Məqalələr Müsəlman hakimlərə münasibət

Rəhbərə itaətin cəmiyyətə və fərdlərə təsiri

Şeyx Saleh ibn Fövzan əl-Fovzan (Allah onu qorusun) demişdir:

Müsəlman rəhbər ətrafında birləşmək müsəlmanlar üçün vacib olan hökmlərdəndir və bu barədə ixtilafa düşmək icazə deyil. Çünki bu ixtilaflar, silahlı qarşıdurmaya gətirib çıxara bilər. Bunun qarşısını almaq üçün Allahın kitabı və Peyğəmbərin ﷺ sünnəsinə müxalif olmadığı müddətcə rəhbərin mövqeyi ilə razılaşmadığımız yerlərdə biz öz mövqeyimizi tərk etməliyik.

Uca Allah buyurur: «O, bunun üçün onları yaratdı».

Allah onları ixtilafa düşsünlər deyə deyil, birləşsinlər deyə yaratmışdır. Buna görə onlar ixtilafın icazəli olduğu bəzi məsələlərdə ixtilafa düşsələr belə, O onları, Ona təslim olmaları, Ona ibadət etmələri üçün yaratmışdır. Bu məqamı başa düşməmiz vacibdir.

Xuzeyfə İbn Yəman (Allah ondan razı olsun) demişdir: «İnsanlar Peyğəmbərdən ﷺ xeyir haqqında soruşurdular, mən isə şər haqqında soruşurdum çünki onun başıma gəlməsindən qorxurdum».

Təkcə xeyri bilmək kifayət deyil, şərdən qoruna bilmək üçün onu da bilmək vacibdir. Əgər şərin nə olduğunu bilməsən, ona düşə bilərsən.
«Mən şərə düşməmək üçün onu öyrəndim, şər törətməkçün deyil.
Xeyir nədir, şər nədir bilməyən ona (şərə) edər meyl» (beyt).

Xuzeyfənin (Allah ondan razı olsun) şər haqqında soruşmaqda məqsədi bu idi. Şəri sevdiyi üçün onu öyrənmirdi, şər ilə qarşılaşdıqda nə etmək lazım olduğunu bilmək istəyirdi. «Mən şərə düşməyimdən qorxduğum üçün ondan şər haqqında soruşurdum.» Bu zaman Peyğəmbər ﷺ ona müsəlmanları hansı itkilərin və ixtilafların gözlədiyini xəbər verdi. Xuzeyfə (Allah ondan razı olsun) soruşdu: «Əgər bu bəlaları görəcək qədər yaşasam, mənə nə etməyi əmr edirsən?»
Peyğəmbər ﷺ belə cavab verdi: «Müsəlman topluluğu (camaatı) və onların rəhbəri ilə birlikdə ol».

Əgər insanlar arasında, hazırda olduğu kimi fitnələr, ziddiyyətlər, ixtilaflar baş versə, müsəlman camaatın və onun rəhbərinin yanında olmalısan. Bu ixtilaflara düşməmək üçün müsəlman camaatı və rəhbəri ilə bir ol.

Sonra Xuzeyfə (Allah ondan razı olsun) dedi: «Ey Allahın Rəsulu, əgər onların (vahid) camaatı və rəhbəri olmasa, o halda necə olacaq?»
Peyğəmbər ﷺ dedi: «Dişlərinlə ağacın gövdəsindən yapışmaq məcburiyyətində qalsan da, bütün qruplardan uzaq dur. Ölüm səni yaxalayana qədər bu vəziyyətdə qal» (əl-Buxari).

Bu onu göstərir ki, insan qarışıqlıqda iştirak etməməli və ondan mümkün qədər uzaq olmalıdır. Müsəlman hər nə olursa olsun fitnə-fəsadlardan çəkinməli və onlara qatılmamalıdır. Bu onun üçün daha yaxşıdır.

Beləliklə, iki hal mövcuddur.
▫️ Birinci hal: müsəlmanlar arasında vəhdət və rəhbər varsa, onlarla birlikdə olmaq lazımdır ki, beləliklə insan özünü şərdən və ixtilafdan xilas etmiş olacaq.
▫️ İkinci hal: əgər vahid camaat və rəhbər yoxdursa. Allahdan başqa güc və qüvvət sahibi yoxdur! O zaman dinini qorumaq üçün fitnə-fəsad törədənlərdən uzaq olmağın vacibdir.

Əgər bu bəla sənin də başına gəlsə, «dişinlə ağacın gövdəsindən yapışmaq» lazım olsa belə, fitnə-fəsaddan çəkin və ölüm səni yaxalayana qədər bu vəziyyətdə qal.

📚 Şeyx Fovzanın «Rəhbərə itaətin cəmiyyətə və fərdlərə təsiri» mövzusunda mühazirəsindən

🖋 Ramin Mütəllim