Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) zövcələri Allahı,
Onun Rəsulunu və Axirəti dünyadan üstün tutur

Şübhə yoxdur ki, Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) dünya nemətlərini və onun bər-bəzəyini Allahın izni ilə əldə etməyə qadir olmasına baxmayaraq onlardan uzaq durmuşdu. Sözsüz ki, xüsusən Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gücü yetə biləcək belə bir həyat tərzi digərlərinə olduğu kimi onun həyat yoldaşlarına da ağır gəlmişdi. Ona görə də Aişə anamız (Allah ondan razı olsun) rəvayət edərək deyir: Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) zövcələrinə seçim vermə əmr olunduğu zaman məndən başlayaraq dedi:
“Mən sənə bir şey deyəcəyəm. Valideynlərinlə danışmamış (cavab verməkdə) tələsmə. Aişə (Allah ondan razı olsun) deyir ki, o bilirdi ki, valideynlərim mənə ondan ayrılmağı əmr etməzdilər. Sonra dedi: Allah Təala buyurur:
“Ey Peyğəmbər! Zövcələrinə belə de: “Əgər siz dünya həyatını və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verim və (sonra da) gözəl bir tərzdə (Allahın buyurduğu qayda üzrə) boşayım! Yox, əgər Allahı, Onun Rəsulunu və axirət yurdunu istəyirsinizsə, (bilin ki) Allah sizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat (Cənnət) hazırlamışdır”. (“əl-Əhzab” 28-29).
Dedim: Bunun nəyində valideynlərimlə danışım?! Mən Allahı, Onun Rəsulunu və Axirət evini istəyirəm. O deyir ki, sonra Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) zövcələri də mən etdiyim kimi etdilər”. (Buxari və Müslim).

Əlbəttə ki, bu ayə ilə sübut olunur ki, ayə haqlarında nazil olan Aişə (Allah ondan razı olsun) də daxil olmaqla Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bütün zövcələri Allahı, Onun Rəsulunu (Allahın ona salavat və salamı olsun) və Axirəti seçdiklərinə görə əsl iman sahibidirlər. Çünki əks olardısa hər şeydən xəbərdar olan Uca Rəbbimiz Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun) onların sözlərində sadiq olmadıqlarını bildirərək boşamasını əmr edərdi. Lakin hamımıza məlumdur ki, onların heç birini boşamayıb.

Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) Uca Allahın ayəsini çatdırmaqda ilk olaraq Aişədən (Allah ondan razı olsun) başlaması da onun fəzilətinin xüsusiliyinə digər bir sübutdur.
Həmçinin də Aişə anamızın (Allah ondan razı olsun) yaşının az olmasına baxmayaraq zəngin valideynindən kasıb Peyğəmbərlə (Allahın ona salavat və salamı olsun) qalıb-qalmamağını soruşmağa belə ehtiyac duymaması onun ağlının böyüklüyünə və imanının güclülüyünə dəlalət edir.

Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) zövcələri Cənnətlikdirlər

Uca Rəbbimiz Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) zövcələrinə birbaşa xitab edərək, əgər onlar, Allahı, Onun Rəsulunu (Allahın ona salavat və salamı olsun) və Axirət evini seçərlərsə yaxşı iş görmüş olduqlarını və bununla da Cənnəti qazandıqlarını bəyan edərək buyurmuşdur:
“Yox, əgər Allahı, Onun Rəsulunu və axirət yurdunu istəyirsinizsə, (bilin ki) Allah sizlərdən yaxşı işlər görənlər üçün böyük bir mükafat (Cənnət) hazırlamışdır”. (“əl-Əhzab” 29).

Peyğəmbərlə (Allahın ona salavat və salamı olsun) yaşamağı seçən qadınlara mükafat olaraq
onları boşamaq və digərləri ilə evlənmək ona qadağan edildi

Keçən ayədə qeyd edildiyi kimi möminlərin anaları (Allah onlardan razı olsun) hər bir insana xüsusən də qadına xoş gələn dünya nemətlərini deyil, məhz Allahı, Onun Rəsulunun sadə yaşam tərzini və axirət həyatını seçdiklərinə görə Uca Rəbbimiz də onları bunun əvəzində mükafatlandıraraq onlardan razı qalmış, Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) ilə əbədi qalmalı olduqlarını hökm etmiş və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) də onları boşamasını qadağan edərək buyurmuşdur:
“Bundan sonra (bu zövcələrindən əlavə) sənə (başqa) qadınlar halal olmaz. Bunları, gözəllikləri xoşuna gəlsə də, başqa qadınlarla dəyişmək olmaz. Sahib olduğunuz cariyələr isə istisnadır. Allah hər şeyə nəzarət edəndir!” (“əl-Əhzab” 52).

Beləliklə onlar Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) seçdikləri üçün Allah Təala da Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun) onlardan digərlərini seçməyə icazə verməmişdir. Şübhəsiz ki, hər bir kəsin keçmiş və gələcəyini bilən Uca Rəbbimiz onları sevib onlardan razı qalmasaydı, Peyğəmbəri ilə həmişəlik yaşamalarını layiq bilməyərək bir-birilərindən ayırardı. Necə ki, Lutu (Allahın ona salamı olsun) öz yoldaşından ayıraraq buyurmuşdur:
“Elçilərimiz (mələklərimiz insan şəklində) Lutun yanına gəldikdə o, onlara görə kədərləndi və ürəyi sıxıldı. Onlar dedilər: “Qorxma və kədərlənmə! Biz səni və sənin ailəni xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq”. (“əl-Ankəbut” 33).

Həmçinin İbrahim Peyğəmbər (Allahın ona salamı olsun) də Məkkədə oğlu İsmayılı (Allahın ona salamı olsun) ziyarətə gələrkən onun yoldaşının narazılıq göstərərək kasıbçılıqdan şikayət etdiyini və elə qadının İsmayıl (Allahın ona salamı olsun) kimi Peyğəmbərə layiqli olmadığını hiss etdiyi üçün həmin qadını boşamasına işarə edir və o da yoldaşını boşayır. Lakin hər şeydən xəbərdar olan Aləmlərin Rəbbi isə bu hadisələrin tam əksini edərək Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) imtahandan müvəffəqiyyətlə keçən zövcələrini boşamamasını əmr etmiş və hətta onları daha da şərəfləndirərək “möminlərin anaları” adlandırmışdır. 

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb

Möminlərin anaları – Birinci hissə