Yüklə

Şeyx Xalid əz-Zafiri belə sual ilə soruşulur:

Bəzi insanlar deyirlər ki, Allahın hökmü ilə idarəçilik etməyən rəhbər üçün “Hafizahullah” (Allah onu qorusun) sözünü deyib dua etmək olmaz. Bu nə dərəcədə doğrudur?

Cavab:
Bu sözün əks məfhumu odur ki, sən rəhbərin yer üzündə fəsad törətməsini istəyirsən.
Mən “Həfizəhullah” (Allah onu qorusun) deyərkən, Allah onun fəsadını qorusun deyirəm, yoxsa Allah onu bütün işlərində və dinində qorusun deyirəm?
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) İbn Abbasa nə tövsiyə etdi?
“(yaxşılıq edib, pislikdən çəkinməklə) Allahı qoru, Allah da səni qoruyacaq!”

Sən rəhbər üçün “Allah onu qorusun” deyib dua edirsənsə, bu onun islah olunması, qorunması və hidayət tapması üçün duadır. Heç şübhəsiz bu icazəlidir. Nə qədər ki, rəhbər müsəlmandır, islamdan çıxmayıb onun üçün “Allah onu qorusun” və islah olunmasını arzu etdiyin sözlər ilə dua edirsən. Bütün bunlar icazəlidir və Sünnə Alimləri də buna təşviq ediblər.

Fudeyl bin İyad deyir: “Əgər qəbul olunan duamı bilsəydim, onu rəhbər üçün edərdim.”
Nə üçün belə deyirdi? Çünki rəhbər islah olunarsa, rəiyyət də islah olunar. Rəhbər fəsada düşərsə, rəiyyət də fəsada uğrayar. Mənim özümüm islah olunmağım özümə aiddir. Rəhbərin islah olunmağı isə hamıya sirayət edir.

Fudeyl bin İyad digər məqamda belə demişdir: “İstərdim ki, toy məclisi qurum və məclisə ən xeyirli insanları dəvət edim dua edəndə onlara deyərdim ki, duanızı rəhbərin islah olması üçün edin.”

Barbahari adlı alim demişdir: “Əgər bir insanı rəhbər üçün dua edən görsən bil ki, o sünnə adamıdır. Əgər onun rəhbərin əleyhinə dua etdiyini görsən bil ki, o bidət sahibidir.”

Həsən əl-Basri demişdir: “Həccac bin Yusuf zalım da olsa, ona qarşı dua edənlər buna son qoysunlar. Allah Həccacı sizin üzərinizə bir cəza olaraq müsəllət etmişdir.” Yəni, siz öz əməllərinizi islah edin. “Allahın cəzasına qılıncınızla qarşılıq verməyin.” Yəni, Allahın göndərdiyi cəzaya qarşı üsyan etməyin. “Təmkinli olun, dua edin, Allaha yalvarın.”

Rəhbərlərlə davranışda şəriətin buyurduğu üsul budur. Əbu Micləz və Əbu İshaqdan rəvayət olunur ki, onlar belə deyərdilər: “Rəhbərləri söymək qırxandır!” Camaat dedi: “Qırxandır nə deməkdir?” Onlar dedilər: “burada məqsəd saçın qırxılması yox, dinin qırxılmasıdır (məhvindir).”

Biz ötən dərslərimizdə də dedmişdik ki, rəhbərə qarşı dinc nümayişlər keçirmək də söymək qisminə daxildir.

Sələfilər deyirdilər ki, xəvariclərin ən təhlükəli növü oturaq xəvariclərdir (ərəb. Qaədiyyə). Oturaq xəvariclər yalnız sözlə etiraz edirlər. Onlar insanları üsyana təhrik edir, minbərlərdən rəhbərə qarşı üsyançı çıxışlar edirlər. Üsyan vaxtı çatanda deyirsən ki, gəl səndə üsyana qoşul. Camaatın uşaqlarını üsyana çağırır, təhrik edir, rəhbərlərinə qarşı üsyana qaldırıb ölümə göndərir – necə ki, bu gün hər kəs bəzi ölkələrdə baş verənləri görür. Deyirsən ki, yaxşı bəs sən nə üçün üsyana qoşulmursan? Cavabı belə olur: “Mən zəifəm. Mən getsəm burda cavanlara kim baxacaq, kim onları təhrik edəcək?!” Deyirsən ki, yaxşı o zaman nə üçün camaatın uşaqlarını təhrik edirsən, elə öz övladlarını üsyana qaldır da?!” Təbii ki, öz övladlarını bu işə qatmaz. Çünki bu növ xəvariclər oturaq üsulla hərəkət edirlər. Əgər onların qurduqları oyun səmərəsini verərsə, səmərəyə sahib çıxarlar. Yox əgər səmərəsi olmazsa özləri salamat qurtulmuş olarlar. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) vaxtındakı münafiqlərin halı da belə idi. Bu onların ideologiyasıdır.

Əvvəldə dediyimiz kimi, Əhli Sünnə vəl Camaat rəhbərə itaətə çağırır, onların islah olunması üçün dua etməyə təşviq edirlər. Onlar özlərini islah edir və rəhbərin islah olunması üçün səbəblər götürürlər.

İyad bin Ğunmdan (Allah ondan razı olsun) rəvayət olunan səhih hədisdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Kim rəhbərə nəsihət etmək istəyirsə, bunu aşkarda etməsin.” Yəni, rəhbərə olan nəsihətini minbərdə, məclislərdə söyləmə, aşkar söyləmə. Rəhbərə təklikdə tövsiyə et. Əgər qəbul etsə nə gözəl, etməzsə sən üzərində olan borcu yerinə yetirmiş olursan.

Tövsiyə səninlə onun arasında olmalıdır, bunu kütlə qarşısında etmək olmaz.

İbn Abbas demişdir: “Əgər (rəhbərə nəsihət) etsən bunu ikinizin arasında et.”

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Ən böyük cihad ədalətli haqq sözü zalım rəhbərin qarşısında söyləməkdir.” Demədi ki, məsciddə, minbərdə, yaxud qəzetlərdə söyləməkdir. Rəhbərin yanında söyləməkdir deyir. Bacarırsansa gedirsən rəhbərin yanına və nəsihətini edirsən. Şəriətin rəhbərə edilən məqbul nəsihət üsulu budur. Bu mövzuda şəriət dəlilləri çoxdur.

Amma bu insanlar isə onun bunun sözünü götürüb, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sözlərini, şəriət dəlillərini tərk ediblər.

İbn Teymiyyə demişkən: “Onlar Allahın kitabına arxa çevirirlər. Dəlil gətirəndə isə deyirlər ki, Əxtal (bidət əhlinin alimidir. Tərc.) belə deyib.”

Görürsən ki, bu məsələyə dəlalət edən minlərlə şəriət dəlilini tərk edir, sonra isə gəlib küfr ölkələrində Britaniyada və digər ölkələrdə öyrəndiyi filankəsin, peşmankəsin sözünü əsas götürərək rəhbərlərə qarşı üsyana çağırır.

Həm keçmişdə, həm də bu gün xəvariclərin halı budur.

Qurtubi demişdir: “Üsyana çağıran hər bir xəvaric əməlisaleh görkəmdə görsənmişdir. İşin sonunda isə onun iddiasının yalan olduğu aşkar edilir.”

İşin başında əməlisaleh, xeyir sevən kimi görsənir. İşin sonunda isə aşkar olur ki, məsələ dünya malındaymış. Məsələ heç də islah etməkdə deyilmiş, əsl məsələ hizbiçilik, siyasətdəymiş.

Əgər sən islah etmək istəsəydin şəriətin islah üsulunu götürərdin. Daha şeytani, xəvaric islah yolunu tutmazdın.

Şəriətin səmərə verən islah üsulu budur.

“Sələf Xəbər” redaksiyası tərəfindən hazırlanmışdır.