İbn Kəsir əd-Dəməşqinin “əl-Fusul Fi Siyrati-r-Rasul” əsərindən Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyatından bəhs edən tərcüməni ‏təqdim edirik:

Muhəmmədə (ona Allahın salavatı və salamı olsun) peyğəmbərliyin verilməsi

Uca Allah Muhəmmədi bütün bəşəriyyətə elçi göndərməklə bəndələrinə mərhəmət və lütf göstərmək istədikdə, tənhalıqda qalmağı ona sevdirdi. O, Hira mağarasında təkbaşına ibadət edirdi. O vaxtın ibadət edənləri ibadətlərini bu yolla edərdilər.

Hira mağarasında olarkən Ramazan ayında anidən ona Haqq nidası gəldi. Həmin vaxt onun qırx yaşı var idi. Mələk ona görsənib dedi: “Oxu!” O dedi: “Mən oxumağı bacarmıram!” Bu zaman o, məni taqətim kəsilənədək sıxıb buraxdı və dedi: “Oxu!” Mən yenə də: “Oxumağı bacarmıram!” – dedim. O ikinci dəfə məni nəfəsim kəsilənədək sıxıb buraxdı və dedi: “Oxu!” Mən yenə də: “Oxumağı bacarmıram!” – dedim. O üçüncü dəfə məni taqətim kəsilənədək sıxıb buraxdı və dedi: 1 – Yoxdan yaradan Rəbbinin adı ilə oxu! 2 – O, insanı laxtalanmış qandan yaratdı. 3 – Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! 4 – O Rəbbin ki, qələmlə(yazmağı) öyrətdi. 5 – (O Rəbbin ki,) insana bilmədiklərini öyrətdi.” (əl-Ələq). Bu hadisədən sonra o, ürəyi əsə-əsə həmin ayələrlə geri qayıdıb Xədicənin evinə daxil oldu və dedi: “Mən başıma iş gələcəyindən qorxdum.” Xədicə (Allah ondan razı olsun) ona ürək-dirək verib dedi: “Xeyr! Allaha and olsun ki, Allah səni heç vaxt rüsvay etməz. Çünki sən qohumluq əlaqələrini qoruyur, doğru danışır, zəiflərə əl tutur və haqqa xidmət edən işlərdə yardımçı olursan…” Xədicə onun bir çox gözəl xüsusiyyətlərini sadaladı. Bu ifadələrlə Xədicə onun dediklərini təsdiqləyir, ona ürək-dirək verir, haqq işdə kömək edirdi. Onun peyğəmbərliyini ilk təsdiq edən elə Xədicə olmuşdur. Allah ondan razı olsun və Öz lütfünü ona əta etsin.

Bu hadisədən sonra Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) qeyri-adi heç nə görmədi və vəhy bir müddət gəlmədi. Allahın vəhyinə qarşı yaranan sevgi hissləri ilk vəhyin həsrətini çəkməyə və onu kədərlənməyə vadar edirdi.

Deyilənə görə vəhyin fasiləsi iki il və ya daha çox olmuşdur. Sonra yer ilə göy arasında kürsü üzərində oturmuş mələk ona görsəndi. Mələk ona ürək-dirək verib onun Allahın haqq elçisi olduğunu bildirdi. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onu görüb qorxdu və Xədicənin yanına gedərək: “üstümü örtün, məni bürüyün!” – deyərək müraciət etdi. Sonra uca Allah bu ayələri nazil etdi: 1 – Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)! 2 – Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! 3 – Öz Rəbbini uca tut! 4 – Libasını təmizlə! (əl-Muddəssir).

Birinci hadisə peyğəmbərliyin verilməsi və vəhyin başlanğıcı idi. Bu ayələrdə isə uca Allah ona öz qövmünü xəbərdar etməyi və Allaha çağırmağı əmr edirdi. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) məsuliyyətini dərk edərək üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirdi. O böyük-kiçik, azad-kölə, kişi-qadın, qara-qırmızı demədən hər kəsi Allahın yoluna dəvət edirdi. Beləliklə hər qəbilədən onun dəvətini qəbul edənlər oldu.

Dəvəti ilk qəbul edənlər Əbu Bəkr və Abdullah bin Osman ət-Teymi olmuşdur. Allah onlardan razı olsun.Onlar Allahın dinində ona yardımçı olmuş və onunla birlikdə bəsirətlə Allaha dəvət edirdilər. Osman bin Əffan, Talha bin Ubeydullah və Səd bin Əbu Vaqqas Əbu Bəkrin dəvəti ilə İslamı qəbul etmişdilər.

Əli (Allah ondan razı olsun) isə səkkiz yaşında uşaq ikən islamı qəbul etmişdi. Bəziləri deyirlər ki, o Əbu Bəkrdən öncə islamı qəbul etmişdi. Digərləri isə bunun əksini söyləmişlər. Hər halda (ailə üzvlərinin yaxınlığını nəzərə alsaq (tərc.)) Əlinin (Allah ondan razı olsun) islamı qəbul etməsi Əbu Bəkrin (Allah ondan razı olsun) islamı qəbul etməsi ilə eyni deyildi. Çünki Əli (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) himayəsində idi. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) əmisi Əbu Talibin ailəsinin böyüklüyünü və dolanışıqlarının çətinliyini nəzərə alaraq Əlini öz himayəsinə götürmüşdü.

Xədicə və Zeyd bin Harisə də islamı qəbul edənlərdən idi.
Həmçinin keşiş Varaqa bin Novfəl də islamı qəbul etmiş, nazil olmuş vəhyi təsdiqləmişdi. Hətta ilk dəfə vəhy nazil olanda “kaş ki, gənc olub sənə kömək edərdim!” – deyərək, arzu etmişdi. Tirmizi rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) röyasında onu gözəl simada görmüşdü. Başqa hədisdə isə deyilir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Mən keşişi əynində ağ lisabla gördüm.”Buxari və Muslimin “Səhih” kitabında rəvayət olunur ki, Xədicə onu Varaqanın yanına aparanda Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) başına gələnləri və gördüyünü ona danışdı. O isə cavabında dedi: “Bu İmran oğlu Musaya gələn mələkdir.”

Allahın köksünü genişlətdiyi bəndələri dərk edərək nur və bəsirət üzərində islamı qəbul etdilər. Məkkənin səfehləri isə buna görə onlara əzab-əziyyət, işgəncə verməyə başladılar. Uca Allah Peyğəmbərini (ona Allahın salavatı və salamı olsun) əmisi Əbu Talibin səbəbi ilə qorudu. Çünki Əbu Talib qövmü arasında böyük hörmət sahibi, sözükeçən idi. Onlar onun Muhəmmədə (ona Allahın salavatı və salamı olsun) olan sevgisini bildikləri üçün onun barəsində onunla açıq danışa bilmirdilər. Əbu Talibin öz qövmünün dinində qalması da Allahın bir hikməti idi. Çünki bu işin məsləhəti belə idi. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) gecə-gündüz, gizlidə və aşkarda Allaha dəvət edir, amma heç kəs ona mane ola bilmir, heç kəsin qınağı onu Allah yolundan çəkindirmirdi.

«SələfXəbər» redaksiyası tərəfindən İbn Kəsir əd-Dəməşqinin “əl-Fusul Fi Siyrati-r-Rasul” əsərindən tərcümə edilmişdir.

Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyatı – BİRİNCİ HİSSƏ