İlk öncə Allaha dua edirik ki, bizlərə haqqı düzgün olaraq çatdırmağa müvəffəq etsin.

Dünyanın balaca bir kəndə döndüyü bir zamanda, informasiya bolluğundan hansı xəbərə inanıb, hansına inanmayacağında çaşıb qalarkən ilk öncə özümüzə, daha sonra oxucularımıza dəyərli və faydalı olacağını zənn etdiyimiz xəbərləri seçərək, onu dinimiz baxımından izah etməyə çalışırıq.

Ümumiyyətlə xəbəri yayımlayarkən müəyyən xüsusiyyətlərə əməl etməyə çalışırıq ki, bu xüsusiyyətlərin əksəriyyəti bütün informasiya yayımı ilə məşğul informasiya agentliklərində vardır. Amma, təvazökarlıqdan uzaq da olsa, bəzi xüsusiyyətlərin – ən azanından Azərbaycan coğrafiyası içərisində – yalnız bizə xas olduğunu düşünürük. Bizi fərqləndirən bu xüsusiyyətləri aşağıda qeyd edəcəyik. Şübhəsiz ki, bizi fərqləndirən cəhətlərin kimi üçün müsbət, digəri üçün mənfi olaraq xarakterizə edilməsini normal qarşılayırıq.

Ümumi xüsusiyyətlər:
– Xəbərin qaynağını göstərmə;
– Ehtiyac olmayınca ölüm , qətl, oğruluq və s. bu qəbildən olan neqativ xəbərləri yaymama;
– Şayiə, böhtan olan xəbərləri yaymama;
– Sağ duyu kontekstindən məsələlərə yanaşma;
– Ölkəmizdə, o cümlədən islam aləmində baş verən sevindirici xəbərləri oxucuya çatdırma.

Fərqli xüsusiyyətlər:
– Hər xəbərin ardından, dinimizin nəzər nöqtəsinə görə şərh, ibrətlər və faydalar yazma;
– Verilən şərhlərdə dinimizin əsas iki mənbəyi Quran və Səhih hədislərə əsaslandırma;
– Şərh və izahlarda məşhur islam alimlərindən sitatlar gətirmə;
– Ölkəmizdə, o cümlədən islam aləmində baş verən nə sevindirici xəbər varsa həmin, xəbərin şərhində, sonunda bu nemətə görə Allaha dua etmə;
– Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) adı zikr olunarkən salavat, səhabənin adı zikr olunanda “Allah ondan razı olsun” demək, klassik islam alimlərinin adı ilə yanaşı Allahdan onlara rəhmət diləmə;
– Dövlət başçısı adı ilə yanaşı onun üçün Allaha xeyr dua etmək.

Bu axırıncı xüsusiyyət haqqında bəzən bizə müraciətlər ünvanlanır. Bəziləri buna görə bizə təşəkkür edir, az bir qisim isə bunu qəbul etmir və ya bizim səmimiyyətimizə kölgə salmaq istəyir.
Halbuki, Quran və Sünnə açıq aydın bizlərə rəhbər üçün dua etməyi buyurur. Biz əvvəlki yazılarda Quran və Sünnə işığında dövlət başçısına dua etməyin vacibliyini, ona qarşı müxalifətdə olmağın haram olduğunu qeyd etmişdik.

Dövlət başçısı üçün dua etmək bəzi ağzıgöycəklərin iddia etdiyi kimi “Sələf-Xəbər”-in ortaya atdığı bir yenilik deyil.

İslam dinini uca Allah tərəfindən göndərdiyi andan bəri, ta bu günümüzə qədər mövcud olan bütün müsəlman dövlətlərinin alimləri, ziyalıları və nəhayət xalqları öz ölkələrin başçılarına beyət edərək, onlara qarşı sədaqət and içmişlər, rəhbərin adları çəkilən zaman onları dua ilə anmışlar. Yalnız bəzi qruplar vardır ki, bunlar istisnadır. Bu qruplardan biri, idarəçiliyində heç bir xəta etməyən məsum rəhbər axtarırlar ki, belə ideal insanın varlığı mümkün deyil. Digər qrup isə yalnız Allah tərəfindən göndəriləcək adil imamın gələcəyini iddia edərək, ondan savayı olan bütün rəhbərlərin zalım, qeyri legitim olduğunu iddia edərək, onlara tabe olmurlar. Hər iki tayfa düzgün yolda deyil! Hər iki tayfanın məhz buna görə tarixdə nə bir dövləti olmuş, olmuşsa belə qısa zaman ərzində o dövlət süquta uğramışdır.

Rəhbər üçün dua etmənin “Sələf-Xəbər”-in yox, islamın əqidəsi olduğunu görmək üçün tarixin müxtəlif dövrlərində yaşamış tanınmış alimlərin, üləmanın sözlərinə nəzər salmaq kifayətdir ki, dövlət başçısının adil və ya qeyri adil olmasından asılı olmayaraq ona dua etmək islamın ən bilinən və aydın prinsiplərindən olduğu aydın olsun.

Elm əhlinin rəhbərə dua barədə sözlərindən

İmam Həsən bin Əli əl-Barbahari (Allah ona rəhmət etsin) deyir: “Əgər bir insanın rəhbərin əleyhinə dua (qarğış) etdiyini görsən, bil ki, bu nəfsinə uyan birisidir! Əgər birinin rəhbər üçün dua etdiyini görsən bil ki, bu Allahın Elçisinin (Allahın ona salavat və salamı olsun) yolu ilə gedəndir.”

Fudayl bin İyaz (Allah ona rəhmət etsin) deyir: “Əgər mənim bir qəbul olunacaq duam varsa, o duanı dövlət başçısı üçün edərdim”

Əbu Osman Subuni (Allah ona rəhmət etsin) sələfin əqidəsini şərh edərkən deyir: “Hədis əhli, yalnız dövlət başçısı ilə birlikdə kafirə qarşı döyüşü cihad hesab edirlər. Əgər rəhbər zalım olsa belə, ona dua etməyi vacib hesab edirlər.”

İmam Əhməd bin Hənbəl (Allah ona rəhmət etsin) deyir: “Mən gecə-gündüz rəhbərə müvəffəqiyyət, dəstək, qüvvət üçün dua edirəm. Bu əməli vacib olduğunu etiqad edirəm!”

Müasir elm adamlarından, şeyx bin Bazdan (Allah ona rəhmət etsin) soruşdular: Elə adam var ki, rəhbər üçün dua etməkdən imtina edir. Bunun hökmü nədir? Şeyx: “Bu onun cahilliyindən və bəsirətinin olmamağından irəli gəlir. Rəhbər üçün dua ən böyük ibadətlərdən, ən yaxşı əməllərdən hesab olunur.”

Bu qəbildən olan çoxlu kəlamları misal gətirmək olar. Halbuki, bunları sadalamağa əslində ehtiyac belə yoxdur. Çünki dövlət başçısına itaət, ona tabe olmaq islamın inkar olunmaz əsaslarından biri, əlifbasından hesab olunur.

Ünvanımıza səslənən iddialardan biridə odur ki, bizlər kim hakimiyyətdirsə ona tabe oluruq, onun üçün dua edirik. Biz bunu olduqca gülünc və məntiqsiz bir fikir olduğunu deyirik. Sizcə kimə beyət olunmalıdır? İqtidarda olan rəhbərə beyət etmədən, bəlkə tarixə qovuşan keçmiş bir rəhbərəmi beyət olunmalıdır?

Bir də ki, heç bir hakimiyyətə yeni gəlmiş rəhbər, xalqını özündən əvvəlki rəhbərə tabe olduğuna görə qınamaz. Əksinə, dövlətçilik ideyaları olmayan xalq bədbəxtliyə düçar olunan xalqdır!

Daha bir iddia edirlər ki, bizlər Rəhbərə duanı təqiyyə ilə edirik. Məlumunuz olsun ki, islamda təqiyyə, yalnız müəyyən şərtlərlə, kafirlə müharibədə ölüm və qalım arasında olarkən (məs: düşmənə əsir düşdükdə) icazə verilir. Təqiyyənin dinin əsasından deyil, fürundan olduğunu etiqad edirik. Yəni, başqa sözlə, müsəlmanın həyat tərzi təqiyyə (ikiüzlülük) üzrə qurula bilməz.

Bunu iddia edərək, qəlblərdə olan niyyətləri oxumaq kimi qeyri adi “bacarığı” olan bu insanlara Rəsulullahın (Allahın ona salavat və salamı olsun) dediyi kimi deyirik: “Qəlbimizi yarıb baxdınızmı ki, bunu biz təqiyyədən deyirik???”

Onlara bir təklifimiz var: biz təqiyyə edərək dua ediriksə əgər, bizləri boş verin! Buyurun, meydanı sizə veririk! Siz öz xəbərlərinizdə dövlət başçısı üçün dua edin. Biz buna baxıb, yalnız sevinərik!

Uca Allahdan bu mübarək Ramazan ayında diləyirik ki, bizim dövlət başçımız, ali baş komandan İlham Əliyevi qorusun!!!

Xalqımıza onun rəhbərliyi altında uğur və müvəffəqiyyətlər nəsib etsin! AMİN.

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb