Ölkə başçılarına itaət etməyin vacibliyinə və onlara qarşı çıxmağın qadağan olmasına aid böyük əhli sünnə alimlərinin sözlərini təqdim edirik:

Əlbəttə ki, İslam dininin toxunduğu çox mühüm məsələlərdən biri də ölkə başçısı ilə xalqın bir-birilərinə qarşı olan haqlarıdır. Gözəl dinimiz hər bir kəsi və xüsusən də, başçını rəiyyətinə qarşı adil olmağa, zülm etməməyə, onların dini və dünyəvi rifahı üçün çalışmağa çağıraraq hər bir ölkə, ailə və digər başçıların əlləri altında olanlardan Allah qarşısında sorumlu olacaqlarını bildirmişdir.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bilin ki, sizlərdən hər biriniz bir cavabdehsiniz və hər biriniz öz rəiyyətinə görə məsuliyyət daşıyırsınız. İnsanların başında duran dövlət başçısı bir cavabdehdir və öz rəiyyətinə görə məsuliyyət daşıyır. Kişi öz ev əhlinə görə cavabdehdir və onlara görə məsuliyyət daşıyır…”. (Buxari, Müslim və digərləri rəvayət edib).

Digər hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Həqiqətən də, adil olanlar Allah-Təala yanında nurdan olan minbərlər üzərində olacaq və Rəhmanın sağ tərəfində duracaqlar. O kəslər ki, hökmlərində, ailələrində və başçılıq etdikləri yerlərdə adil olarlar”. (Müslim, Nəsai və digərləri rəvayət edib).

Həmçinin buyurmuşdur: “Sizin ən xeyirli başçılarınız o kəslərdir ki, siz onları sevərsiz, onlar da sizi. Onlar sizə dua edər, siz də onlara…” (Buxari, Müslim və digərləri rəvayət edib).

Həqiqətən də, başçı ilə rəiyyətin bir-birini sevərək xeyir arzuladığı bir məmləkət necə də gözəldir…

Lakin bu danışacağımız mövzu zülm və fasiqlik edən ölkə başçısına, hakimə qarşı çıxmağın icazəli olduğunu deyən, bilərəkdən və ya bilməyərəkdən bəzi fitnə-fəsad törətmək istəyənlərə Quran ayələrini, Peyğəmbər hədislərini və əhli sünnə alimlərinin yekdil rəylərini çatdırmağı özümüzə borc bildik.

Sələmə ibn Yəzid əl-Cufi Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) soruşur: “Ey Allahın Peyğəmbəri, əgər üzərimizdə öz haqlarını istəyərək bizim haqlarımızı verməyən başçılar olarsa nə etməmizi əmr edirsən?” Peyğəbər (Allahın ona salavat və salamı olsun) ondan üz çevirir. O, yenə soruşur və yenə də üz çevirir. Yenə də ikinci və ya üçüncü dəfə soruşur və Əşas ibn Qeys (Allah ondan razı olsun) onu (paltarının ətəyindən) çəkir və Peyğəmbər (Allahın ona salavat və salamı olsun)buyurur: “Eşidin və itaət edin. Həqiqətən də, onlar özlərinə həvalə edilənə cavabdehdirlər, siz də özünüzə həvalə edilənə cavabdehsiniz”. (Müslim rəvayət edib).

Huzeyfə ibn əl-Yəmən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət edir: “Məndən sonra mənim yolumla getməyən və sünnəmə əməl etməyən başçılar olacaqdır. Onların içərisində bəziləri insan cildində olan, lakin ürəkləri şeytanların ürəklərinə bənzər kişilər olacaqdır”. Huzeyfə deyir: “Əgər o dövrə çataramsa, nə edərəm?” Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Belinə vursa və malını götürsə belə əmiri eşidib ona itaət etməlisən”. (Müslim rəvayət edib).

Adiyy ibn Hətim (Allah ondan razı olsun) deyir ki, dedik: “Ey Allahın Rəsulu, biz səndən (Allahdan) qorxana itaət etməkdən deyil, o kəsə itaət etməkdən soruşuruq ki, o, belə edər, elə edər və şər işləri saydıq”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Allahdan qorxun, eşidin və itaət edin”. (İbn Əbu Asim “əs-Sunnə” kitabında rəvayət edib və Albani “Zilal əl-Cənnət”, 2/494 kitabında səhihləşdirib).

Zeyd ibn Vahb deyir ki, Abdullahın (Allah ondan razı olsun) belə dediyini eşitdim: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizə dedi: “Həqiqətən də, siz məndən sonra sizin haqqınıza girilən işlər və xoşlamadığınız əməllər görəcəksiniz”. Dedilər: “Ey Allahın Rəsulu, bizə nə əmr edirsən?” O dedi: “Onların haqqını yerinə yetirin və öz haqqınızı Allahdan istəyin”. (Buxari rəvayət edib).

