Rəhmli və mərhəmətli Allahın adı ilə

Aləmlərin rəbbi Allaha həmd olsun, Peyğəmbəri Muhəmmədə, onun ailəsinə və bütün əshabələrinə Allahın salavatı və salamı olsun.

Bir çox müsəlmanı belə bir sual maraqlandırır: Qurbanı və əqiqi bir heyvanla kəsmək olarmı?
Biz bu məqaləmizdə sualın cavabını araşdırmağa çalışacağıq.

Şəriət əhkamlarından məlumdur ki, ata oğlan övladı üçün iki, qız övladı üçün isə bir qoyun kəsməlidir. Bunu uşağın yeddinci, on dördüncü, yaxud iyirmi birinci günü etmək lazımdır. Şəriətdə buna əqiq qurbanı deyilir.
Əgər əqiqin kəsilmə vaxtı qurban bayramına təsadüf edərsə, bir qoyunu həm qurban, həm də əqiq niyyəti ilə kəsmək olarmı?

Fəqihlər bu barədə iki rəy söyləyiblər:
Birinci rəy: Qurbanlıq əqiqi əvəz etmir. Bu, Maliki və Şafii məzhəbinin görüşüdür. Bir rəvayətdə imam Əhmədin də belə söylədiyi nəql edilmişdir. Allah onlara rəhmət etsin.

Bu rəy sahibləri dediklərini aşağıdakı sübutlarla əsaslandırmışlar: Həm əqiq, həm də qurban ayrı-ayrı ibadətdir və biri digərini əvəz edə bilməz. Həmçinin onların səbəbləri də fərqlidir. Həcc qurbanı kəffarə üçün kəsilən heyvanı əvəz etmədiyi kimi, onlar da biri-birini əvəz edə bilməzlər.

Heytəmi (Allah ona rəhmət etsin) “Tuhfətul muhtac şərhul minhac” (9/371)-də demişdir: “Məzhəb yoldaşlarımızın dediyi göstərir ki, əgər kimsə bir qoyunu həm qurban, həm də əqiq kimi kəsərsə, onlardan biri sayılmır. Görsənən də budur ki, belədir. Çünki bunların hərəsi ayrı-ayrı niyyətlə edilən sünnələrdir.”

İkinci rəy: Qurbanlıq əqiqi də əvəz edir. Bu, hənəfi məzhəbinin görüşüdür və imam Əhməddən də bu haqda rəy nəql edilmişdir. əl-Həsən əl-Bəsri, Muhəmməd bin Sirin və Qatədə kimi tabiinlər də eyni fikri söyləyiblər.

Bu rəy sahibləri dediklərini aşağıdakı sübutlarla əsaslandırmışlar: Həm qurban, həm də əqiq Allahha ibadətdir və bununla ikisidə eyni hökmə daxildir. Məscidə salam namazı fərz namaza daxil olduğu kimi, əqiq də qurbana daxildir.

İbn Əbu Şeybə “əl-Musənnəf” (5/534)-də Həsən əl-Bəsridən rəvayət edir ki, “əgər uşaq üçün qurban kəsilərsə, onun əqiqini də əvəz edər.”

Hişam və İbn Sirin belə demişlər: “Qurban onun üçün əqiqi də əvəz edir.”

əl-Bəhuti “Şərhu Muntəhə əl-İradət” (1/617)-də demişdir: “Əgər əqiq və qurbanlıq eyni vaxta təsadüf edərsə, yəni uşağın yeddinci günü qurban gününə təsadüf edərsə, əqiq kəsdikdə qurbanı, qurban kəsərsə əqiqi əvəz edər. Bayram günü cümə gününə təsadüf edərkən bir qüsl almaq kifayət etdiyi kimi, bu da kifayətdir. Həmçinin həcc edən həcc qurbanını kəsdikdə onun üçün adi qurbanı da əvəz edir.”
“Kəşful Qina” (3/30) kitabında isə belə deyir: “Əgər əqiq və qurban eyni vaxta təsadüf edərsə, niyyət edib bir heyvan kəsə bilər. Bu, imam Əhmədin sözüdür.”

Ötən əsrin məşhur alimi Muhəmməd bin İbrahim (Allah rəhmət etsin) də bu rəylə fətva vermişdir: “Əgər əqiq və qurban eyni vaxtda olarsa, ev sahibinə bir heyvan kəsmək kifayət edər. Yəni qurban kəsməyə niyyət edib və əqiqi də ona daxil edərsə, kifayət edər. Bəzi fəqihlər deyirlər ki, həm qurban, həm də əqiq körpənin adından kəsilməlidir. Digərləri isə bunun şərt olmadığını söyləyiblər. Onlara görə əgər ata qurban kəsirsə, əqiqi də o uşağının adından kəsməlidir. Beləliklə qurban ata, əqiq isə uşaq üçün sayılır. Yekun olaraq onu deyə bilərik ki, bir heyvanı qurban və əqiq niyyəti ilə kəsərsə, kifayət edər.” (Fətava əş-şeyx Muhəmməd bin İbrahim: 6/159).

Beləliklə ötən araşdırmadan əldə olunan qənaətə görə demək olar ki, qurban və əqiq niyyəti ilə bir heyvan kəsmək kifayət edir.
Daha doğrusunu bilən Allahdır.

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb