Fətvalar Müsəlman hakimlərə münasibət

Rəhbərlərə itaətə çağırmaq yaltaqlıqdırmı? – Şeyx İbn Useymin

Sual: Məlumdur ki, Əhli Sünnə və Camaat (sələfilər) müsəlman toplumun birliyinə çalışırlar. Ona görə də hər nə olursa olsun, yaxşı işlərdə rəhbəri eşidib, ona itaət etməyi vacib sayırlar. Çünki burada əsas məqsəd insanların əminamanlığının və sabitliyin qorunmasıdır. Möhtərəm şeyx bəzi müsəlmanlar elə düşünürlər ki, belə mövqedə olmaq alçaldıcı və zəif mövqedir. Hətta bunu yaltaqlıq mövqeyi kimi də görürlər. Siz bu haqda nə deyə bilərsiniz? Allah sizi qorusun.

Cavab:
ər-Rəhman və ər-Rəhim Allahın adı ilə. Biz deyirik ki, müsəlmanlara vahid ümmət olmaq vacibdir. Necə ki, bunu onlara uca Allah bu ayələri ilə əmr edir: “Hamılıqla Allahın ipinə (dininə) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz…” (Ali İmran: 103).
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) də bildirdiyi kimi, din nəsihətdir. Bu din, Allah üçün, Kitabı üçün, Peyğəmbəri üçün, müsəlmanların rəhbərləri və sıravi insanlar üçün nəsihətdir. İnsanlar buna iman gətirdikdə, hamılıqla Allahın ipindən tutunub, parçalanmaz, beləliklə Allahın bu əmrini yerinə yetirmiş olarlar. Bu din, Allah üçün, Kitabı üçün, Peyğəmbəri üçün, müsəlmanların rəhbərləri və sıravi insanlar üçün nəsihətdir. İmanın ardınca əməl etmək lazımdır. Müsəlman birliyi qoruyub saxlamağa çalışmalı və nəsihət etməlidir. Əgər müsəlmanlar buna riayət edərlərsə, dünya və axirət səadətinə qovuşar, izzət və hörmət qazanarlar. Əgər deyilənin əksini etsələr, parça-parça olarlar. Quran və sünnəyə itaət bir kənarda qalar, hər dəstənin, hər kəsin özünə xoş olan bir yolu olar. Beləliklə ümmətin birliyi pozular, darmadağın olar, ideoloji və sosial özbaşınalıq baş qaldırar. Bu halda fiziki qarşıdurmalar da qaçılmaz olar. Nəticə isə şər və müsibətdir.

Sual: Möhtərəm şeyx bəziləri elə güman edirlər ki, minbərlərdə çıxış zamanı sıravi insanları təhrik etmək dinin mənafeyinə xidmət edir. Bu barədə nə deyə bilərsiniz?

Cavab:
Bu sualın cavabı birinci sualın cavabında verilmişdir. Belə ki, bizə vacib olan nəsihət etməkdir. Allah üçün, kitabı üçün, Peyğəmbəri üçün, müsəlman rəhbərlər və sıravi insanlar üçün nəsihət etməkdir.
Sıravi insanların rəhbərlərə və alimlərə qarşı təhrik edilməsi dinin mənafeyinə xidmət etmir. Əksinə bu işdə aqibəti acınacaqlı olan özbaşınalıq vardır. Möminə vacib olan Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) bu sözləri ilə əmr və təşviq etdiyi kimi olmaqdır: “Kim Allaha və axirət gününə iman edirsə, ya xeyir söyləsin, ya da sussun.”
Əgər onun dediklərində ümmət üçün xeyir və mənfəət varsa, gəlsin nəsihət etsin. Əgər nə xeyir, nə də mənfəət yoxdursa, yaxud dediklərində şər və zərər vardırsa həmin adamın susması vacibdir. Aqil insan işin əvvəlinə yox, nəticəsinə baxmalıdır. Hər bir iş başlanğıcı ilə deyil, nəticəsi ilə ölçülür. Həmin adam da işin nəticəsini nəzərə almalıdır. Bu halı üç qismə bölmək olar:
1. Dediyinin xeyir olduğunu bilmək. Bunu uğurlu nəticə və təcrübə ilə isbat etməlidir;
2. Dediyinin şər olduğunu bilmək. Bunu bilmək üçün ətrafında, yaxud digər ölkələrdə baş verənlərə baxıb nəticə çıxara bilər;
3. Ola bilər ki, insan danışmağın və ya susmağın daha xeyirli olması barədə tərəddüd etsin. Belə halda susmaq daha xeyirlidir. Çünki Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) “ya xeyir söyləsin, ya da sussun” – sözü buna dəlalət edir. Bu söz üç mənanı ehtiva edir: “Əgər dediyinin xeyir olduğunu bilirsə nəsihət etsin. Əgər dediyinin şər gətirəcəyini, yaxud xeyir və ya şər olduğunu bilmirsə, imanın tələbinə görə susmaq lazımdır.”

Mənbə: alnahj.net

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb