Həqiqətən həmd sənalar Allaha məxsusdur. Biz Ona həmd səna edir, Ona sığınır və Ondan bağışlanma diləyirik. Nəfsimizin şərrindən və pis əməllərimizdən Allaha sığınırıq. Allahın doğru yola yönəltdiyi kimsəni heç kəs bu yoldan azdıra bilməz, haqq yoldan azdırdığı kimsəni isə heç kəs doğru yola yönəldə bilməz. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Muhəmməd Onun qulu və elçisidir.

Əssələmu əleykum və rahmətullahi və bərakətuhu

Hörmətli qardaşım! Mənim sənə bunu yazmaqda məqsədim nəsihət etmək, xeyirli işlərdə haqqı tövsiyə etməkdir. Muhamməd (salləllahu aleyhi və səlləm) dinin müsəlmanlar arasında bir nəsihətləşmə olduğunu bildirərək belə buyurur: “Din nəsihətdir.”

Uca və böyük olan Allah da bizləri yaxşılıqlar və təqva üzərində köməkləşməyə çağırır.
Bunları bildiyim üçün sizə nəsihət etməyi dinimin tamamlığı və qardaşlığımızın daha da sağlam təməllər üzərində qurulması nəzərindən sizə Allah üçün nəsihət etmək istədim.

Burada danışmaq istədiyim mövzu Allahın kitabı Rəsulullahın (salləllahu aleyhi və səlləm) sünnətiylə haram olan və heç bir təvil və təhrif qəbul etməyən təqva sahiblərinə haramlığı bəyan olan şeytanın avazı, yəni musiqi haqdadır. Həqiqətən musiqi insanı, müsəlmanı, dinində qəlbi sağlam olanı, Allahdan yayındırır. Allahı zikr etməkdən, Onu xatırlamaqdan uzaqlaşdırır. Qardaşım vallahi ki, bu musiqi faydalı və təqvanı artırmaq üçün bir vasitə olsaydı Allah rəsulu (salləllahu aleyhi və səlləm) və onun səhabələri bu musiqiyə bizdən daha çox bağlı olardılar. Amma onlar imanlarının gücünü, qəlblərinin təqvasını
musiqidə deyil Allahın kitabında tapdılar, Onu yad edib xatırlamaqda tapdılar.

Allah üçün söylə, heç hansısa bir məsciddə mahnıların oxunduğunu, hansısa bir məscid imamının diskotekalarda rep, caz, muğamat, estrada, ya da klassik mahnılar oxuduğunu gördünmü?

Ən azından mahnıları kimlərin oxuduğuna bax. Mahnılarda dəvət edilib çağırılan şeylərə fikir ver.
Allaha həmd olsun müsəlmanlar yaşayan bir camaatın içərisində yaşayırıq məscidlərində “Allahu əkbər” deyilərək ucalan səslər olan bir toplumdayıq. Bizlərə yaraşarmı ki, məscidimizdə “Allahu əkbər” deyilsin, amma bizim evimizdə, iş yerimizdə, dükanımızda o əzan səsi ilə yanaşı “sevirəm səni”, “qəlbim sənindir”, “küçələrə su səpmişəm”, “qapını çırpdı getdi”, “onu sevdim”, “buna aşiq oldum” və s. sözləri ucalsın?
Allah xətrinə de! Muhəmmədin (salləllahu aleyhi və səlləm) səhabələrlə (Allah onlardan razı olsun) oturub Quranı tərk edib hansısa müğənnini çağırtdırıb mahnıya qulaq asdıqlarını təsəvvür edə bilirsənmi?

Uca Allah buyurur:

1.Əlif, Lam, Mim!
2.Bunlar hikmətli Kitabın (Qur’anın) ayəlridir.
3.(O Quran) yaxşı əməl edənlərə bir hidayət (doğru yolu göstərən rəhbər) və rəhmətdir. (Loğman surəsi 1,2,3)

Musiqi haqda belə bir haqq kəliməsi varmı? O doğru yolu göstərirmi? And olsun ki heç bir mahnı sözündə hidayətə çagırış yoxdur. İnsan əgər Quranı mahnıya dəyişirsə yaxşını pisə, gözəli çirkinə, gündüzü gecəyə, nuru zülmətə, sağlamlığı xəstəliyə dəyişmiş olur.
Uca Allah buyurur:

• İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan başqalarını Allah yolundan sapdırmaq və Allahın ayələrini lağa qoymaq üçün boş-boş sözləri satın alırlar. Məhz onları alçaldıcı bir əzab gözləyir. (Loğman surəsi 6)

Bu ayədəki boş-boş sözlər musiqi və mahnıya aiddir. Çünki heç bir mahnıda yüksək əxlaqa, gözəl davranışa çağırış yoxdur yalnız fani dünya həyatında keçici zövqlərə dəvət, həyadan uzaqlaşdırma və məhrəmlə naməhrəm anlayışının aradan qaldırılması vardır.

İbn Kəsir (Allah ona rəhmət etsin) öz təfsir kitabında bu ayəni təfsir edərkən böyuk səhabələrdən olan İbn Məsudun (Allah ondan razı olsun) bu ayədəki boş-boş sözlər nədir deyə soruşulduğu
zaman: (Allaha and olsun ki, bu mahnıdır) deyə üç dəfə təkrarlamışdır.

Həmçinin böyük təfsir alimlərinində bu fikirdə olduğunu
İbn Kəsir (Allah ona rəhmət etsin) öz təfsir kitabında qeyd etmişdir. Onlardan: İbn Abbas, Cabir, İkrimə, Səid ibn Cubeyr, Mucahid,Əmr ibn Şueyb (Allah ondan razı olsun) və s. kimi böyük təfsir alimləri ayədə qeyd olunan boş sözlərin mahnı olduğunu demişdir.

Həsən əl-Basri bu ayə haqda belə buyurur:
(İnsnlar arasında elmsiz Allah yolundan saptırmaq üçün haqqı boş sözlərə dəyişənlər vardır.” ayəsi mahnı və çalğı alətləri haqda nazil olmuşdur.

Həmçinin Muhamməd (salləllahu aleyhi və səlləm) sünnəsində də musiqinin qəti haram olmasına dəlillər vardır. Buxari (Allah ona rəhmət etsin) səhih əsərində Əbu Malik əl Əşaridən (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: ”Ümmətimdən zinanı, ipəyi, içkini və musiqi alətlərini halal qəbul edən insanlar çıxacaq. (Buxari Kitabul əşribə 5590)

Başqa bir hədisdə isə Səhl b. Səd (Allah ondan razı olsun) rəvayət edir ki, Rasulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Qiyamətə yaxın pozğunluq, iflas və çirkinlik baş alıb gedəcək”. Biz “ey Allahın Rasulu! Bu nə vaxt olcaqdır? deyə soruşduq O: Musiqi alətlərinin və qadın müğənnilərinin çoxaldığı vaxt! Deyə buyurdu” (Hədisi ibn Məca rəvayət edib)

Əbu Malik əl Əşari (Allah ondan razı olsun) rəvayət edir ki, Rasulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Ümmətimdən bəziləri içki içib ona başqa adlar verəcəklər. Başlarının üzərində çalğı çalınacaq və qadınlar mahnı oxuyacaqdır. Allah onları yerə batıracaq” (Buxari, Tarix kitabında 1/305)

Həmçinin bizim ümmətin böyük alimlərinin də musiqinin haram olması barədə çoxlu sözləri var:
1.İbn Məsud (Allah ondan razı olsun) deyir ki, “Yağış bitkiləri böyüdüb yetişdirdiyi kimi musiqi də qəlbdə munafiqliyi yetişdirir” (İbn Əbid Dunyə)
2.Ömər b. Abdul Əziz (Allah ondan razı olsun) buyurur ki, musiqi başlanğıcı şeytandandır sonu isə Rəhmanın qəzəbidir. (İbn Əbid Dunyə)
3.İmam Ə’zam Əbu Hənifə (Allah ondan razı olsun) “Musiqi qəlbin şərabıdır”demişdir.
4.Hənəfi məzhəbindən olan İbn Abidin (Allah ondan razı olsun) deyir: Musiqi haramdır. (Xaşiyə İbn Abidin 4/322)
5.Əbu Yusif (Allah ondan razı olsun) deyir ki, Əğər bir evdən musiqi səsini eşitsən sahibinin icazəsi olmadan içəri gir! Çünki pisliyi aradan qaldırmaq vacibdir. (“İğasətul Lehfan” 1/425)

Əziz qardaşım sənə olan nəsihətim bu qədər. Allah bizlərə haqqı haqq olaraq görüb ona əməl etməyə, batili batil olaraq görüb ondan uzaq olmağa kömək olsun və bizləri sabit etsin. Allah və Rəsulunun əmrləri gəldikdə onları hər bir şeydən üstün tutanlardan etsin…! Əmin!

Osman Sələfi