cəmalını görməkdən məhrum olması olduğunu çıxarmışdır. İbn Rəcəb bu izahını Uca Allahın bu ayələrdə böyükdən-kiçiyə 3 cəza növünə işarə etdiyi faktına əsasən vermişdir. İbn Rəcəb öz “Cəhənnəm odu ilə qorxudulma və Cəhənnəm əhlinin halı ilə tanışlıq” kitabında “Cəhənnəm əhlinə verilən ən böyük cəza – Rəbbləri ilə aralarında pərdə çəkilməsi” adlı xüsusi bir fəsil ayırmışdır. Ardınca İbn Rəcəb yazır:

“Cəhənnəm əhlinə verilən ən böyük cəza, Rəbbləri ilə aralarında pərdənin çəkilməsi, Ondan uzaqlaşdırılmaları və Onun qəzəbinə düçar olmalarıdır. Cənnətdəki bütün həzzlərdən Cənnət əhlinə verilən ən böyük həzz isə Onun cəmalını seyr etmək imkanı olacaq. Uca Allah buyurub:

﴿كَلَّا إِنَّهُمْ عَنْ رَبِّهِمْ يَوْمَئِذٍ لَمَحْجُوبُونَ ، ثُمَّ إِنَّهُمْ لَصَالُو الْجَحِيمِ ، ثُمَّ يُقَالُ هَٰذَا الَّذِي كُنْتُمْ بِهِ تُكَذِّبُونَ﴾

“Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək! Sonra onlar Cəhənnəmə girəcəklər və (onlara) deyiləcək: ‘Budur sizin yalan hesab etdiyiniz (Cəhənnəm)!’.

Müqəddəs Quran, 83:15-17

Beləliklə, Uca Allah Cəhənnəm əhlinə veriləcək üç növ cəzanı xatırladır: Onunla aralarında pərdə çəkilməsi, sonra Cəhənnəmə düşmək, daha sonra isə onların dünya həyatında əl atdıqları hiylə və yalanların pislənməsi və üzə çıxarılması 18.

Yuxarıda sadaladığımız şərtlərə riayət etmədən Quranı rəy ilə təfsir etməyə gəldikdə isə, bu təfsir növünə doğru yoldan azmış müxtəlif təriqətlərin nümayəndələrində rast gəlmək olar. Bundan əlavə, hər hansı bir məhdudiyyət və qayda tətbiq edilmədən Quranı rəy ilə təfsir etmək, bütün təriqət və cərəyanların təfsir üsuludur. Məsələn, buna nümunə olaraq ifratçı sufilərin Uca Allahın aşağıdakı sözlərini təfsir etməsini misal gətirmək olar:

﴿وَاعْبُدْ رَبَّكَ حَتَّىٰ يَأْتِيَكَ الْيَقِينُ﴾

“Və sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et!”.

Müqəddəs Quran, 15:99

İfratçı sufilər bu ayəyə və daha sonra öz ağıllarına əsaslanaraq iddia edir ki, insan ibadətlərdə cidd-cəhd göstərməklə “yəqinlik halına” çatmağa qadirdir və bundan sonra onun üzərindən namaz qılmaq və digər ibadətlər düşmüş olur. Bu rəy ilə təfsir  yuxarıda sadalanan vacib şərtlərə müvafiq deyil, çünki, İslamın əsaslarına ziddir, dinə yenilik gətirir və səhih rəvayətlərin təfsirinə müxalifdir.

Nəticə

Bu məqalədə biz Allahın iznilə Quran təfsirinin növlərini və onlarla bağlı əsas qaydalar və şərtləri öyrəndik. Lakin, bu qaydaları öyrənmək sıravi müsəlmana heç bir halda Quranın təfsirinə başlamaq hüququ vermir. Əksinə, bu məqaləni tərtib etməklə onu vurğulamaq istəyirdik ki, Quran təfsiri çoxsaylı rəvayətlərin, ərəb dilinin qrammatikası və üslubunun dərin şəkildə fəhm edilməsi və İslam əqidəsi və İslam hüququnun  ümumi şəkildə öyrənilməsinə əsaslanan mürəkkəb və dəqiq bir elmdir. Bu, ona dəlalət edir ki, bu nəcib işlə yalnız nüfuzlu İslam alimləri və ya güclü elm tələbələri məşğul ola bilər.

Bu məqalənin tərtib edilməsində əsas məqsəd, səhih Quran təfsirinin şərtlərinin açıqlanmasıdır ki, müsəlmanlar düzgün təfsiri, müxtəlif təriqətlərin ardıcıllarının və savadsız müsəlmanların əl atdığı əsassız təfsirdən ayıra bilsin.

Uca Allahdan müsəlmanları cəhalət zülmətindən və bidətdən İslam və Sünnə işığına çıxarmasını diləyirəm. Həqiqətən, Uca Allah öz qullarının duasını eşidir və  cavab verir.

Hazırladı: Ramin Mütəllim

“SunnaPortal.com” saytından tərcümə olunub.

 

 

Əsas mənbələr: 

  1. “Usul fi ət-Təfsir”, Muhamməd ibn Salih əl-Useymin
  2. “ Muqaddimə fi usul ət-Təfsir”, şeyxülislam İbn Teymiyyə
  3. “Şərhu Muqaddimə fi usul ət-Təfsir ”, Muhamməd ibn Salih əl-Useymin
  4. “ Şərhu Muqaddimə fi usul ət-Təfsir ”, Muhamməd ibn Ömər Bəzmul
  5. “ Şərhu Muqaddimə fi usul ət-Təfsir ”, Muhamməd ibn Qalib əl-Umari
  6. “Təfsir əl-Quran əl-Azim”, Hafiz İbn Kəsir

Qeydlər:

  1. “Muqaddimə Təfsir İbn Teymiyyə ”, səh. 32.
  2. “Əl-Ədəb əş-Şəriyyə” 307/2.
  3. Əbu Davud; şeyx Əlbani hədisin səhihliyini təsdiqləyib.
  4. Buxari, Müslim.
  5. Buxari.
  6. Buxari.
  7. “ Muqaddimə Təfsir İbn Teymiyyə ”, səh. 27.
  8. Buxari, Müslim.
  9. “Fədail əs-Səhab”: 2/845.
  10. Müslim.
  11. Buxari, Müslim.
  12. “ Muqaddimə Təfsir İbn Teymiyyə ”, səh. 30.
  13. “Muqaddimə Təfsir İbn Teymiyyə ”, səh. 30.
  14. “Muqaddimə Təfsir İbn Teymiyyə”, səh. 31.
  15. “ Şərhu Muqaddimə fi usul ət-Təfsir ”, səh. 25-26.
  16. “Təfsir İbn Kəsir”, 600/4.
  17. “Təfsir İbn Kəsir” 653/4.
  18. “Ət-Təxvif min ən-Nər və ət-Tərif bihəl Dar əl-Bəvar”, səh.195-196.