Yüklə

Şeyx Xalid bin Dahavi əz-Zafiri:

Allahın bəndələri, Allahdan qorxun.

İki səhih kitabında Aişədən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bir kişini qoşun dəstəsinə başçı təyin edir. O camaata namaz qıldıranda qiraətini “Qulhuvəllahu əhəd” surəsi ilə bitirirdi. Bunu hər namazda, hər rükətdə təkrar edirdi. Onunla olan səhabələr bu məsələdə çaşqınlığa düşdülər. Onlar Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) yanına qayıdanda bu haqda soruşdular. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Ondan bunu nə üçün etdiyini soruşun.” Onlar bunu nə üçün etdiyini soruşanda, dedi: “Çünki bu surədə ər-Rəhmanın sifəti vardır. Mən də ər-Rəhmanı sevirəm.” Onlar Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) yanına qayıdıb bu haqda ona xəbər verdilər. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi ki, ona deyin ki, sənin ona olan sevgin, səni cənnətə daxil etmişdir.
Digər rəvayətdə isə deyilir ki, ona deyin ki, Allah da səni sevmişdir.

Ey Allahın bəndəsi, görürsən ki, Allahın gözəl ad və uca sifətlərini sevmək insanı cənnətə daxil edir.

Çünki qəlblərdə olan bu sevgi insanı Allaha yönəldir, Ona itaətkarlığı artırır və qadağalardan uzaqlaşdırır.

Allahım biz Səndən Sənin sevgini, Səni sevənlərin sevgisini, sənin sevginə yaxınlaşdıran hər bir əmələ sevgi istəyirik.