Əqidə Şiələr Sual-cavab Tural Yusubov Xəvariclər

Səhabələr əqidədə ixtilaf ediblərmi?

Rəhman və Rəhim olan Allahın adı ilə.

Aləmlərin Rəbbi olan Allaha həmd olsun, Allahın sayıb-seçdiyi qullarına salamı olsun. Şəhadət verirəm ki, Ondan başqa ibadətə haqlı olan məbud yoxdur, təkdir, şəriki yoxdur və şəhadət verirəm ki, Muhəmməd Allahın Qulu və Rəsuludur ﷺ.

Bu risalə aşağıdakı fəsillərdən ibarət olacaqdır:

  • 1- Səhabələr əqidədə ixtilaf ediblərmi?
  • 2- Ibn Abbas “ayaq” (səq) sifətini təvil edibmi?
  • 3- Əli, ibn Məsud, Əbu Musə və Ummu Sələmə (Allah onlardan razı olsun) bəzi sifətləri təvil ediblərmi?
  • 4- Imam Əhməd bəzi sifətləri təvil edibmi?
  • 5- Sifətləri təvil edəönlər barədə Əhli Sünnənin mövqeyi;
  • 6- Sifət ayətləri və hədislərini avamlara danışmaq icazəlidirmi?

Indi isə birinci mövzuya – Səhabələr (Allah onlardan razı olsun) əqidədə (xüsusən də ad və sifətlərdə) ixtilaf ediblərmi? – başlayaq.

 Səhabələr (Allah onlardan razı olsun) vəhyin hər iki növündə – Kitab və Sünnədə gələn Allahın ad və sifətlərinə bağlı olan bütün nasları qəbul etmiş və onlara tam şəkildə təslim olmuş, bunların mənalarını başa düşməkdə onların arasında heç bir qarşıdurma, ixtilaf və anlaşmazlıq baş verməmişdir. Həmçinin onlardan heç bir kəs ad və sifətlərin mənaları barədə Peyğəmbərə (Allahın ona salamı və salavatı olsun) heç bir sual da verməmişdirlər. Çünki Quran və Sünnə açıq-aydın ərəb dilində nazil olmuş, səhabələr də bu dili ən gözəl və ən səlis formada bilənlər idilər. Buna görə də onlar Allah və Rəsulunu ən tam, ən kamil bir formada başa düşənlər idilər. Buna görə də səhabələr Allahın ad və sifətlərindən murad olanın Allahın kamilliyinə və əzəmətinin ucalığına layiq formada ad və sifətlərin zahiri olması üzərində icma etdilər və aralarında heç bir ixtilaf baş vermədi. Furu (törəmə) məsələlərdə isə ixtilaflar baş vermişdir.

Kim başda Muhəmmmədin (Allahın ona salamı və salavatı olsun) səhabələri olmaqla əvvəlki nəsil olan sələflərə Allahın sifətlərində təvil etmələrini (yozum verərək onları zahiri mənalarından başqa mənalara çıxarmalarını) nisbət edərsə, artıq onların adından yalan danışmış, onlara zülm etmiş və yalandan onların təvil toruna düşdükləri barədə onlara iftira atmış olar.

Imam ibn Abdulbər (Allah ona rəhm etsin) demişdir:

“Əhli Sünnə Quranda və Sünnədə varid olan bütün sifətlərin hamısını iqrar etmək, onlara iman gətirmək və onları məcazi mənaya yox, həqiqi mənaya daşımaq üzrə icma etmişlər.”[1].

Artıq şeyxülislam ibn Teymiyyə bütün firqələrə meydan oxuyaraq onların hamısını çağırmışdır ki, səhabələrin hər hansı birindən Allahın hər hansı bir sifətini təvil etməsi barədə bircə nass gətirsinlər, onların hamısı bundan aciz qalmışlar.

Şeyxülislam (Allah ona rəhm etsin) demişdir:

“Bunda – yəni “Vasitiyyə əqidəsində” – hər hansı bir şeydə özümə müxalif olanlara üç  il vaxt verdim ki, Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) “Ən xeyirli əsr mənim göndərildiyim əsr, sonra onlardan sonra gələnlər, sonra da onlardan sonra gələnlərdir” deyə təriflədiyi əvvəlki üç fəzilətli əsrdən mənə bircə kəlmə söz gətirsinlər.”[2].

Həmçinin demişdir:                   

“Səhabələrdən nəql olunmuş təfsirlərə, rəvayət etdikləri hədislərə və yüzdən çox irili-xırdalı təfsirlərə baxdım, səhabələrdən kimsənin sifət ayətlərindən hər hansı birini öz bilinən, tanınan, başa düşülən  mənasından çıxararaq təvil etməsini bu vaxtadək görmədim. Əksinə onlardan varid olan bu nasları təqrir etmək və isbat etməkdir.”[3].[4].

Həmçinin demişdir:

Səhabələr (Allah onlardan razı olsun) … əslən Islamın əsaslarından heç bir şeydə ixtilaf etməmişlər: nə sifətlərdə, nə qədərdə, nə ad və hökm (“əsma və əhkam”) məsələlərində[5](5), nə imamət məsələlərində… ixtilaf etməmişlər. Əksinə onlar, Allah Özü barədə xəbər verdiyi sifətləri isbat edirdilər.”[6].

Imam ibn Qeyyim (Allah ona rəhm etsin) demişdir:

“Səhabələr sifət ayətləri və xəbərləri barədə heç bir yerdə ixtilaf etməmişlər, əksinə onların və onlardan sonrakı tabeinlərin sözləri bu sifət ayətlərinin mənalarını fəhm edib, həqiqətlərini isbat etməklə yanaşı onları iqrar edib, gəldiyi kimi qəbul etmək üzərə ittifaq etmişdir.”[7]

Həmçinin demişdir:

“Bu vaxta qədər səhabələrin heç birindən bilinməmişdir ki, mütəşabih ayətlər sifət ayətləridir. Əksinə onlardan nəql olunanlar bunun əksini göstərir. Onlar bu məsələlərin heç birində ixtilaf etmədikləri halda sifət ayətləri onlara görə necə mütəşabih ola bilər?!”[8].

Alləmə Məqrizi (845 hc) (Allah ona rəhm etsin) demişdir:

“Səhabələr (Allah onlardan razı olsun) Allahın Öz Kərim olan Nəfsi üçün isbat etdiyi Üz, Əl və digər sifətləri isbat etmiş, Onun məxluqata bənzəməyini də inkar etmişlər. Onlar (Allah onlardan razı olsun) sifətləri bənzətməyərək (təşbih etmədən) isbat etmiş, inkar (tatil) etmədən tənzih etmişlər (nöqsanlardan, ayıblardan uzaq tumuşlar). Bununla belə onlardan heç bir kəs bu sifətlərdən hər hansı birini təvil etməyə məruz qalmamış və cəm halda, icmalıqla sifətləri varid olduğu kimi götürməyi görmüşlər.”[9].

Hörmətli imam Abdulaziz ibn Bəz (Allah ona rəhm etsin) demişdir:

“Əvvəlki nəsil sələflərin yalnız bir məzhəbi olmuşdur ki, o da Əhli Sünnə val-Cəməanın məzhəbidir, yoludur. Bunlar da səhabələr(Allah onlardan razı olsun) və xeyir əməllərdə onlara tabe olanlardır. Bu məzhəb ən salamat, ən elmli və ən möhkəm məzhəbdir. O biri başqa məzhəb isə sonradan gələn məzəmmət olunmuş xələflərin məzhəbidir ki, bu da təvil, təhrif və batil mükəlləfiyyətlər məzhəbidir.”[10].

Alləmə ibn Useymin (Allah ona rəhm etsin) demişdir:

“Bu  ümmətin əvvəlkiləri olan saleh sələflər Allah Özü üçün və Rəsulunun da Onun üçün isbat etdiyi sifətləri isbat etməkdə, bu nasları heç bir təvil etmədən Allaha layiq şəkildə, öz zahiri üzərində daşımaqda icma etmişlər. Onlar tabe olunmağa ən layiqlilərdir.”[11](11).

Həmçinin demişdir:

“Bununla da, Əhli Sünnə təvil əhlinin yolunun əksi üzərində icma etmələri bəyan olur və onların icmaları hüccətdir.”[12].

Elmi araşdırmalar və fətva komitəsinin alimləri demişlər:

“Bu şəkildə Əhli Sünnə vəl-Cəməatı iki dəstəyə ayırmaq doğru deyildir. Bunun da bəyanı budur ki, səhabələr (Allah onlardan razı oslun) istər əqidədə, istərsə də siyasətdə vahid, bir ümmət idilər. Hətta Osmanın (Allah ondan razı olsun) xilafəti vaxtında siyasətdə ixtilaflar ortaya çıxsa da bu ixtilaflar əqidədə deyildir.”[13].

Və deyirlər ki:

“Bununla da bilinir ki, Əhli Sünnə vəl-Cəməatın iki yox, yalnız bir məktəbi, bir mədrəsəsi vardır ki, buna da yardım edənlər, buna da dəvət edənlər onların yolunu tutub gedənlərdir…”

Və mən də deyirəm ki, nə üçün bidət əhli ən rəzil və ən alçaq insanların etməkdən xəcalət çəkdiyi bu murdar işləri görürlər?
Ağızlarından çıxan söz necə də ağırdır. Onlar yalandan başqa bir şey danışmırlar.[14] Onların daşıdıqları (şey) necə də pisdir![15].

Ey oxucu, bilirsənmi bidət əhli öz oxlarını kimə tuşlamışlar?
Onlar öz oxlarını Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) səhabələrinə tərəf tuşlamışlar, onları Allahın sifətlərini təvil etməkdə ittiham edirlər. (Ey bu etiqadın sahibi, ey səhabələri əqidədə ixtilaf etməkdə ittiham edən kəs!) Bu tənlərdən xəcalət çəkmirsənmi? Peşman olub Rəbbinə sadiq, səmimi bir tövbə ilə tövbə etmirsənmi? Bilirsənmi sən bu əməlinlə xətadan məsum icmaya müxalif olursan! Səhabələrin icmalarını nəql edən alimlərin sözlərini onlara təvil ittihamını atmaqla saxtalaşdırırsan.

Ardı var….
T.Yusubov.
Müəllif: şeyx Arafat Muhəmədi.

[1] “ət-Təmhid” 7/145 (Məğribiyyə çapı)
[2] Ibn Abdulhədinin “əl-Uqudu əd-durriyyə” kitabı 235.
[3] “Məcmuu fətəva” 6/394, buna bənzəri də “Minhəcu əs-sünnə”-də 6/336.
[4] Dünyanın bütün təfsirlərini oxuyan, geniş mütaliyə sahibi olan şeyxülislam ibn Teymiyyəni tösdiqləyək, yoxsa cəhalət və həva sahiblərini? Əgər bilirsinizsə, (deyin görək) bu iki dəstədən hansı əmin olmağa daha layiqdir? (Ənam-81)
[5] Mömin, təkfir, təbdi, təfsiq və sairə kimi ad və hökm məsələləri. Bu məsələlərdə ən birinci ixtilaf xavariclərdən, sonra isə mötəzilə və murciyə kimiazğın firqələrdən baş vermişdir (tərc.)
[6] “Minhəcu əs-sünnə” 6/336.
[7] “əs-Savaiq əl-mursələ” 1/210.
[8] “əs-Savaiq əl-mursələ” 1/213.
[9] “əl-Xutatu əl-Məqriziyyə” 2/356.
[10] “Məcmuu fətəva ibn Bəz” 3/63-64.
[11] “Məcmuu fətəva ibn Useymin” 1/235 (Fəhd Suleymaninin təhqiqilə Dərus-suryə mətbəəsi).
[12] “Məcmuu fətəva ibn Useymin” 1/236 (Fəhd Suleymaninin təhqiqilə Dərus-suryə mətbəəsi).
[13] “Fətəva ləcnə” 3/237-239, 5082 nömrəli fətva.
[14] Kəhf surəsi 5
[15] Ənam surəsi 31.