Sual : Siqaret çəkməyin hökmü nədir?! Haramdır, yoxsa məkruhdur?! Onun ticarətini etməyin hökmü nədir?!

Cavab : Siqaret çəkmək, özü murdar (pis) olduğu və özündə çox zərərləri cəm etdiyi üçün haramdır. Allah Öz qullarına yeməkdən, içməkdən və başqa şeylərdən olan təmiz (pak) şeylər halal, murdar (pis) şeyləri isə haram etmişdir. Səndən onlara nəyin halal edildiyini soruşurlar. De: “Təmiz nemətlər. (Maidə, 4)

Allah Öz peyğəmbərini Əraf surəsində belə vəsf edir: O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. (Əraf, 157)

Siqaretin bütün növləri təmiz şeylərdən deyil. Əksinə o, murdar (pis) şeylərdəndir. Beləliklə də, bütün sərxoş edicilər murdar (pis) şeylərdəndir. Siqaret çəkmək, onu satmaq, onun ticarətini etmək icazəli deyil. Çünki onun böyük zərərləri və pis nəticələri var.

Siqaret çəkənə, onun ticarətini edənə vacibdir ki, Allaha tövbə etməyə tələssin, tövbə edib, Allaha qayıtsın, keçmişdə etdiyinə görə peşman olsun və bir daha ona (siqaret çəkməyə) qayıtmamağa əzm etsin. Kim səmimi tövbə edərsə, Allah da onun tövbəsini qəbul edər : Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız. (Nur, 31) , Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram. (Taha, 82)

Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur : Tövbə özündən əvvəl olanları (günahları) silir.

Başqa hədisdə buyurur : Günahdan tövbə edən, günahı olmayan kimidir.

 

Şeyx ibn Bəz
Məcmul Fətava, 6/455

Tərcümə etdi Samiq Mustafayev