Abdullah ibn Abbas (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət edir: “Kim öz başçısından xoşuna gəlməyən bir şey görərsə, ona səbr etsin. Həqiqətən də, kim camaatdan bir qarış belə ayrılar və ölərsə, cahiliyyət ölümü kimi ölmüş sayılar”. (Müslim rəvayət edib).

İbn Battal bu hədisin şərhində deyib: “Bu hədis başçı zalımlıq etsə də belə ona qarşı çıxmamağa dəlildir”. (“Fəthul Bəri”, 9/13)

İbn Teymiyyə (Allah ona rəhmət etsin) deyib: “Ona görə də əhli sünnənin məzhəbindəndir ki, onlar zülm etsələr də belə başçılara qarşı çıxaraq onlara qılınc qaldırmağı icazəli görmürlər. Necə ki, buna Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) çoxlu səhih hədislər dəlalət edir. Çünki döyüşdə olan fitnə-fəsad onların zülmlərindən doğan döyüşsüz və fitnəsiz fəsaddan daha pisdir. İki fəsadın ən pisi ilə digərini dəf etmək düzgün deyildir. Başçıya qarşı çıxan elə bir tayfa yoxdur ki, onların çıxması ilə aradan qaldırmaq istədikləri fəsaddan daha pisi baş verməsin”. (“Minhəs əs-Sunnə, 3/390)

İbn Rəcəb (Allah ona rəhmət etsin) Təmim əd-Dərinin (Allah ondan razı olsun) “Din nəsihətdir” hədisini şərh edərkən deyib: “Müsəlman başçılarına nəsihət etməyə gəldikdə isə bu, onların saleh, doğru yolda və adil olmalarını istəyərək ümmətin onlar üzərində cəm olmasını sevmək və ümmətin onlara qarşı çıxmasına pis baxmaq, Allaha itaət olan şeylərdə onlara itaət etməyi dindən görmək, onlara qarşı çıxmağı icazəli görənə nifrət etmək və Allaha itaət olan şeylərdə onlarla yardımlaşmanı sevməkdir. Həmçinin haqq üzərində onlarla köməkləşərək itaət edib haqqı onlara yumuşaq və incə yolla xatırlatmaq, onlara qarşı qalxmaqdan uzaq durmaq, onların müvəffəq olmaları üçün dua edərək xeyirli insanları buna həvəsləndirməkdir”. (“Cəmiul ulum val hikəm”, 1/222)

İmam Tahavi (Allah ona rəhmət etsin) deyib: “Biz, (əhli sünnə) zülm etsələr də belə ölkə başçılarımıza və əmr sahiblərimizə qarşı çıxmağı icazəli görmür, onlara qarğış etmir, onlara itaət etməkdən boyun qaçırmır, günahı əmr etməzlərsə, onlara olan itaəti Allaha olan itaət kimi fərz görür və onlar üçün xeyir və afiyət diləyərək dua edirik”. (“əl-Aqidə ət-Tahaviyyə”)

İmam Nəvəvi (Allah ona rəhmət etsin) deyib: “Əmr sahiblərindən məqsəd Allah-Təalanın itaətlərini vacib buyurduğu başçılar və əmrlərdir. Bu təfsirçilərdən, fəqihlərdən və qeyrilərindən olan sələf və xələfin cümhur alimlərinin sözüdür. Həmçinin onların alimlər və ya başçılar və yaxud da alimlər və başçıların olduğu deyilmişdir”. (“Şərhu sahihi Müslim”, 12/223)

Həmçinin deyib: “Fasiq və zalım olsalar da belə başçılara qarşı çıxmaq və onlarla döyüş etməyə gəldikdə isə müsəlmanların ittifaqı ilə haramdır. Artıq qeyd etdiyim mənada çoxlu hədislər vardır”. (Şərhu sahihi Müslim”, 12/229)

Abdullah ibn Ömər və Əbu Zər (Allah onlardan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət edirlər: “Sevdiyi və sevmədiyi şeylərdə müsəlman kişiyə günah əmr edilməmək şərtilə eşidib itaət etməsi vacibdir. Əgər günah əmr edilərsə, eşidib itaət etməsi düzgün deyil”. (Buxari, Müslim və qeyriləri rəvayət edib).

Şeyx Mubərakfori (Allah ona rəhmət etsin) deyib: “Hədis dəlildir ki, əgər başçı məndubu (edilməsi savab olan əməl) və ya mübahı (edilməsi nə savab, nə də günah olmayan əməli) əmr edərsə, itaət edilməsi vacib olar. əl-Mutahhər deyib: “Yəni günah əmr etməmək şərtilə istər təbiətinə uyğun olsun, istərsə də olmasın, hakimin sözünü eşidərək ona itaət etmək hər bir müsəlmana vacibdir. Əgər günah əmr edərsə, ona itaət etmək icazəli deyil. Lakin başçıya qarşı müharibə etmək də ona icazəli deyil””. (Tuhfətul Əhvazi”, 5/298)

İmam İbn əl-Qayyim (Allah ona rəhmət etsin) deyib: “Əgər pis əməli inkar etmək o pis əməldən daha pisinə və Allah və Rəsuluna daha da xoş gəlməyən əmələ səbəb olarsa, Allah-Təala onu sevməyərək onu edənə nifrət etsə də belə, o əməli inkar etmək düzgün deyil. Buna başçılara və valilərə inkar edərək onlara qarşı çıxmağı misal gətirmək olar. Həqiqətən də, o əməl zamanın sonuna qədər hər bir şərin və fitnənin əsasıdır…”. (“İləmul muvaqqiin”, 3/6)

İmam Bərbəhəri (Allah ona rəhmət etsin) deyib: “Başçıya qarğış edən bir kişini görsən bil ki, o, bidət əhlidir. Başçının islah olması üçün dua edən bir kişini görsən bil ki, o sünnə əhlidir”. (“Şərhu əs-Sunnə”, səh. 107)

Şeyx Sədi (Allah ona rəhmət etsin) deyib: “Allah-Təala əmr sahiblərinə itaət etməyi əmr etmişdir. Onlar insanlar üzərində olan əmrlər, hakimlər və muftilərdir. Həqiqətən də, insanların dini və dünyəvi işləri yalnız Allaha itaət və Onun yanında olana (axirətə) rəğbət üçün günah əmr etməmələri şərtilə onlara itaət etmək və tabeçiliklə düzələ bilər. Əgər günah əmr edərlərsə, Xaliqə asilikdə məxluqa itaət yoxdur”. (“Təfsir əs-Sədi”, 2/89)

Şeyx Məhəmməd ibn Saleh əl-Useymin (Allah ona rəhmət etsin) deyib: “Başçı ilə müamilədə saleh sələflərin mənhəcini anlayın. Başçının xətalarına görə insanları qaldıraraq ürəklərdə onlara qarşı nifrət oyadılmamalıdır. Belə etmək fəsadın özüdür və insanlar arasında fitnə yaymağın əsaslarından biridir. Necə ki, qəlbləri əmr sahiblərinə qarşı kin-küdurətlə doldurmaq şər, fitnə və sabitsizliyə gətirib çıxarır, eləcə də qəlbləri alimlərə qarşı kin-küdurətlə doldurmaq alimlərin dəyərini azaltmağa gətirib çıxarır və bununla da onların daşıdığı şəriətin dəyərini azaltmağa səbəb olur. Bir kəs alimlərin və əmr sahiblərinin nüfuzunu azaltmağa çalışarsa, bu zaman şəriət və təhlükəsizlik itmiş olar. Çünki alimlər danışan zaman insanlar onların sözlərinə etibar etməz, əmr sahibləri danışan zaman isə insanlar onların sözlərinə qarşı çıxar və bununla da şər və fəsad baş vermiş olar. Bizə sələflərin başçıya qarşı hansı yolu tutmalarına baxmağımız vacibdir. Hər bir insan özünü düzəltməli və işlərin sonunu bilməlidir. Dərk etməlidir ki, inqilab edən kəs yalnız İslam düşmənlərinə xidmət etmiş olar. Nəsihət nə inqilabla, nə də emosiya ilə olmur. Əksinə, nəsihət hikmət ilə olur. Hikmət deməklə xətaya susmağı qəsd etmirəm. Əksinə, vəziyyəti dəyişmək üçün deyil, düzəltmək üçün xətanı müalicə etməliyik. Nəsihət edən o kəsdir ki, vəziyyəti dəyişmək üçün deyil, islah etmək üçün danışar”. (“Risələtu huquq ər-rai va ər-raiyyə”)

Allah-Təaladan bütün İslam ümmətinin dinlərində sabit olaraq xoş, firavan yaşamasını və müsəlman rəhbərlərini xalqlarına, xalqlarını da rəhbərlərinə sevdirərək bir yumruq kimi etməsini diləyirik. Həqiqətən də, O, hər şeyə qadirdir…

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb