Bir çox ayə və hədislər uca Allahın cinləri yaratdığını təsdiq edir. Uca Allah cinləri yaratmış, onları əmr və qadağalarla mükəlləf etmişdir. Onların kafiri və müsəlmanı vardır. Onlar da qiyamət günü haqq-hesab olunacaq, bəzisi cənnətə, bəzisi isə cəhənnəmə düşəcəkdir. Yəni, təmamilə insanlar kimi.

Uca Allah buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım.” (əz-Zariyat: 56).

“Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi?” (əl-Ənam: 130).

Bizim cinləri görməməyimiz o demək deyil ki, onlar yoxdurlar. Uca Allaha onlara məxfilik xüsusiyyəti vermişdir. Uca Allah cinlərin insanları görməsi haqqında buyurur: “Şübhəsiz ki, o və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər…” (əl-Əraf: 27).

Uca Allah öz kitabında cinlərin nədən yaradılması haqqında buyurur: “(Cinlərin babası) İblisi daha öncə (insandan əvvəl) tüstüsüz oddan xəlq etmişdik.” (əl-Hicr: 27).

“(Cinlərin əcdadı) cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi.” (ər-Rəhman: 15).

Hədisdə Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Mələklər nurdan, cinlər oddan, Adəm isə sizə vəsf olunandan (palçıqdan) yaradılmışdır.” (Muslim: 5314).

Uca Allah Qurani-Kərimdə cinlər haqqında bütöv bir surə nazil etmişdir. Ona görə də islama mənsub təriqətlərdən heç biri cinlərin mövcudluğunu inkar etmir. Hətta yəhudi və xaçpərəstlər də cinlərin varlığına inanırlar.

Cinlərin varlığına inanmaq vacibdir. Onları inkar etmək, Quranı inkar etməkdir. Çünki Qurani-Kərim cinlərin varlığını təsdiq etmişdir.

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb