Məqalələr Seymur Camal

Xəlvətdə, gizlində günah işləyənlər və tövbə edənlər

Bir müsəlmanın öz həyatında ən çox fikir verməli olduğu məsələlərdən biri təklikdə qalarkən etdiyi əməllərdir.
Bəli təklikdə, gizlində qalarkən edilən əməllər !

Çünki elm əhli buyurur ki, insanın aşkarda olarkən özünü saleh göstərməsi asandır. İnsanların onu görməsi səbəbi ilə bəzi günahları tərk edir. Lakin təklikdə qalarkən isə saleh olmaq çətindir. Hətta belə deyirlər ki, insan özünün imanının nə dərəcədə olduğunu bilmək istəyirsə, xəlvətdə etdiyi əməllərinə baxsın. Əgər o xəlvətdə olarkən insanların arasında olduğu kimi saleh əməlləri edib, asi işlərdən çəkinirsə, bu o deməkdir ki, onun imanı səmimidir, ixlaslıdır. Deməli, o, həm gizlində, həm də aşkarda Allahdan qorxanlardandır.
Lakin aşkarda saleh, gizlində fasiq olanlar isə:

1) Allahdan qorxsunlar.
2) Xatırlasınlar ki, Allah onları gizlində də aşkarda da görür.
3) Nə etdiklərini bilir.
4) Onları hesaba çəkəcəkdir.
5) Allah Təalə buyurur: “Kim zərrə qədər xeyir iş görsə əvəzini görəcək. Kim zərrə qədər şərr iş görsə əvəzini görəcək”.
6) Xəlvətdə, gizlində günah edənlərin üzlərində nur olmaz.
7) İnsanlar onlarla ünsiyyətdən sıxılarlar.
8) Allahın qəzəbi onları tutar.
9) Xəlvətdə günah edənlərin qəlblərində daim həyəcan olar.
10) Həyatları narahatlıq və qorxu içində keçər.
11) Davranışlarında tələskənlik və anlaşılmazlıq yaranar.
12) Xırda və cüzi şeylərə görə tez hirslənərlər.
13) Hirslənərkən qəzəbləri gec soyuyar.
14) Onlara verilən bəzi nemətlər yavaş yavaş götürülər.
15) Onların üzünə xeyir qapıları bağlanar.
16) Onlar getdikcə daha böyük günahlar işləyərlər.
17) Qiyamət günü hesabları ağır olma təhlükəsi vardır.

Lakin tövbə etsələr və dönsələr:

1) Allah onları bağışlayar.
2) Günahlarını əfv edər.
3) İşlərinə bərəkət verər.
4) Qəlblərinə rahatçılıq və sükunət çökər.
5) Qəlbləri nurlanar.
6) Üzlərinə xeyir qapıları açılar.
7) Duaları qəbul olunar.
8) Allah onlardan razı qalar
9) Dünya və axirət səadətinə nail olarlar.
10) Sıxıntıları, kədərləri sevinclə və fərəhlə əvəz olunar.
11) Davranışlarında təmkinli olmağa başalayarlar.
12) Gec hirslənərlər, qəzəbləri isə tez soyuyar.
13) Onlara biri-birinin ardınca nemətlər bəxş
edilər.
14) Qiyamət günün hesabları asanlaşar.
15) Allah üçün günahları tərk etdiklərinə görə onlara mükafat verilər.
16) Dünya sıxıntıları onlar üçün asanlaşar.
17) Ətrafındakılar üçün faydalı şəxslərə çevrilərlər.
18) Allah insanların qəlblərində onlara sevgi və rəğbət yaradar.

Baxın, bu gözəlliklər tövbə edib Allaha tövbə edənlərə aiddir. Ona görə də bütün müsəlmanlara nəsihət olunur ki, gec olmamışdan əvvəl Allaha tövbə etsinlər, xeyir bərəkətə, xoş günlərə, saadətə həm bu dünyada, həmdə axirətdə nail olsunlar.
Sonda Allaha dua edirik ki, Allah bizi və bütün müsəlmanları bağışlasın, onları əfv etsin. Muhammədin (sallallahu aleyhi və səlləm) ümmətini tövhidlə və sünnə ilə ucaltsın.

Seymur Camal ( Mədinə BİU-nin tələbəsi).

mescid.info