Şeyx Əhməd ən-Nəcmi haqqında

Şeyx Əhməd bin Yəhya ən-Nəcmi, 1928- ci il, aprel ayının 13-də Cizan əyalətinin ən-Nucəmiyyə kəndində dünyaya gəlmişdir. Məktəb yaşlarına çatanda kənd məktəbində təhsil almış, təhsilini bitirdikdən sonra Həsən və Hüseyn adlı əmiləri ilə birlikdə alimlərdən elm öyrənmək üçün səfərlərə çıxmağa başlamışdır. Lakin baş vermiş aclıq və qıtlıq səbəbi ilə bir neçə il bu işi təxirə salmalı olmuşdular.

Daha sonra Abdullah əl-Qəravi adlı alimdən elm almağa başlayıb. Onun çalışqan olduğunu görən elm adamları, ələlxüsus Abdullah əl-Qəravi onun təhsilini davam etdirməsi üçün ona dəstək olublar. Böyük elm adamlarından təhsil almış Şeyx ən-Nəcmi vaxt keçdikcə özü də alimlik dərəcəsinə yüksəlmiş və uzun müddət Cizan əyalətinin muftisi olmuşdur.

Məşhur müəllimləri:
Abdullah əl-Qəravi
Məhəmməd bin İbrahim Ali Şeyx
Əbdüləziz bin Abdullah bin Bəz
Hafiz bin Əhməd əl-Həkəmi və b.

Məşhur tələbələri:
Şeyx Rabi bin Hədis əl-Mədxəli
Zeyd bin Məhəmməd Hədi əl-Mədxəli
Ali bin Nasir əl-Fəqihi
Məhəmməd bin Hədi əl-Mədxəli və b.

Vəfatı:
2008-ci ilin avqust ayının 25-də Cizan əyalətinin ən-Nuceymiyyə kəndində vəfat etmiş və orada dəfn olunmuşdur.


Şeyx Əhməd ən-Nəcmi:

Rəhmli və mərhəmətli Allahın adı ilə

Allaha həmd-səna, Onun elçisinə salavat və salam olsun.
Həqiqətən, uca Allah Peyğəmbərini (Allahın ona salavat və salamı olsun) hidayət və doğru din ilə göndərmişdir ki, bütün düşüncələrə hakim olsun. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyat tərzinə baxsaq görərik ki, o, Allahın göndərdiyi şəriətin əməli tətbiqidir. Allahın itaətini vacib buyurduğu şəriət bu ayədə vəsf edilmişdir: “Sonra (ya Rəsulum!) səni də dində şəriət sahibi etdik. Sən ona (o şəriətə) tabe ol və (haqqı) bilməyənlərin nəfslərindən gələn istəklərə uyma! Şübhəsiz ki, onlar Allahdan gələcək bir şeyi (bəlanı, əzabı) səndən dəf edə bilməzlər. Zalımlar (kafirlər) bir-birinin dostudurlar, Allah isə müttəqilərin dostudur!” (“əl-Casiyə”, 18,19)

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) xəyanət və xainlik etməyi qadağan edir, doğruluğu, iffəti və əmanətə vəfalı olmağı əmr edirdi. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) döyüşə dəstə göndərərkən dəstə başçısına xüsusi tapşırıqla Allahdan qorxmağı və dəstə üzvləri ilə xoş davranmağı tapşıraraq buyurardı: “Qorxaq olmayın, uşaqları, qadınları və yaşlı adamları öldürməyin”. (Təbərani “Mucəm əs-Sağir”, 340 rəvayət etmişdir)

İslam Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) xəyanət və xainlik etməyi, qadın, uşaq, döyüşmək bacarığı olmayan və döyüşdə iştirak etməyən yaşlıları öldürməyi qadağan etmişdir. Amma terrorçuların əməllərinə baxdıqda görərik ki, onlar bunun tam əksini edir, fitnə-fəsada səbəb olurlar.

Uca Allah buyurur: “Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman və ədalətlə) düzəldikdən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!” (“əl-Əraf”, 56)

Uca Allah fəsad törədənləri sevmədiyini bildirir və xainlərin heç vaxt uğur qazanmayacaqlarını xəbər verir.
Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) əshabı da eynilə onun yolunu davam etdirirdilər. Onlar düşmənlə qarşılaşdıqda ilk növbədə onları İslama dəvət edirdilər. İslamdan imtina etdikləri təqdirdə kitab əhlindən olanlara cizyə vermək təklif olunurdu. Cizyə verməkdən imtina etdikdə isə qarşı tərəfə döyüş barədə xəbər verilirdi. Kitab əlhindən olmayan düşmənlərə yalnız iki seçim verilirdi: İslamı qəbul etmək, yaxud döyüşmək. Bu növ düşmənlərə də əvvəlcədən döyüş barədə xəbərdarlıq edilirdi.
Bu gün terrorçuların törətdikləri əməllərin İslamla heç bir bağlılığı yoxdur, dinimiz bu kimi əməlləri əsla doğru hesab etmir.

Onlar bu çirkin əməllərini xəyanət və xainlik yolu ilə edirlər. Kimisi belinə partlayıcı kəmər bağlayır, yaxud bomba yüklənmiş maşın idarə edir. Onlar kütlə arasına daxil olub öz məkirli işlərini icra edirlər.
Günümüzdə dünyanın bir çox ölkələrində törədilən terror aktlarının arxasında təkfirçi xəvariclər dayanırlar. Halbuki, Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) onları məzəmmət edərək buyurmuşdur: “Axır zamanda azyaşlı və yüngülbeyin insanlar olacaqdır. Onlar Yaradanın ən xeyirli kəlamları ilə danışacaq, amma özləri ox yayından çıxdığı kimi İslamdan çıxacaq, imanları boğazlarından içəri keçməyəcəkdir. Harada rastlaşsanız, onları öldürün. Həqiqətən, onları öldürən üçün Qiyamət günü mükafat vardır”.

Digər rəvayətlərdə isə onları belə vəsf etmişdir: “Onlar mövcud olan ən pis öldürülmüşlərdir”. “Onların öldürdükləri xeyirli insanlardır”. “Onları öldürənlərə və öldürdükləri kimsəyə müjdə olsun”. “Onlar cəhənnəmin köpəkləridir”. “Əgər mən onları görsəm, onları Ad tayfasını məhv edən kimi məhv edərəm”.
Xəvaricləri vəsf edən bu kimi hədislər çoxdur.

Bu hədislərdən görünür ki, xəvariclər İslamdan xaric sayılırlar və İslam əhkamları onlara aid edilmir.
Məlumdur ki, İslam şəriəti bu kimi özbaşınalıqlardan və hərc-mərclikdən uzaqdır. Dinimiz belə əməl sahiblərini kəskin şəkildə qınayır.

Allahın kitabına və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sünnəsinə tabe olan, səhabələrin yolunu gedən Sələfiləri Britaniya, yaxud digər ölkələrdə törədilən, insan qətli, maddi zərər, xəsarət, qorxu və dövlətə qarşı çıxmaqla müşayiət olunan partlayışlarda ittiham edənlər, əslində, bu əməlin əsl icraçıları, əl-Qaidə təşkilatıdır. Məlumdur ki, əl-Qaidə təşkilatının liderləri Usamə bin Laden, əl-Misəri, Səd əl-Fəqih və digərləridir. Onlar Seyyid Qutub kimi təkfiri təbliğ edənlərin kitablarından tərbiyə götürmüş və Məhəmməd ümmətini haqsızcasına kafir adlandırır, günah sahiblərini təkfir edirlər. Halbuki, heç kəs günah etməkdən məsum deyil.

Həqiqət isə bundan ibarətdir ki, biz heç bir müsəlmanı təkfir etməli deyil, yalnız Allah və rəsulunun (Allahın ona salavat və salamı olsun) təkfir etdiyi ilə kifayətlənməliyik. Uca Allah buyurur: “(Ya Rəsulum!) Sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy olunmuşdur: “Əgər (Allaha) şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan!” (“əz-Zumər”, 65)

“Kim heç bir dəlili olmadığı halda Allahla yanaşı başqa bir tanrıya ibadət edərsə, (Qiyamət günü) onun cəzasını Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar!” (“əl-Muminun”, 117)

“Allahla yanaşı başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan!” (“əş-Şuəra”, 213)

Uca Allah Məryəm oğlu İsanın (Allahın ona salamı olsun) dilindən deyir: “Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!” (“əl-Maidə”, 72)

Bu danılmaz həqiqətdir. Heç kəsin bundan kənara çıxması icazəli deyildir. Allaha şərik qoşmayan, namaz qılan və oruc tutan müsəlmanları təkfir edənlər xəsarət içərisindədirlər.

Müvəffəqiyyət verən Allahdır

Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və əshabına Allahın salavat və salamı olsun

Şeyx Əhməd bin Yəhya ən-Nəcmi
27.08.2005
1426.07.22 hicri

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb