Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) demişdir: “Dünyada bu iki yerdən başqa müqəddəs (həram) torpaq yoxdur: Məkkə həramı və Mədinə həramı. Bəzilərinin də “əl-Əqsa həramı” və “İbrahim həramı” dediklərinə gəldikdə isə, bu doğru deyil və heç bir dəlilə əsaslanmır”. əş-Şərh əl-Mumti” (7/215).

Allahın mədh etdiyi və digərləri ilə müqayisədə üstünlüyünü xatırlatdığı müqəddəs şəhər Məkkədir: təhlükəsizlik, əmin-amanlıq yeri, Məhəmməd Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) vəhyin gəldiyi və onun bəşəriyyətə Elçi təyin olunduğu yer.

Allah, Qurani-Kərimdə bu şəhərə and içir: “And içirəm bu şəhərə (Məkkəyə) – Sənin yaşadığın (sənə halal olan) şəhərə”. (Qurani-Kərim, “Bələd” surəsi, 1-2-ci ayələr).

İbn Kəsir (Allah ona rəhmət etsin) demişdir: “Bu Allah-Təalanın “Umm əl-Qura” (bütün şəhərlərin anası) Məkkəyə andıdır. Çünki orada yaşamaq insanı şəhərin əzəmətini ifadə edən bir hala salır, orada insanlar ihram vəziyyətində, toxunulmazlıqda yaşayırlar”. Uca Allah buyurmuşdur: “And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə)!” (Qurani-Kərim, “Tin” surəsi, 3-cü ayə).

Məkkənin üstünlüyünü və müqəddəsliyini göstərən bir çox rəvayətlər mövcuddur:
1. Yalnız Allaha ibadət etmək üçün tikilən Qədim Ev (Beytul-Ətiq) Məkkədədir. Bu tikili bəşəriyyət üçün tikilmiş ilk monteist ibadət yeri olub. Uca Allah buyurur: “Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Məkkədədir”. (Qurani-Kərim, “Ali-İmran” surəsi, 96-cı ayə).

Buxari (3366) və Müslim (520) hər iki Səhih toplusunda Əbu Zərrin (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: – Mən dedim: Ey Allahın Rəsulu! Yer üzündə ilk inşa edilən məscid hansıdır? – O buyurdu: “Məscidul-həram” (Məkkədə). – Soruşdum: Sonra hansı?- O dedi: Əl-Məscid əl-Əqsa. – Dedim: Onların arasında nə qədər (zaman fərqi) var? – O dedi: Qırx il. Ona görə də namaz vaxtı çatanda harada olsanız, namazı qılın, çünki orada fəzilət var.

İbn Qayyim (Allah ona rəhmət etsin) demişdir: “Mahiyyətini bilməyənlərin bu hədisi anlaması çox çətindir, kimsə deyə bilər ki, “Məscidul-Əqsa”nı Peyğəmbər Süleyman ibn Davud (hər ikisinə Allahın salamı olsun) inşa edib və onunla İbrahim arasında min ildən çox məsafə var). Bu həmin insanın cahilliyindən xəbər verir. Çünki Süleyman (Allahın ona salamı olsun) sadəcə, “Məscidul-Əqsa”nı yenidən bərpa və təmir etmişdir – ilk olaraq onu inşa edən və ya tikən olmamışdır. Əslində, onu inşa edən Yaqub ibn İshaq (hər ikisinə Allahın salamı olsun) olmuşdur və bu, İbrahim (Allahın ona salamı olsun) Məkkədə Kəbəni tikəndən sonra baş verib.” (Bax: Zəd əl-Məad, 1/50).

2. Allah bu şəhəri qan tökmək, ağac kəsmək, ov heyvanlarını ovlamaq və ya hürkütmək, kolları kəsmək, itmiş bir əşyanı (onu tapdığını elan etmək niyyəti ilə götürüb sahibini axtarmaq istisna olmaqla) götürmək icazəli olmayan Həram (qüdsi) bir şəhərə çevirib. Buxari (104) və Müslim (1354) iki Səhih toplusunda Əbu Şureyhdən (Allah ondan razı olsun) rəvayət edir: “Mən Məkkənin fəthinin ertəsi günü Rəsulullahın (Allahın ona salavat və salamı olsun) dediyi sözləri eşitdim. Həmin sözləri mənim bu qulaqlarım eşitdi, qəlbim duydu və o, bu sözləri söyləyərkən gözlərim onu gördü. (Peyğəmbər) Allaha həmd edib Onun şəninə təriflər dedikdən sonra belə buyurdu: “Məkkənin toxunulmaz olduğunu insanlar deyil, məhz Allah buyurmuşdur. Odur ki, Allaha və Axirət gününə iman gətirən adama orada nə qan tökmək, nə də bir ağac baltalamaq halal olmaz. Əgər kimsə Allahın Elçisinin (Allahın ona salavat və salamı olsun) orada döyüşdüyünü əlində əsas tutaraq buna rüsxət versə, (ona) “Allah Öz elçisinə izn vermişdir, sizə isə izn verməmişdir”- deyin. O, mənə yalnız bu günün bir saatında belə etməyə izn verdi və bu gün (Məkkə) yenə də dünənki kimi toxunulmaz oldu. Qoy, burada olanlar (eşitdiklərini) aramızda olmayanlara təbliğ etsinlər.” (Buxari 104, 1832, 4295, Muslim 3370, 1354/446).

3. “Məscidul-həram”da namaz qılmağın üstünlüyü var. İmam Əhməd “Müsnəd” əsərində (14694) səhih ravi zənciri ilə Cabirin (Allah ondan razı olsun) nəql etdiyi hədisdən rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Mənim bu məscidimdə qılınan (bir) namaz “Məscidül-həram” istisna olmaqla, digər məscidlərdə qılınan min namazdan daha yaxşıdır”. (Buxari 1190, Muslim 3440, 1394/5) Elm əhli həsənətin (savabın) çoxalmasının bütün həram əraziyə, yoxsa yalnız Kəbənin ətrafındakı “Məscidul-həram”a aid olduğunu araşdırıblar.

Birinci məsələ: yuxarıda qeyd edilmiş hədisdə deyilir ki, “Məscidul-həram”da qılınan namaz 1000 dəfə daha üstündür. “Məscidul həram”ı xatırladan Quran və Sünnə mətnləri bütün Həram ərazisini nəzərdə tutur. Allah-Təala buyurur: “Bu, ailəsi “Məscidul həram”da yaşamayanlara aiddir”. (Qurani Kərim, “Bəqərə” surəsi, 196-cı ayə) Uca Allah buyurur: ““Məscidul həram”dan ətrafına xeyir-bərəkət verdiyimiz “Məscidul əqsa”ya aparan (Allah) pak və müqəddəsdir”. (Qurani-Kərim, “İsra” surəsi, 1-ci ayə) Həmin gecə o səhabə qadın Umm Həninin (Allah ondan razı olsun) evindən səmaya qaldırılmışdır. Lakin Allah oranı yenə də “əl-Məscid əl-Həram”, yəni təkcə Məscidə yox, müqəddəs əraziyə istinad edən kəlmə ilə adlandırmışdır. Buna Sünnədən də dəlillər var: “Allah Elçisi (Allahın ona salavat və salamı olsun) Hudeybiyyədə (Məkkə və Mədinə arasında bir yer) olanda namaz vaxtı idi və o Hərama (Müqəddəs) girərək namaz qıldı”. (Əhməd, “Müsnəd” əsərində yaxşı rav zənciri ilə rəvayət etmişdir, 18910).

İkinci məsələ odur ki, Sələflər Həram ərazisində bütün əməllərin mükafatının (savabının) çoxaldığını göstərir. Şanı ən Uca Allah isə Quranda buyurur: “Kafir olanlara, (insanları) həm Allah yolundan, həm də bütün insanlar – istər yerlilər, istərsə də gəlmələr üçün qurduğumuz “Məscidul həram”dan sapdıranlara və orada zülm etməklə (haqdan) dönmək istəyənlərə üzücü bir əzab daddıracağıq”. (Qurani-Kərim, “Həcc” surəsi, 25-ci ayə). Həramın müqəddəsliyinin əzəməti, orada pis əməllər işləməyin qəti şəkildə qadağan olunması və həmçinin, yaxşı əməllərə böyük həsənət (savab) verilməsidir. Bu məsələ ilə bağlı təfsilatlı araşdırma mövcuddur.

4. Uca Allah bizə bildirib ki, Məkkə Umm əl-Quradır (şəhərlərin anasıdır): “Beləliklə, Biz sənə ərəbcə Quran vəhy etdik ki, şəhərlər anası (Məkkə) (əhlini) və onun ətrafındakıları xəbərdar edəsən və barəsində heç bir şübhə doğurmayan məhşər gününü yadlarına salasan. (İnsanların) bir qismi Cənnətdə, digər qismi isə Odda olacaqdır”. (Qurani-Kərim, “Şura” şursəi, 7-ci ayə) Odur ki, bütün şəhərlər, kəndlər və qəsəbələr ondan törəyib və onun qollarıdır.

5. Məkkə dünyadakı bütün insanlar üçün qiblədir və dünyada ondan başqa qiblə yoxdur. Allah buyurmuşdur: “Hara (səfərə) çıxsan, (namaz qıldıqda) üzünü “Məscidul həram”a tərəf çevir!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 150-ci ayə) Buxari (398) və Müslim (331) iki Səhih toplusunda Usamə ibn Zeyd ibn Abbasdan (Allah onlardan razı olsun) rəvayət edir ki, Allah Elçisi (Allahın ona salavat və salamı olsun) öz evindən çıxdı, üzünü Kəbəyə tutaraq iki rükət namaz qıldı və daha sonra dedi: “Budur Qiblə”.

6. Hərama daxil olan hər kəs əmin-amanlıqdadır. Uca Allah buyurmuşdur: “Oraya daxil olanın təhlükəsizliyi təmin olunar”. (Qurani-Kərim, “Ali-İmran” surəsi, 97-ci ayə).

“Beləliklə, bu, bizi Allahın sözlərində hər hansı bir ziddiyətin qeyri-mümkün olduğu ilə yanaşı, məsələnin gerçəkliyi barədə də məlumatlandırır. Və ya onun müqəddəsliyinə dair Allahın qanunları (Şəriət) və Onun dini ilə bağlı məlumatlandırır. Və ya bizə İslamdan əvvəlki cahiliyyə dövründən bu günə qədər onun müqəddəsliyinə dair vəsiyyətləri çatdırır.
Necə ki, Allah-Təala buyurmuşdur: “Məgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda, (Məkkəni) onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi? Onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər?” (Qurani-Kərim, “Ənkəbut” surəsi, 67-ci ayə) “Kafirlər dedilər: “Əgər biz səninlə birlikdə doğru yolla getsək, yurdumuzdan qovularıq”. Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər cür meyvənin gətirildiyi, müqəddəs, təhlükəsiz bir yerdə yerləşdirmədikmi? Lakin onların çoxu (bunu) bilmir”. (Qurani-Kərim, “Qasas” surəsi, 57-ci ayə). (Bax, Zəd əl-Məad, 3/445)

7. Təbii ehtiyacını ödəyərkən ona üzünü və ya arxanı çevirmək qadağandır. Buxari (394) və Müslimin (264) Əbu Əyyub əl-Ənsaridən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə nəql edilir ki, Allah Elçisi (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ayaqyolunda üzünüzü və ya arxanızı qibləyə yönəltməyin, yalnız şərqə və ya qərbə tərəf yönəlin!”

8. Allah bu yeri Həccin ayinləri üçün seçmiş və bura səyahət etməyi ibadət aktı etmişdir – bununla insanın dərəcəsi yüksəlir və günahları silinir. Buxari (1521) və Müslim (1350) Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim nalayiq danışmadan və bəlli vaxtlarda qadınla yaxınlıq etmədən, Uca Allahın rizasını qazanmaq üçün həcc edərsə, həccdən sonra anadan doğulduğu kimi (günahsız) olar”.

9. Məkkə dünyada ən yaxşı, Allaha və Onun Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun) ən sevimli yerdir. ət-Tirmizi “Sünən” (3925) əsərində səhih bir hədisdə Abdullah ibn Adiydən (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (Allahın ona salavat və salamı olsun) Məkkəyə müraciətlə demişdir: “Allaha and olsun ki, sən Allahın ən xeyirli və ən sevimli diyarısan. Əgər tayfam məni buradan çıxarmasaydı, mən buradan çıxmazdım”.

Həmçinin, Tirmizi (3926) İbn Abbasdan (Allah onların hər ikisindən razı olsun) rəvayət edir ki, Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) Məkkə torpağına buyurmuşdur: “Sən mənim üçün ən sevimli və xeyirli diyarsan! Əgər tayfam məni buradan çıxarmasaydı, mən başqa yerdə yaşamazdım”.

10. Bura Allahın Öz Peyğəmbərini gecə səyahəti zamanı Cənnətə qaldırdığı yerdir. Allah-Təala buyurmuşdur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı “Məscidul həram”dan ətrafına xeyir-bərəkət verdiyimiz “Məscidul əqsa”ya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir”. (Qurani-Kərim, “İsra” surəsi, 1-ci ayə).

11. Üç məscid istisna olmaqla heç bir yerə dini ziyarətə getmək icazəli deyildir. “Məscidul həram” da onlardan biridir. Buxari (1189) və Müslim (1397) Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət edir ki, Allahın elçisi (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Üç məsciddən başqa heç bir yerə ziyarət səfəri etmək olmaz: Məscidül həram” (Məkkə), Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məscidi (Mədinə) və “əl-Əqsa” məscidi (Yerusəlim)”.

12. Allah-Təala Məkkədəki Müqəddəs Evi xüsusi olaraq Özü ilə əlaqələndirmişdir: “…evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!” (Qurani-Kərim, “Həcc” surəsi, 26-cı ayə) Bu əlaqə, Allahın Kəbəyə bəxş etdiyi müqəddəslik və Məkkəyə bəxş etdiyi şərəf və Onun Məkkəyə sevgisi səbəbilə xüsusi əhəmiyyət daşıyır. Bu şəhər üçün və Böyük Məscid üçün bu şərəf kifayətdir.

13. Uca-Allah insanların ürəyini Öz Müqəddəs Evinə, Böyük Məscidə bağlayıb. O bu məkanı onlar üçün daimi qayıdış yeri edib: “Biz evi (Kəbəni) insanlar üçün ziyarət və əmin-amanlıq yeri etdik”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 125-ci ayə).

Ürək dönə-dönə ora qayıtmaq istəyir. Və əsrlər keçdikcə, oranı ziyarət etmək istəyənlərin sayı yalnız artmaqdadır. Bir görün ürəkləri bu bərəkətli məkanı arzuladğı üçün insanlar öz halal qazanclarını necə xərcləyir, işlərini, evlərini və ailələrini tərk edirlər.

Onları bunun maliyyəti maraqlandırmır, çünki Allahın Evinin Həcc və Ümrə üçün ziyarət olunması, alovun qızılı, gümüşü və dəmiri qatışıqlardan təmizlədiyi kimi yoxsulluğu və günahları təmizləyir. Rəhman və Rəhim Allah bizə yalnız Ona ibadət etmək və Onun razılığını qazanmaq məqsədilə “Məscidul-həram”ı ziyarət etmək imkanı versin, amin.

Mənbə: www.abukhadeejah.com

«SələfXəbər» saytının redaksiyası tərəfindən tərcümə olunub