Tarixi öyrənməyin və dərs çıxarmağın, insanların bu dünyada və Axirətdə uğur qazanması üçün mühüm əhəmiyyət kəsb etdiyini uca Allah bizə öyrədib. Bizdən əvvəl yaşamış xalqların həyatı, bəzi qövmlərin pis əməlləri ucbatından məhv edildikləri, digərlərinin isə yaxşı əməlləri səbəbilə uğur qazandıqlarını bizə xatırladır.

Adəm, Nuh, İbrahim və Musa (bütün peyğəmbərlərə Allahın salamı olsun) kimi Peyğəmbərlərin gəlişinə müvafiq hadisələr; və Firon, Nəmrud, Ad və Səmud qövmlərinin acınacaqlı aqibəti, bizi əyləndirmək üçün vəhy edilməyib. Əksinə, pis əməllərdən çəkindirmək, yaxşı əməlləri təşviq etmək və bu dünyada və Axirətdə parlaq gələcəyə nail olmaq üçün əməllərimizi gözdən keçirmək üçün göndərilib.

Uca Allah Quranda bizə Fironun və onun qoşununun dənizdə qərq olunması barədə belə buyurur: “Bu gün sənin bədənini xilas edəcəyik (sahilə çıxaracağıq) ki, səndən sonra gələnlərə ibrət olasan”. Həqiqətən də, insanların çoxu ayələrimizdən xəbərsizdir” (Yunus surəsi, 92).

Quran, Allahın nazil etdiyi son və bu günə qədər dəyişilməz olaraq qalan yeganə kitabıdır. Quran, Şəriət mənbələrindən biridir. Bu dünyada və Axirətdə xilasımız üçün böyük əhəmiyyət kəsb edir. Odur ki, bizdən, Quranı diqqətlə oxumaq və düşünmək tələb olunur.

Əvvəlki qövmlər barədə xəbərlər, Quranın böyük hissəsini əhatə edir. O insanların əksəriyyəti onlara göndərilən Peyğəmbərləri qəbul etməyərək, onlarla ədavət aparmış və bununla Allahın qəzəbinə düçar olmuşlar. Bu qövmlərin məhv edilməsinin gələcək nəsillər üçün xəbərdarlıq olduğunu Allah bizə buyurur. Allahın bütün Peyğəmbərləri, keçmiş xalqların pis əməllərinə qarşı bəşəriyyəti xəbərdar etmək və onları məhv olmaqdan xilas etmək üçün göndərilmişlər. Hər bir xalqın böyük rəhbərləri və islahatçıları qafilləri və Allahı danan insanları oyatmaq və maarifləndirmək üçün keçmişdə baş vermiş hadisələrə diqqət yetirmişlər.

Dünyada yaşayan insanlar arasında, müsəlmanlar, fəzilətli və xeyirxah əməlləri ilə seçilən ümmətdir. İslam tarixinin təkzibedilməz rəhbərləri və qəhrəmanları barədə məlumatlar isə çoxdan öz təsdiqini tapıb. Lakin, dünya xalqlarının biri-birini keçmək uğrunda güclü rəqabət apardıqları bir dövrdə, müsəlmanlar ən şanlı tarixə malik olduqları halda, öz tarixlərinə qarşı etinasız və laqeyd yanaşırlar. Şanlı keçmişinə biganə olmayan çox az müsəlman isə, bir qayda olaraq, islamın və müsəlmanların rəqibləri və düşmənləri tərəfindən təhrif edilərək əcnəbi dillərdə yazılmış rəvayətlərə istinad edir. Halbuki, müsəlmanlar İbn Kəsir, İbn Hişam, İbn əl-Əsir, Təbəri, Məsudi və s. kimi minlərlə islam tarixçisinin təqdirəlayiq əsərlərindən bəhrələnməlidirlər.

İslam tarixi barədə kitablar, İslamın qızıl dövrünün möhtəşəm zəfərlərini özündə əks etdirir. İslam tarixi yalnız dərindən öyrənildiyi halda fərdlərə və cəmiyyətlərə böyük fayda verəcək.

Müsəlmanların, tarix yazma sənətinə ilk əvəzolunmaz töhfəsi, Hədis elminin təşkili və tərtibidir. Biz müsəlmanlar, xəlifələr, zadəganlar, hökmdarlar və alimlər barədə rəvayətləri – İslam tarixi kimi qəbul edilməli olan böyük bir xəzinəni sanki görməzdən gəlirik. Halbuki, Avropa tarixçilərinin tarix yazma sənəti və onların inkişafına ehtiram göstərir və təriflər yağdırırıq. Lakin, “Tarixə giriş” əsərini, məşhur islam tarixçisi İbn Xaldunun yazdığından xəbərsizik.

Tarixin öyrənilməsi, böyük ambisiyalar formalaşdırır, xeyirxahlığa təhrik edir və pislikləri uzaqlaşdırır. Müdriklik və fəziləti aşılayır, üfüqü genişləndirir və ayıq-sayıqlıq və gözüaçıqlıq hissini təlqin edir. Səbr və dözümlülüyü formalaşdırır, qəm-kədəri və ruh düşkünlüyünü dəf etməklə, ürəyi və ıdrakı təzələyir.

Tarixi öyrənməklə, insan daim özünü Peyğəmbərlərin, hökmdarların, fatehlərin, Allah dostlarının və elm əhlinin, həmçinin müdriklərin və mütəfəkkirlərin arasında hiss edir. Tarixi tədqiq etməklə, insan özünü, dahi hökmdarlar, hərbi sərkərdələr və mütəfəkkirlərin yol verdiyi səhvlərdən asanlıqla qoruya bilər. Başqa heç bir elmi öyrənmək, insanı bu qədər fərəhləndirmir və bu qədər fayda vermir.

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb