Mərhəmətli və rəhmli Allahın adı ilə

Qədim zamanlardan – Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) və əshabının vaxtından bəri bütün müsəlmanlar yekdilliklə oruc vaxtının sübh çağından, günəşin üfüqdə batmasına qədər olduğunu deyiblər. Qurani-Kərim, səhih hədislər və müsəlmanların ittifaqı buna dəlalət edir.

Uca Allah buyurur: “… sonra gecəyə qədər orucunuzu tamamlayın.” (əl-Bəqərə: 187).
Ərəb dilində “gecə”, günəşin batması ilə başlayır.
“Qamus əl-Muhit” izahlı lüğətində deyilir ki, “əl-leyl (gecə) günəşin batmasından, sübh çağına qədər davam edir.”
“Lisənul Ərəb” izahlı lüğətində isə deyilir ki, “əl-leyl (gecə) gündüz qutaranda başlayır. Başlanğıcı günəşin batmasıdır.”

Müdrik alim İbn Kəsir yuxarıda göstərilən ayənin təfsirində deyir: “… sonra gecəyə qədər orucunuzu tamamlayın.” – ayəsi, günəş batarkən iftar etməyi şəriət hökmü edir.” (Təfsir: 1/517).

Bəzi təfsirçilər isə deyirlər ki, ayədə “الى” (a,ə) şəkilçisinin işlədilməsi iftarı tezləşdirməyi bildirir. Çünki bu növ şəkilçi qayənin bitdiyini bildirir.

Müdrik alim Tahir İbn Aşur deyir: “Gecəyə qədər” (ərəb. الى الليل) qayədir. İftarı günəş batan kimi etməyə dəlalət etməsi üçün “a, ə” şəkilçiləri ilə ifadə edilmişdir. Çünki “a, ə” (ərəb. الى) şəkilçisi ilə qayə bitmiş sayılır. “Hətta” qoşması isə belə deyil. Burada məqsəd geənin başlaması ilə orucun tamamlandığını bildirməkdir.” (ət-Təhrir vət-Tənvir).

Deyilənləri təsdiq edən hədis də vardır. Buxari və Muslimin “əs-Səhih” əsərində Möminlərin əmiri Ömər bin əl-Xəttab (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Gecə buradan (şərqdən) gəldikdə, gündüz buradan (qərbdən) getdikdə, günəş də batdıqda oruclu iftar edir.” (Buxari: 1954; Muslim: 1100).

Bu hədisdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) gecənin şərqdən gəlməsi, günəşin isə üfüqdən itməsi ilə qaranlığın çökməsini bildirir. Bunu hər kəs müşahidə edə bilər. Günəş üfüqdə itən kimi şərq tərəfdən qaranlıq çökür.

Nəvəvi deyir: “Alimlər deyirlər ki, hədisdə deyilən hər üç amil (şərqdə qaranlıq, gündüzün qərbdə bitməsi və günəşin üfüqdə batması) bir-biri ilə bağlı amillərdir. Hədisdə bu üç amilin olması ona görə deyilib ki, kimsə dərədə olarkən günəşin batdığını görməyə bilər. Amma bunu (şərqdən) qaranlığın çökməsi, (qərbdə isə) gündüzün bitməsi ilə müəyyən edə bilər.” (Muslimin şərhi: 7/209).

Müsəlmanların ittifaqına görə günəş batan kimi müəzzinin oxuduğu azan ilə iftar edilir. Bu ittifaq göstərir ki, haqq olan budur. Kim bu ittifaqa müxalif olursa möminlərin yolundan çıxmış, heç bir elmi əsası olmayan bidətə yol vermişdir.

Nəvəvi deyir: “Məğrib namazı günəş batan kimi qılınır. Bu ittifaqdır. Şiyə məzhəbində buna müxalif fikir söylənilmişdir. Lakin bu fikrin heç bir əsası yoxdur.” (Şərhu Muslim: 5/136).
Şiyə məzhəbinin əksər kitablarında müsəlmanların ittifaq etdikləri rəyi dəstəklərən bir çox rəvayətlər yer almışdır.

Cəfər Sadiqdən (rahiməhullah) nəql edilən rəvayətdə deyilir: “Günəş batdıqda iftar halaldır və namaz qılmaq da vacibdir.” (Mən lə yəhduruhu əl-Fəqih: 1/142; Vasəiluş şiyə: 7/90).

Bərucərdi “Sahibu-d-Dəaim” dən belə nəql edir: “Əhli Beytdən nəql edən rəvayətçilərin ittiafqı ilə bizə nəql olunub ki, oruclunun iftarı üçün halal olan gecənin başlaması günəşin heç bir maneə: dağ, divar və s. – olmadan, qərbdə batması ilə olur. Günəşin çevrəsi üfüqdə batdıqda, gecə başlayır və iftar halal olur.” (Camiu Əhadis əş-Şiyə: 9/165).

Məqalədən bu qənaət əldə olunur ki, məğrib azanını və iftarı səmada ulduz görsənən vaxta qədər gecikdirmək nə Quran ayəsinə, nə səhih hədisə, nə də tarix boyu müsəlmanların əməlinə uyğun gəlmir.
Daha doğrusunu Allah bilir.

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb