Allaha həmd və sənalar olsun və Onun Peyğəmbərinə Allahın salavatı və salamı olsun

Terrorçuluğa yönəlmiş ədavət

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bilin ki, sizlərdən hər biriniz bir cavabdehsiniz və hər biriniz rəiyyətinə görə məsuliyyət daşıyırsınız. İnsanların başında duran dövlət başçısı (imam) bir cavabdehdir və öz rəiyyətinə görə məsuliyyət daşıyır. Kişi öz ev əhlinə görə cavabdehidir və onlara görə məsuliyyət daşıyır. Qadın ərinin evinə və onun uşaqlarına görə cavabdehdir və onlara görə məsuliyyət daşıyır. Qul öz ağasının malına görə cavabdehdir və ona görə məsuliyyət daşıyır”. Rəvayətçi deyir ki, həmçinin dedi: “Kişi atasının malına görə cavabdehdir və ona görə məsuliyyət daşıyır. Hər biriniz cavabdehsiniz və rəiyyətinizə görə məsuliyyət daşıyırsınız”.(Buxari, (853); Müslim, (1829), Əbu Davud (2928) və başqaları rəvayət etmişdir.)

Ata övladlarına əxlaqi fəzilətləri öyrətməyə, onları sevdirməyə və riayət etdirməyə görə cavabdehdir . Və o uşaqlarını əxlaqa zidd şər əməllər barədə xəbərdar etməli, onlara bu əməllərə nifrət etməyi və uzaqlaşmağı öyrətməlidir.

Məsələn, o, uşaqlarına Allahın insanları yaratdığı fitrət üzrə olan tövhidi, yalnız Allaha ibadət etməyi öyrədir. O, (Allaha) ibadəti və itaəti sevməyi öyrətməli, onları buna alışdırmalıdır. Ata, həmçinin, onlara İslamda orta yolu, İslamın dözümlülüyünü, ədalətini və mötədilliyini öyrətməli və bu məqamları onlara izah etməlidir. Habelə, onlara dözümsüzlüyün, ekstremizmin və terrorçuluğun səbəb olduğu təhlükələri izah etməlidir. Onlara fitnənin nə olduğunu və fitnəkarların kim olduğunu bildirməlidir.

Mömin valideynlərin (və ya digər qəyyumların) məsuliyyət daşıdığı ən mühim məsələlərdən biri, öz uşaqlarına sədaqəti və ədavəti, sevgi və nifrəti öyrətməkdir. Hədisdə buyurulmuşdur: “İmanın ən etibarlı ipi, Allah üçün dostluq etmək, Allah üçün düşmənçilik etmək, Allah üçün sevmək, Allah üçün nifrət etməkdir”. (əl-Bəzzar və ət-Təbərani rəvayət etmişdir.)

Odur ki, onlara bir çox insanların ifrata və təfritə düşdüyü dözümlülük və mötədillik barədə bildirmək zəruridir. Uşaqlara İslamı, müsəlmanları sevmək öyrədilməli və hətta, onlar üçün dua etməklə də dəstək olmaq öyrədilməlidir.

Eləcə də, (Allaha qarşı) imansızlığa və kafirlərin istənilən küfrünü sevməmək, onları bu məsələlərdə dəstəkləməmək öyrədilməlidir. Bununla bərabər, izah edilməlidir ki, kafirlərə qarşı bəslənən kin, onlara təzyiq göstərmək, xətər yetirmək və ya düşmənçilik etmək demək deyildir. Əksinə, Allah onlarla ədalətli olmağı əmr edir. Məsələn, Uca Allah bizə Kitab əhlinin (yəhudi və xristianların) hazırladığı yeməkləri yeməyə, onlarla evlənməyə, onları hikmətlə, yumşaq moizə ilə və yalnız layiqli şəkildə mübahisə aparmaqla İslama dəvət etməyə icazə verib.

Terrora və terrorçulara qarşı nifrət

Boynumuza düşən vəzifələrdən biri, uşaqlarımızda terror və terrorçuluğa qarşı nifrət oyatmaqla, terrorçuların əməllərini ifşa etməklə onları tərbiyələndirməkdir. Biz uşaqlarımızı onlardan təcrid etməli və belə yolun və məqsədin ardınca getməkdən uzaqlaşdırmalıyıq.

Onlara izah edilməlidir ki, bu terrorçular doğru yoldan azmış, (İslamı) hiyləgərcəsinə təhrif edən insanlardır. Şeytan onlara təsir edib, onları azdırıb və aldadıb. Şeytan fitnə-fəsad yaymaq üçün belə insanlardan istifadə edir. Hətta, müsəlmanlara qarşı düşmənçilik bəsləyən sionistlər və digərləri müsəlman ölkələrində terrorçuların törətdiyi bu cür bombardmanları və dağıntıları görüb sevinirlər. Biz uşaqlarımıza izah etməliyik ki, terrorçuların özlərinə haqq qazandırmaq üçün Quran və Sünnədən istifadə edərək törətdikləri partlayışlar insanları aldatmaqdan və xəyanətdən başqa bir şey deyil.

Həmçinin, terrorçulardan, hətta, birinin qarşısı alındıqda (həbs edildikdə və s.) və ya öldürüldükdə onlar sevinməlidirlər. Uşaqlara öyrədilməlidir ki, hətta, bir terrorçunun həbsi və ya qarşısının alınması İslam və müsəlmanlar üçün qələbədir; bu müsəlmanlar üçün asanlıq və rahatlıq, bu cür təhlükəli terrorçunun şərindən qorunmaq deməkdir.

Əlbəttə ki, hər hansı bir terrorçunun hazırladığı sui-qəsd ifşa olduqda və ya törədəcəyi cinayətin qarşısı alındıqda və ya hətta, cinayətkar terrorçu ən yüksək cəzaya da layiq görüldükdə, bu, xoşbəxtlik və sevinc günü olmalıdır.

Terrorçular məğlub olduqda biz onlara qarşı hüzn nümayiş etdirməməliyik. Çünki uşaqlarımız bizdən ziddiyyətli davranış görməməli və ya terrorçular barəsində şübhəyə düşməməlidirlər. Əgər onlar hər hansı terrorçunun ölümü ilə əlaqəli kiminsə hüznləndiyini görsələr, onlara izah olunmalıdır ki, bu onların halına yanmaqdan irəli gələn kədərdir. Terrorçulara bəslənən xoş münasibətdən yox, şeytanın onları necə aldatdığından və onları məhv etdiyindən doğan hüzndür.

Terror aktları (uşaqlarla müzakirə etdikdə) çox ciddi qəbul edilməlidir və terrorçuların özlərinə qarşı da sərt və ciddi mövqedə olmaq lazımdır.

Bu ona görədir ki, hələ onlar haqqında həqiqəti bilməyənlər onlara qarşı rəğbət göstərməyə başlamasın.

Biz bütün bunları yalnız asudə vaxtımız olanda demirik və ya bu bir dərs deyil ki, dəfələrlə vurğulayaq. Lakin uşaqlarımıza aydın olmalıdır ki, terrorçuların törətdiyi cinayətlər dağıntılardan başqa heç nəyə səbəb olmur. Onlar öz əməllərini Məkkə və Mədinədə də edir, hətta Məkkədə möminləri öldürürlər…

Biz onlara izah etməliyik ki, bu insanlar kişiləri, uşaqları, qadınları və yaşlıları onlar gecə yuxusunda ikən öldürür. Onlar, hətta (bəzi müsəlmanları) namaz qıldığı və Quran oxuduğu zaman öldürüblər. Biz uşaqlarımıza izah etməliyik ki, terrorçular – xəvaric kimi tanınan azmış firqə imansız xainlər kimi qeyri-müsəlmanları öldürürlər. Çünki dövlətlərimiz ölkəmizin və vətənimizin rifahı naminə o qeyri-müsəlman əcnəbilərin xidmətlərindən istifadə edir.

Və biz uşaqlarımıza bildirməliyik ki, bu cür terrorçuların “cihad” adı altında insanları öldürməkdən və hər yeri viranə qoymaqdan başqa məqsədləri yoxdur. Onlar ağıldan və hikmətdən məhrumdurlar. Onlar, tövhid dininin düşmənlərinin razılığı ilə yalnız partlayışlara və dağıntılara səbəb olan cihazlara bənzəyir.

Terrorçuluğa aparan yol

Hər bir müsəlmanın borcudur ki, özünü və öz qayğısı altında olanları ekstremizm, dözümsüzlük və terrorçuluğa yol aça bilən istənilən vasitədən qorusun. Allah buyurur: “Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır”. (Qurani-Kərim, ət-“Təhrim” surəsi, 6-cı ayə).

Özümüzə və uşaqlarımıza terror və ekstremizm barədə xəbərdarlıq edib daha sonra onları bütün bunlara yol açan vasitələrin təsirinə məruz qoymaq mənasızdır. Bizim vəzifəmiz onları xəbərdar edib dözümsüzlük və terrorçuluğa yol aça bilən istənilən yoldan uzaqlaşdırmaqdır. Odur ki, biz onlara ifrata varmaq və dözümsüzlük göstərmək, şərli insanlarla ünsiyyət qurmaq və azmış insanlarla oturub-durmaqdan çəkindirməliyik. Və biz onları əməlisaleh insanlarla vaxt keçirməyə və şübhəli yerlərdən uzaq durmağa təşviq etməliyik.

Allahdan özümüzü və uşaqlarımızı ekstremizm və fitnədən qorumasını və digərlərini saleh əməllərə təşviq edən əməlisaleh insanlar olmalarını diləyirəm.
Düzünü isə Allah bilir. Peyğəmbərimiz Məhəmmədə Allahın salavatı və salamı olsun.

 

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb