Biz müsəlmanlar toplumu, təkfir, terror, ifratçılıq və radikallıq fitnəsinin tüğyan etdiyi bir zamanda yaşayırıq. Artıq iş o yerə gəlib çıxıb ki, terrorizm bütün dünyanı ağuşuna alıb. Terrorizmi araşdırmaq, köklərini öyrənmək və terror mənbəyini boğmaq üçün bir çox müşavirələr və konfranslar keçirilmişdir. Amma bu konfranslar terrorizmin mahiyyəti və onun qarşısının necə alınması məsələsi barədə müxtəlif rəylərlə qarşı-qarşıya qalıb.

Terrorizm barədə söylənilən təriflər müxtəlif olsa da, ümumilikdə demək olar ki, bütün fikirlər bir neçə bənddə vahidlik təşkil edir. Ən təhlükəli bəndlər: təhdid, təhlükə, nahaq qan axıtmaq, günahsız insanları qətlə yetirmək, yaşayış komplekslərini və ictimai yerləri partlatmaq, abad yerləri və binaları xaraba qoymaq və bu kimi fəsadlardır. Halbuki bütün müsəlmanlar bu kimi əməllərin haram, belə əməl sahibinin cihayətkar və yer üzündə fitnə-fəsad törədənlərdən olması qənaətindədir.

Heç kəsə gizli deyil ki, terrorizm təkfir fikrinin törəməsidir. Belə ki, bunu terror faktları və belə işlərlə məşğul olanlar isbat edirlər. Bir çox ölkələrdə şahidi olduğumuz terror hadisələri, illər boyu yayılan təkfir fikirlərinin nəticəsidir. Halbuki biz, daim, gecə-gündüz yorulmadan kitablarda, məqalələrdə, mühazirələrdə və səsli materiallarda bu fikirdən çəkindirmişik.

Alimlərin yekdil rəyinə görə, əslində müsəlmanın dinindən çıxması barədə şəriət dəlillərinə əsasən yəqinlik olmayınca ona müsəlman kimi baxmaq lazımdır. Belə olan halda təkfirçilər öz mənfur məqsədlərinə çatmaq üçün müsəlmanlara kafir demək məsələsinə laqeyd yanaşmalıydılar. Halbuki bu işdə iki böyük təhlükə vardır:

Birincisi, vəd olunan şiddətli əzaba düçar olmaq. Çünki Peyğəmbər (Ona Allahın salavat və salamı olsun) buyurmuşdur: “Hər kimsə öz (müsəlman) qardaşına: Ey Kafir! – deyərsə, bu söz onlardan birinə aiddir. Əgər deyilən kimidirsə heç, əks halda isə söz, deyənin özünə qayıdır”. (Buxari və Müslim rəvayət etmişdir.)

Digər hədisdə isə belə deyilir: “Kim başqasını fasiqlikdə və ya kafirlikdə ittiham edərsə, ittiham olunan adam deyildiyi kimi deyilsə, deyilən söz sahibinə qayıdar”. (Buxari rəvayət etmişdir.)

İkincisi, Allaha yalan iftira atmaq. Çünki təkfir bir şəriət hökmüdür. Yalnız, Allah və rəsulunun təkfir etdiyinə kafir deyilməlidir. Başqa sözlə desək, yalnız Quran və səhih hədislərdə deyilən və ziddiyatı olmayan dəlil əsasında kiməsə kafir demək olar.

Bu azmış kimi, ifratçılar müsəlmanları ümumi şəkildə təkfir etməklə kifayətlənməyib, palçığın suyunu bir az da çoxaldaraq, özlərinin kor düşüncələri ilə rəhbərləri, dövlətləri və cəmiyyətləri təkfir etdilər. Belə halda ümmət təkfir fitnəsinin oduna, bundan nəticələnən təhlükələrə və dağıdıcı aqibətlərə düçar oldu.
Heç kəsin ağlına belə gəlməzdi ki, əksər müsəlmanların həyatı bu fitnənin “gözəl xidməti” nəticəsində, əcaib kabusa və çıxış yeri olmayan bir cəhənnəmə çevriləcəkdir.

Doğrudan da bu fitnəkarlar ümmət üçün bir bəla olaraq qalmaqdadır­ar. Çünki onlar, Şeyxul İslam İbn Teymiyyənin (Allah ona rəhmət etsin) bu sözləri ilə vəsf etdiyi, əvvəlki xəvaric qardaşlarına bənzəyirlər. İbn Teymiyyə belə demişdir: “Heç kəs, hətta yahudi və xaçpərəstlər də onlar kimi müsəlmanlara qarşı belə şərr qüvvə olmamışdır. Çünki onlar özlərinə uyğun gəlməyən hər bir müsəlmanı qətlə yetirməkdə, müsəlmanların qanlarını, mallarını halal görməkdə, onların övladlarını qətlə yetirməkdə və onlara kafir deməkdə çox fəal idilər. Onlar kəskin elmsizlikləri və azğın bidətləri ilə bunu özlərinə din hesab edirdilər”.

Sələf və xələf alimləri, kiməsə kafir və ya mürtəd hökmü verərkən tələsməkdən çəkindirməklə, hakim və məhkum müsəlmanların namuslarının tapdalanmamasını, onların qanlarının nahaq yerə axıdılmamasını nəzərə alırdılar.

Təkfir fitnəsinin boğulması dində vacib sayılan bir əməl və ictimai zəru­rət­dir. Bu isə yalnız yolunu azmış tək­fir­çilərin şübhələrinin dəf edilməsi, onların dü­şün­cələrində və qəlblərində Quran, hə­dis­lər və alimlərin ifadələrini səhv başa düş­məyə səbəb olanları silmək la­zım­dır.

Amma İslam şəriəti terrorun qarşı­sı­nın alınması üçün, terrorun əsasını təş­kil edən təkfir məsələlərində ifrata var­maqdan çəkindirməklə kifayətlən­mə­mişdir. Terrora aparan bütün səbəb­lə­ri, yolları haram etmişdir. Əgər şəriət, ki­mi­sə zarafatla qorxutmağı, üzərinə si­lah çəkməyi və təsadüfən bədənə cı­zıq xəsarəti yetirməyi haram edibsə, bəs haq­sız yerə öldürməyi necə?!

Bir dəfə səhabələr (Allah onlardan razı olsun) Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yol gedirdilər. Onlardan biri yat­mışdı. Bəziləri gedib onun yayını gö­tür­dülər. Yatan kimsə oyandıqda tə­la­şa düşdü. Bu zaman kənardakılar ona ba­xıb güldülər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Siz nəyə gülürsünüz?» Onlar dedilər: “Biz sa­də­cə olaraq bu adamın yayını götür­müş­dük. O isə oyananda təlaşa düşdü”. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Bir müsəlmanın digərini qor­xutması ona halal deyil!» Əhməd və Əbu Davud rəvayət etmişdir.

İmam Şovkani (Allah ona rəhmət etsin) demişdir: “Hədisə əsasən, hətta zahirən za­rafat kimi görsənsə də, bununla mü­səl­manı qorxutmaq olmaz”.

Buxari və Müslimin rəvayət etdik­lə­ri hədisdə Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini xatırladır: «Biriniz digər qardaşına silahla işarə etməsin. Heç kəs bilmir, bəlkə də şey­tan onun əlindən xəta çıxarar və bu­nun­la da cəhənnəmin bir quyusuna dü­çar olar».

İbn Həcər (Allah ona rəhmət etsin) demiş­dir: Təhlükənin baş verməsi müt­ləq ol­ma­sa da, hədisdə təhlükəyə zarafatla və ya ciddi şəkildə səbəb ola biləcək hal qa­da­ğan olunur.

Müslimin “Səhih” əsərində Əbu Hureyrənin (Allah ondan razı olsun) rəvayətində deyilir ki, Əbul Qasim (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: «Kim (din) qardaşının, hətta ata və anadan bir olan qardaşının üzərinə bir dəmir par­çası ilə gələrsə, onu əlindən salana qədər mələklər ona lənət oxuyarlar».

Buxari və Müslimin (Allah onlara rəhmət etsin) rəvayətində Cabirdən rəvayət olu­nur ki, «bir kişi oxların ucu görsənən halda məscidə gəlmişdi. Başqa müsəl­ma­nın bədənini cızmasın deyə, ona ox­ların ucundan tutmaq əmr olundu».

Əgər zarafat məqsədi ilə qor­xut­maq, yaxud başqasının bədənini səhvən cız­maq olmazsa, bəs günahsız insan­la­rın qanını haqsız yerə axıtmaq necə, olar…?! İslam şəriətinin terrorçulara qar­şı sərt mövqe tutması heç də qəribə deyildir.

Ələlxüsus onlar rəhbərlərə qar­şı üsyan qaldırmaqla, əhdi və beyəti pozmaqla, xəyanət etməklə, müsəl­man­la­rı, əhd bağlayan və əminamanlıq ve­ril­miş kafirləri öldürməklə, İslamın si­ma­sını pis şəkildə qələmə vermək və in­sanları bu dindən yayındırmaqla bu ki­mi digər böyük səhvlərə, cinayətlərə yol veriblər. Belə olan halda şəriətin bu işlər barədə mövqeyinə, İslamımızın bu terrorçulara vəd etdiyi ilahi cəzalara nə­zər salmaq heç də pis olmazdı. Bəlkə bu­nunla da onlar öz çirkin əməl­lə­rin­dən əl çəkər, səhvlərini başa düşərlər.

Qoy onlardan həlak olacaq kimsə hə­qi­qət ona çatandan sonra həlak olsun. Qoy dinimizi terrorçuluqda və vəh­şi­lik­də ittiham edən xəstə qəlbli insanlar ağız­larını yumsunlar.

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb