Məqalələr Qamət Süleymanov Radikallıq və terrora münasibət

Əbu Bəkr məscidinin partladılmasından 7 il ötür – Şeyx Qamət Süleymanla Eksklüziv Müsahibə

Əbu Bəkr məscidinə qarşı törədilmiş məlum terror aktından yeddi il ötür. Bilirik ki, 2008-ci il avqustun 17-də məscidə atılmış əl qumbarası nəticəsində iki nəfər şəhid olmuş, bir neçə nəfər yaralanmışdı. Məsələ ilə bağlı Əbu Bəkr məscidinin İmamı Şeyx Qamət Süleymanın müsahibəsini təqdim edirik.

Möhtərəm Şeyx məsələ ilə əlaqədar bir neçə sualımız var, xahiş edərdik onları cavablandırasınız.

– Sizcə bu terror hadisəsi məscidə qarşı törədilmişdi, yoxsa Sələfi dəvətini yox etmək üçün?

– Onların məqsədi həm məscidə, həm də sələfi dəvətinə zərbə vurmaq idi. Çünki radikallar yaxşı bilirdilər ki, biz sələfilər onların dedikləri radikal fikirləri rədd edir və onlara qarşı maarifləndirmə yolu ilə mübarizə aparırdıq. Onlar bizim bu fəaliyyətimizin qarşılarındakı ən böyük əngəl olduğunu bildikləri üçün bu iyrənc işə, cinayətə əl atdılar. Namaz vaxtı, insanlar Allaha səcdə edən məqamda xainlik edərək məlum hadisəni törətdilər.

– Bu hadisəni törədənlər öz məqsədlərinə çatdılarmı?

– Ümumiyyətlə bu cür təfəkkür sahibləri bilməlidirlər ki, bununla onlar öz məqsədlərinə çata bilməyəcəklər. Tarix də sübut edir ki, onlar heç vaxt öz məqsədlərinə çata bilməyiblər. Onlar daim fitnə-fəsad törətməklə cəmiyyətdə xaos yaratmaq istəyiblər. Məscidləri partlatmaq, günahsızları qətlə yetirmək kimi vəhşilikləri də xaos yaratmağa xidmət edir. Lakin sələfilər daim radikallığa qarşı mübarizə aparmış və biz də bu gün öz imkanlarımız daxilində – moizələr, müsahibələr və dərslər vasitəsi ilə radikallıqla mübarizəni davam etdiririk. Ona görə də onlar heç vaxt öz məqsədlərinə nail ola bilməyəcəklər.

– Sələfilər daim özlərinin terror və ekstremizmə qarşı olduqlarını bildiriblər. Bu sahədə hansı addımlar atırsınız?

– Bizim radikallığa qarşı mübarizəmiz maarifləndirmə yolu ilə həyata keçirilir. Sələfilər daim bu üsulla onlara qarşı mübarizə aparıblar.

– Sizcə Azərbaycanda ekstremizmə qarşı mübarizəni gücləndirmək üçün məscidin nə kimi rolu ola bilər?

– Ümumiyyətlə bütün dünyada, ələlxüsus da Azərbaycanda radikallığa qarşı mübarizə aparmaq yönündə əsas amil məscidlərin fəaliyyətidir. Bu baxımdan siyahıda ilk yeri demək olar ki, Əbu Bəkr məscidi tutur. Bu məscidin fəaliyyətinin tam bərpa edilməsi ölkəmizdə radikallığa qarşı atılan ən güclü addım olardı. Çünki bu məscid radikallığa qarşı mübarizə aparan yeganə məscid idi. Hal-hazırda bu baxımdan radikallığa qarşı mübarizə demək olar ki, ən aşağı səviyyədədir.

– Məscidin açılması üçün nə cəhdlər edirsiniz?

– Biz məscidin fəaliyyətinin tam bərpa edilməsi üçün mütəmadi olaraq aidiyyatı orqanlara müraciət edirik. Lakin hələlik bir nəticə əldə olunmayıb, necə deyərlər durğunluqdur. Yaxın gələcəkdə bir daha Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlıya müraciət ünvanlamaq niyyətindəyik. Ümidvarıq ki, onlar da məsələnin zəruriliyini nəzərə alaraq müvafiq müsbət addımlar atacaqlar.

– Bildiyimiz kimi bugün İŞİD adlı terror qruplaşması terror aktları törətməklə tüğyan edir. Son vaxtlar Səudiyyə ərəbistanında və digər körfəz ölkələrində məscidlər partladılıb. Sizcə onlar nə üçün əsasən məscidlərə hücum edirlər?

– Onlar istəyirlər ki, bu yolla məscidlərin bağlanmasına, dindarlar arasında hərc-mərcliyə nail olsunlar. Nəticədə hökumət tərəfindən dindarlara qarşı təzyiqlər çoxalsın, dindarlarla dövlətin münasibətləri korlansın, cəmiyyətdə mitinqlər, kütləvi etirazlar baş qaldırsın. Çünki bu kimi məkirli niyyətlərin arxasında hökumətdən narazılıq edən qüvvələr dayanır və onlar bu yolla öz məkirli niyyətlərini reallaşdırmaq istəyirlər.

– Bu məsələ ilə bağlı kütləvi informasiya vasitələrinə ünvanlamaq istədiyiniz hər hansı mesajınız varmı?

– Mən üzümü KİV-lərə tutub deyirəm ki, onlar da bizim radikallığa qarşı apardığımız maarifləndirmə işində yardımçı olsunlar. Çünki radikallıq təkcə bir qrup üçün deyil, bütün ölkə ictimaiyyəti üçün təhlükəlidir. Biz hamımız xalqımızın əmin-amanlıqda yaşaması üçün səylərimizi birləşdirməliyik.

– Şeyx Qamət vaxt ayırıb müsahibə verdiniz, dəyərli məlumatlar çatdırınız – sizə təşəkkür edirik.

“SələfXəbər.az” redaksiyası