Yüklə

“O bəndələr ki: “Ey Rəbbimiz, biz həqiqətən (Sənə) iman gətirmişik, günahlarımızı bağışlayıb bizi cəhənnəm əzabından qoru!” – deyirlər.” (Ali İmran: 16).

Ayənin təfsiri:

Mübarək ayə, saleh əməllərlə Allaha təvəssül etməyin icazəli olmasını ifadə edir. “Ey Rəbbimiz, biz həqiqətən (Sənə) iman gətirmişik,” ifadəsindən sonra, “günahlarımızı bağışlayıb…” sözləri, bu mənanı ifadə edir.

Saleh əməllərlə təvəssül etmək sünnədə də öz təsdiqini tapmışdır. Mağarada ilişib qalanların hadisəsi haqqında deyilən hədisdə buna açıq-aşkar sübut vardır. Həmin hadisədə mağaranın ağzına böyük daş parçası düşmüşdü. Onlar həmin daşı tərpədib çölə çıxa bilmirdilər.

Onlar öz aralarında dedilər ki, bu işdən bizi yalnız saleh əməllərimizlə Allaha təvəssül etmək xilas edə bilər.

Onların hər biri öz saleh əməlləri ilə Allaha təvəssül etdi.
Birinci şəxs saleh əməli ilə təvəssül etdikdə daş bir qədər tərpənir.
Sonra ikinci şəxs təvəssül edir və daş bir qədər də tərpənir. Lakin çölə çıxmaq üçün kifayət etmir.
Sonra üçüncü şəxs təvəssül edir və daş tamam aralanır, onlar çölə çıxırlar.