Yüklə

Bismilləhi-r-Rahməni-r-Rahim

Həmd olsun Allaha. Allahın salavatı və salamı Allahın elçisinə, onun ailəsinə, əshabələrinə və onun yolu ilə gedənlərə olsun.

Ey müsəlman toplumu, biz səxavətli və mübarək ayı qarşılayırıq. Bu ay oruc və ibadət ayıdır. Bu ay, Quran oxumaq ayıdır. Bu ay, savabların çoxaldığı, günahların bağışlandığı aydır. Bu ay, müxtəlif növ ibadətlərə can atmaq, xeyir işlər görmək ayıdır. Allah bu ayın orucunu vacib, gecə ibadətini isə könüllü etmişdir.

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bu ay haqqında demişdir: “Ramazan ayı daxil olduqda, cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar qandallanar.”
Digər hədisdə belə deyir: “Ramazan ayı daxil olduqda rəhmət qapıları açılar.”
Digər rəvayətdə isə “Səmanın qapıları açılar” – deyilir.
Bu bizə xeyirlə müjdə verən bir xəbərdir.

Uca Allah bəndələrinə Öz səxavətindən müxtəlif nemətlər əta edir, qapıları açıq olan səmaya yüksələn fərqli ibadətlərə müvəffəq edir. Beləliklə Allah onları cənnətə daxil edən, cəhənnəmdən xilas edən səbəblərə müvəffəq edir.

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) əshabələrinə belə deyir: “Ramazan ayı gəlib çatmışdır. Bu ayda Allah bəndələrinə qarşı səxavətli olur. Rəhmətini nazil edir, günahları bağışlayır, duaları qəbul edir. Siz də öz tərəfinizdən Allaha xeyirli əməllər göstərin. Həqiqətən bədbəxt kimsə bu ayda Allahın mərhəmətindən məhrum olan kimsədir.”

Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) “Siz də öz tərəfinizdən Allaha xeyirli əməllər göstərin.” – sözü, ibadətlərlə Allaha yaxınlaşmağa, yaxşı işlərə: namaz, sədəqə, gecə və gündüz çoxlu Quran oxumaq, “sübhanallah”, “Lə iləhə illəllah”, “əlhəmdulilləh”, “Allahu əkbar”, “Əsətəğfirullah”, “Lə havlə valə quvvatə illə billəh” və digər xeyirli əməllərə can atmağa təşviqdir.

Bu ayda sədəqəni artırmaq, yaxşılığı çoxaltmaq, Allah yoluna daha çox dəvət etmək, elm öyrənmək, insanları xeyrə yönəltmək lazımdır. Xeyrə yönəldən əməllərdən biri də gözəl üslub, xoş söz və mülayim rəftarla yaxşılığı əmr edib, pis işlərdən çəkindirməkdir.