Fətvalar Nigah və Talaq Ümumi tərbiyə

Mübahisə zamanı qadın kimin tərəfin saxlamalıdır: atasının, yoxsa ərinin? – Şeyx Saleh əl-Fovzan (VİDEO)

Yüklə

Sual:
Bir qadın sualda deyir ki, hər-hansı dünya işinə görə ərimlə ailəm arasında mübahisə yaranıb. Əslində mən ailəmin tərəfin saxlamaq istəyirdim, çünki valideynlərə itaət etmək və onlarla xoş davranmaq Allahın əmridir. Lakin bu işdə mənə Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) rəvayət olunan hədis mane oldu. Hədisin mənası budur ki, “əgər Allahdan başqasına səcdə etməyi əmr edəsi olsaydım, qadına öz ərinə səcdə etməyi əmr edərdim.”

Xahiş edirəm mənə yol göstərin, kimin tərəfində olum?

Qorxuram, əgər valideynlərimi qəzəbləndirsəm Allahı qəzəbləndirmiş olaram. Yox əgər ərimi qəzəbləndirmiş olsam, o zaman ərinin haqqını ödəməyən mömin qadın olaram. Sizdən bir xahişim də budur ki, onlara tövsiyə edəsiniz, bəlkə bunun onlara xeyri olar.

Şeyx Saleh əl-Fovzan:
Heç şübhə yoxdur ki, valideynin haqqını qorumaq, yaxşı işlərdə itaət göstərmək və yaxşılıq etmək vacibdir. Bunu uca Allah bir çox ayələrdə əmr etmişdir.
O cümlədən qadın üçün ərin haqqını qorumaq da vacibdir.
Həm valideynlərinin, həm də ərinin onun üzərində haqqı vardır. Hər kəsin haqqını vermək də vacibdir.

O ki qaldı onların arasında baş verən mübahisədə kimin tərəfində olmağa, SƏNƏ VACİB OLAN HAQQIN TƏRƏFİNDƏ OLMAQDIR.

Əgər ərin haqlı, valideynin haqsızdırsa, sənə də vacibdir ki, ərinin tərəfində olasan və atana nəsihət edəsən.
Əgər əksinədirsə, yəni atan haqlı, ərin isə haqsızdırsa, sənə vacib olan atanın tərəfində olub ərinə nəsihət etməkdir.
Sənə vacib olan, haqlının tərəfində olub səhv edənə tövsiyə etməkdir.

Sən bacardıqca onların münasibətlərini düzəltməyə çalış. Çalış xeyir üçün açar ol və sənin əlinlə bu mübahisə yekunlaşsın. Sənin üçün bunda böyük savab vardır.
Həqiqətən də insanlar arasında, xüsusən də qohumlar içərisində münasibətləri bərpa etmək ən böyük itaətdir.

Uca Allah buyurur: “Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir.” (ən-Nisa: 114).

Onlara tövsiyəmiz isə budur ki, Allahdan qorxaraq, islam qardaşlığı çərçivəsində davranaraq, qohumluq və kürəkənlik münasibətlərini nəzərə alaraq mübahisələrə son qoymaq vacibdir. Onlar baş verənləri unudub bir-birlərini bağışlamalıdırlar.

Müsəlmanlar belə olmalıdırlar. Onlar öz istəklərinə, yaxud şeytanın istəklərinə uymamalıdırlar.
Şeytanın həmlələrindən Allaha sığınmalıdırlar.