17 Avqust 2008 ci il. Zöhr namazını bitirib, tələsik məscidin aşağı mərtəbəsinə endik. Bəli, bu gün bazar idi. Demək Qamət qardaş dərs verməliydi. Verdi də…

Dərsin adı isə “Cihadın 8 şərti” idi. Ənənəvi olaraq Şeyx dərsi bitirdikdən sonra suallara vaxt ayırdı və bir-bir sualları cavablayırdı. Bu vaxt qardaş Şeyxə belə bir sual oxudu:

– Namazı nə vaxt yarıda kəsmək olar?

Şeyx sualı ucadan bizim üçün təkrarlayıb cavab verdi:

– Birdən dəstəmaz pozulsa və ya nə isə bir fəlakət baş versə. Gördün ki, ev yanır və ya zəlzələ oldu, özünü qorumaq üçün çıx namazdan!

Bu vaxt bir qardaş sual verir:

– Fəlakət baş verir. Lakin bilə-bilə namazı davam etdirir. Bu vaxt dağılır üstünə və vəfat edir. Şəhid sayılırmı?

Şeyx susur… Bir neçə saniyəlik sükutdan sonra isə cavab verir:

– Bilmirəm. Allah bilir.

Bunu dedikdən sonra Şeyx bir cümlə işlədir. Bircə cümlə. O cümlə ki, indiyənədək qulağımdadır. Şeyx deyir: “Əgər tutaq ki, namaz qıla-qıla dərhal fəlakət baş verdi və çıxa bilmədin namazdan, inşəallah, şəhidsən. Yaxşı sondur bu…”

Şeyx, bu cümləni işlədərkən nə biləydi ki, bir neçə saat sonra həmin bu imtahan onların özünü gözləyir. Bəli, Allahın qədəridir və O istədiyini edir.

Və dərs bitir. Şeyx Qamət:

– Qardaşlar, gələn dərs bilmirəm olacaq yoxsa yox, amma o biri həftə 100% dərs olmayacaq!

Bəli, məscid Ramazana hazırlaşırdı.

Dərs bitdi. Şeyxi bir daha məğrib namazında görəcəkdim. Və həmin məğrib namazı…

Hər dəfə birinci səfdə əyləşən qardaşlar bu gün nədənsə həmin səfdə gözə dəymədilər. Hətta Şeyxin arxasında birinci səfdə dayanan qardaş, sıxlıq olduğundan geri çəkilməli oldu və gəlib 4-cü səfdə dayandı. Bəziləri isə 1-ci səfdəkilərin bu qardaşın haqqına girdiklərini düşündü. Lakin sonradan həmin qardaş: ”Kaş ki,geri çəkilməyəydim”, – deyəcəkdi.

Və iqamə verildi. Şeyx, həmişəki kimi “Səfləri düzəldin, topuqları və çiyinləri birləşdirin”, – deyib, ani olaraq sağa-sola baxdı və təkbir etdi. Və nəhayət… həmin şüşə səsi. Şeyx “Allahu Əkbər”, – dedi, və gurultu…

Nədənsə gurultu səsi 5-10 saniyə qulaqlarda davam etdi və nəhayət, bu gurultu səsini qardaşların səsləri pozdu. Əksəriyyət məscidi tərk edir. Aşağı mərtəbədə olan qardaşlar isə yuxarı qalxıb bu cümlələri təkrarlayırdılar:

-Qardaşlar, səbirlə, sakit olun!

Bu an ən çox nəzərimi cəlb edən və məni ən çox kədərləndirən bir neçə qardaşın geriyə çevrilmədən belə qaçaraq, məscidi tərk etmələri idi. “Qardaşlar, nədən qaçırsınız? Allahın qədərindənmi? Hara qaçırsınız? Axı məsciddə yaralanan qardaşlara kömək lazımdır!”

Qışqıraraq verilən bu sualları həmin qardaşların bəziləri eşitdi və bir an sükut edib geri qayıtdılar. Sanki onlar qəflətdən ayılmışdılar.

Ən çox eşidilən isə – “Yaralılara kömək edin, Çıxarın yaralıları” – cümlələri idi.

Gözlər qumbaranın partladığı yerə yönəldi:

– Şeyx hanı?

Cavab özünü gözlətmir. Şeyx ayağa qalxıb, qardaşları yaralılara kömək etməyə çağırır. Şeyxözü də yaralanmışdı. Bir neçə qardaş şeyxi əlinə götürüb məsciddən çıxarmaq istəyir. Şeyx yaralı halda deyir: “Əxi, məni yox, o biri qardaşlara kömək edib, onları çıxardın.”

Bu arada nəzərlər Təyyar qardaşa yönəldi.Boğazından axan qanı əli ilə saxlamaq istəyirdi. Düzdür, bir neçə qardaş yaralı idi. Eləcə də ağır yaralanan Vaqif qardaşımız idi. Amma gözlər həmin gəncə baxırdı.

Sübhənəllah. Ölümün beləsi necə də gözəldir. Gözlər də məhz bu gözəlliyi seyr edirdi. Bəli… Təyyar qardaşımız dünyasını dəyişdi. Bu qardaşımızın 22 yaşı var idi. Xəstəxanada onun yanında olan və onun bu dünyada son anlarının şahidi olanlar danışırdılar:

– Ölüm qabağı özünə gələn Təyyar “Qamət sağdır?”, “Qamət sağdır?” deyə çağırıb. Qamətin sağ olduğunu ona deyiblər. Yenə məscidin imamı Qaməti soruşub və onu görmək istəyib. Amma az sonra Təyyar dilindən kəlimeyi şəhadət gətirib, dünyasını dəyişdi. Sübhənəllah. Məkkə müşrikləri Məhəmməd peyğəmbərin (s.ə.s) səhabəsi olan, ən yaxın dostu olan Əbu Bəkri (r.a) özünü itirənə qədər döydükdən sonra özünə gələn Əbu Bəkr (r.a): “Peyğəmbər sağdır?”, “Peyğəmbər sağdır?” deyə çağırmışdı. Allah tərifə layiqdir.

Allah təala Təyyar qardaşıma bu dünyada nəyə can atdığını nəsib etsin, hər namazda etdiyi duanı ona Axirətdə hədiyyə etsin. Anası ilə edə bilmədiyi söhbətlərini Cənnətdə etsin. Amin!

Bəli… qardaşlar vəfat etdi.

Sonradan çoxları o qardaşların yerində olmağı arzu edirdilər. Həqiqətən, Allahu Təalə onlara gözəl ölüm nəsib etdi. Allahummə, onları Cənnət əhlindən et! Amin

Məscid həsrəti..

Artıq iki ildir məscidə gedə bilmirik. Bəzən qısa bir vaxt insana çox uzun görünür. Amma hər halda çox darıxmışam. Həqiqətən onun üçün burnumun ucu göynəyir. Doğrudanmı bir şeyin qədrini bilmək üçün onu mütləq itirmək lazımdır? Heç məscid bağlanandan sonra həmin küçədən yolunuzu salmısınızmı? Qıraqdan da olsa, məscidi seyr edib, xatirələrə dalmısınızmı? Bəli, bu həmin ƏbuBəkr məscidi idi. Hansı ki, məscid açıq olarkən səhlənkarlıqdan gəlmədiyiniz, “Məscid hər vaxt açıqdır, gedərəm!”, – deyib camaat namazlarını buraxdığınızda, nə vaxtsa Allahu təalənin bu böyük neməti əlinizdən alacağını heç düşünmədinizmi? İndi məscidə qıraqdan tamaşa edərkən qəribsəmiş kimi görünürəm.

Bəs siz necə..?

Ona baxarkən hansı hisslər keçirirsiniz? Məscid xatirələri də sizi göz yaşları içində boğurmu? Namaza tələsdiyiniz anları xatırlayırsınızmı? Heç bir dəfə də olsun məscid həsrətindən gözləriniz yaşardımı? Məscidi seyr edərkən xatirələr məni neçə il öncələrə aparır: “İlk dəfə məscidə gəldiyim günlər. İlk fərz namazı, ilk cümə namazı və ilk bayram namazı. Bəli… İlk dəfə Ramazan bayramında məscidə gələrkən bayram namazından sonra qardaşların bir-birini qucaqlayıb, təbrik etmələri. Tanıdıqları və tanımadıqları ilə salamlaşıb, onlar üçün dua etmələri… Həqiqətən, həmin vaxt gördüklərim qəlbimdə özünə böyük bir yer etmişdir.
Bəli… Bu həmin məscid idi. ƏbuBəkr məscidi.

O məscid ki, camaatı sırf Allaha ibadət və dua edirdi.Ona şərik qoşmurdular.

O məscid ki, orada deyilən xütbələr birbaşa Allah və Rəsulunun (sas) yoluna dəvət edirdi.

O məscid ki, camaatı onlara qarşı olan təzyiqlərə, cürbəcür ağılasığmaz böhtanlara baxmayaraq səbirli olub, dinlərində sabit qalmışdılar.

O məscid ki, İslam dininin gerçək mənasını insanlara anlatmışdır.

O məscid ki, camaatı nöqsansız insan olmadıqlarını dərk edir və buna görə “nöqsansız olan”dan bağışlanma diləyirdilər.

O məscid ki, camaatı aciz ikən “aciz olmayan”dan kömək diləyirdilər.

Adı “Cümə məscidi” idi. O “Cümə məscidi” ki, artıq iki ildir orada cümə namazı qıla bilmirik.

Yadımdadır, soyuq bir qış axşamı idi. Yolları buz bağlamışdı. Məscidə məğrib namazına gəlmişdim. Hava şaxtalı və çovğun idi. Həmin gün məscidimizə verilən istilik sistemi və işıq da kəsilmişdi. Lakin bu da bizi ruhdan salmadı. Qardaşlar qarlı havada, çətinliklə də olsa məscidi müvəqqəti işıqlandırdılar. Məscidin aşağı mərtəbəsinə yığışıb namaz qıldıq və isti olması üçün sıx əyləşib dərsdə iştirak etdik.

Ehh… Bir daha olacaqmı bu cür bərəkətli dərslər?

Amma hələ də məscidin açılmasını gözləyirəm. Bilirəm ki, nə vaxtsa bir gün yenidən Allahu təalə məscidi üzümüzə açacaq. Hər bir şeydən ümidimi kəssəm də, Allahu təalədən ümidimi kəsməmişəm. Çünki bir gün Qurani-Kərimdən bu ayələri oxumuşdum: “Allahdan ümidinizi üzməyin. Çünki kafirlər toplusundan qeyrisi Allahdan ümidlərini üzməzlər!” (Yusif surəsi,87)

Amma hər bir iztirabın, bir sonu olacaq. Məgər Allahu təalə buyurmadımı: “Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək lazımdır!) (Şərh surəsi,6)

Onun üçün səbir edin, müsəlmanlar. Bilirəm bəzən səbir etmək çox çətin olur. Amma bilin ki, Allahın rəhməti gerçəkdir və O möminlər üçün Cənnət hazırlamışdır. Bəlkə bu səbəbdən səbr etməyə dəyər.