Fətvalar Nəsihət

Zülm edən ata və qardaşa bəd dua etmək – Şeyx Muhəmməd bin Hədi əl-Mədxəli (VİDEO)

Yüklə

Sualda deyilir: Mənə qarşı çox zülm olunub. Onlara qarşı bəd dua edə bilərəmmi? Onu da deyim ki, mənə zülm edənlər mənim atam və qardaşımdır.

Cavab: Onlara qarşı səbirli olsun. Atasının onun üzərində böyük haqqı vardır. Hər nə olursa olsun o sənə qarşı zalım olmaz, sən onun övladısan. Sən ona qarşı səbirli olmalısan. Qardaşın isə sənin bir parçandır. Onun başına bəla gəlməsi səni sevindirəcək?! Xeyr, Allaha and olsun.

“Biriniz özü üçün istədiyini qardaşı üçün istəmədikcə, iman gətirmiş sayılmaz.” Bu hədis ümumi müsəlman kütləsi üçün deyilmiş sözdür. Bəs sənin atabir, anabir doğma qardaşın necə?! Hətta ögey qardaşın olsun fərqi yoxdur.

Ağıllı insan bu kimi hallarda səbirli olar və onlar üçün Allaha dua edər və bu işdə Peyğəmbəri (Ona Allahın salavatı və salamı olsun) özünə örnək götürər.

Qureyş qəbiləsi ona zülm edir, o isə belə deyirdi: “Allahım qövmümi bağışla, onlar bilmirlər.”

Dağlar mələyi Cəbrail (Aleyhissəlam) ilə birlikdə Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: “Ey Muhəmməd, budur dağlar mələyi mənim yanımdadır. Əgər istəyirsənsə, o, bu iki dağı onların başına çevirsin.”

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Xeyr, lazım deyil. Mən ümid edirəm ki, onların nəslindən tək Allaha ibadət edib Ona heç bir şeyi şərik qoşmayan nəsil gələcəkdir.”

Sən də səbirli ol, səbirli ol. Bil ki, uca Allahın izni lə qələbə və gözəl çıxış yolu səbrlə əldə olunur.

Kim səbr edər və bağışlayarsa, bu həqiqətən əzmkarlıq nümunəsidir.
Sən də səbr et və buna görə Allahdan savab dilə, bu həqiqətən sənin üçün əzmkarlıq nümunəsidir.

Allahdan həm özümüzə, həm də sənə müvəffəqiyyət arzulayırıq. Uca Allahdan diləyirik ki, bizim qəlblərimizi səbrə kökləsin.

Son duamız Peyğəmbərimiz Muhəmmədə, ailəsinə, əshabına və gözəl şəkildə onların ardınca gedənlərə Allahdan salavat və salam diləməkdir.