Fətvalar Nəsihət

Haqsızlığı inkar etməyin yolları – Şeyx Saleh əl-Fovzan (VİDEO)

Yüklə

Bunu necə etməyi Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə bu sözləri ilə bildirmişdir: “Sizdən kimsə pis bir işin şahidi olarsa onu əli ilə dəyişsin, bacarmazsa dili ilə dəyişsin, onu da bacarmazsa qəlbi ilə dəyişsin, bu da imanın ən zəif halıdır.”

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə pis işləri necə inkar etməyi öyrətmişdir. Deyilən dəyərli üsullarla.
Pis işləri əli ilə dəyişə bilən – Rəhbər, yaxud onun köməkçisi pis işi əli ilə dəyişir və asilik edən insanı cəzalandırır. Bu, rəhbərin, yaxud rəhbərin təyin etdiyi vəzifəli şəxsin borcudur.

Sənin əlində rəhbərlik səlahiyyəti yoxdur və sən hansısa pis, haqqa müxalif işin şahidi olmusansa və sənin əlində onu əl ilə dəyişmək səlahiyyəti yoxdursa, bu pis işə söz ilə etiraz edirsən. Təbii ki, sənin pis hesab etdiyin iş doğrudan da pis iş olmalıdır, yoxsa kiminsə öz istəyinə uyğun pis görsənən iş olmamalıdır. Əgər Allah sənə elm, gözəl danışıq qabiliyyəti veribsə sən pis işə sözünlə etiraz edirsən. Asilik edənlərə və dinə müxalif olanlara hikmətlə, gözəl sözlə, yaxşı tərzdə nəsihət edirsən.

Belələri haqqında rəhbərlərə, bu işə baxan dövlət məmurlarına məlumat verirsən. Bu, dil ilə etiraz etməkdir.
Əgər sənin dil ilə etiraz etməyə elmin, nə də imkanın yoxdursa, pis işi qəlbinlə inkar etməlisən. Sən heç vaxt pis işlə razılaşmamalısan. Pis işi inkar etmək lazımdır. Bunun insanın bacarığına görə dərəcələri vardır. Əgər sənin əlində rəhbərlik, yaxud elm və bəlağət bacarığın yoxdursa, sən pis işi qəlbinlə inkar edirsən.
İstər alim, istərsə sıravi mömin olsun, hər kəs pis işi qəlbi ilə inkar edə bilər.
Beləki sən pis iş və bu işlə məşğul olanlardan uzaq olmalısan.

Uca Allah buyurur: “(Ya Rəsulum!) Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər Şeytan (bu qadağan əmrini) sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma.” (Ənam: 68).

Sən pis işlər olan məclislərdən uzaq ol. Demə ki, mən bu pis işə qəlbimlə etiraz edirəm ona görə onlarla birlikdə oturmağımda problem yoxdur. Xeyr, sən belə məclislərdə oturmalı deyilsən. Madam ki, onlar pis işdən əl çəkməyiblər onlarla oturma, uzaq dur. Onlar söhbəti dəyişənə qədər sən başqa məclisə get.