Məqalələr Sünnətlər və bidətlər

Kəbə evində hər məzhəbin öz imamı olub?

Tarixə nəzər saldıqda məlum olur ki, vaxtilə əl-Haram məscidində, Kəbə evində dörd məzhəb nümayəndələri ayrı-ayrılıqda namaz qılırlarmış. Bu məhz məzhəb təəssübkeşliyinin nəticəsində meydana gələn bir hal idi. Bu hal hicrətin altıncı əsrindən başlayaraq yaxın iki əsrə qədər davam edirdi.

Hər məzhəb Kəbə evinin bir istiqamətində dayanıb namazı qılırdı. Hənəfi məzhəbinin nümayəndələri kəbənin navalçası olan istiqamətdə, Maliki məzhəbinin nümayəndələri rüknul yəmani tərəfində, Şafiilər İbrahim Məqamının arxasında, Hənbəlilər isə qara daşla rüknul yəmani arasında dayanıb namazlarını qılırdılar.

Məzhəblər namazı növbə ilə qılırdılar. Əvvəlcə şafii məzhəbi iqamə verib namazı qılır. Onlar namazı bitirdikdən sonra Hənəfilər, daha sonra Malikilər, sonda isə Hənbəlilər qılırdılar. Məğrib namazında isə hamı eyni vaxtda, ayrı-ayrılıqda öz imamı ilə namaz qılırdılar. Belə olan halda namazda ucalan səslər bir—birinə qarışır, ibadət edənlər səhvlərə yol verirdilər.

İbn Cubeyr (Allah ona rəhmət etsin) adlı alim hicrətin 579-cu ilində Həccə gedərkən gördüyü bu mənzərəni belə vəsf etmişdir:
“Əl-Hərəm məscidinin dördü sünni, biri isə Zeydi məzhəbindən olan beş imamı var idi. Məscidin birinci sünni imamı Şafii məzhəbindəndir. Şafii məzhəbinin birinci olmasının səbəbi Abbasi xəlifəsinin şafii məzhəbini üstün tutmasına görə idi. Məsciddə birinci namaz qıldıran Şafii imamı olur. O, namazı İbrahim Məqamının arxasında qıldırırdı. Məğrib namazının vaxtı az olduğundan bu namazı hamı eyni vaxtda qılırdı. Əvvəlcə Şafii məzhəbindən olan müəzzin iqamə verir, ardınca digər məzhəb müəzzinləri iqamə verirdilər. Bu tərzdə qılınan namazda camaat çoxlu səhvə yol verirdi. Çünki birinin səsi digərinə mane olurdu. Bəzən Maliki məzhəbindən olan namazqılan, şafii, yaxud hənəfi məzhəb imamının təkbiri ilə rüku edirdi. Yaxud başqa imamın salamı ilə salam verirdi. Hər kəs səhv etməmək üçün öz imamının səsini yadda saxlamağa çalışırdı. Buna baxmayaraq əksər insanlar namazda səhvə yol verirdilər.” (Rihlət İbn Cubeyr: səh. 70).

Dinə əlavə edilən bu yenilik birinci Səudiyyə Dövləti qurulan vaxta qədər, bir neçə əsr davam etdi. Birinci Səudiyyə Dövləti süqut etdikdən sonra eyni hal yenidən təkrarlandı. Daha sonra ikinci Səudiyyə dövlətinin ilk Kralı Əbdüləziz Ali Səud hicrətin 1343-cü ilində Hicaz ərazilərinə nəzarəti ələ aldıqdan sonra əl-Həram məscidinin imamlarını toplayıb bu təfriqəyə son qoymağı təklif etdi. Daha sonra bu bidəti ləğv etmək barədə qərar verdi və hamı bir imamın arxasında namaza durdu. Əlavə məlumat əldə etmək üçün “İmarətul Məscid əl-Həram” kitabı, 233-cü səhifəyə baxmaq olar.

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb