Aləmlərin, Nuhun, İbrahimin, Musanın, İsanın və Məhəmmədin Rəbbi olan Allaha həmd olsun. Onların hamısına Allahın salavatı və salamı olsun.

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) öz ölümündən sonra xəvariclər (ekstremistlər) kimi tanınan bir qruplaşmanın peyda olacağını xəbər verib. O bildirib ki, onlar əsas İslam camaatını tərk edəcək, İslamdan çıxacaq, adi günahlar əsasında müsəlmanları kafir elan edəcək (təkfir) və onlara qarşı vuruşacaqlar. Həqiqətən, onlar Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) əvvəlcədən xəbər verdiyi kimi 30 ildən də az müddət sonra meydana gəldilər və məhz onlar terrorçu əl-Qaidə təşkilatı və İŞİD terror xəvaric qruplaşmasının əcdadlarıdır.

Xəvariclər və onların təsviri

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlar haqqında məşhur, səhih hədisində “Ox şikardan (girib digər tərəfindən) çıxdığı kimi onlar da dindən çıxarlar”“imanları boğazlarından aşağı enmir” “onlar Quran oxuyurlar, lakin bununla belə Quran onların körpücük sümüyündən aşağı enmir”– deyərək onların nadanlığı və saxta alimliyinə işarə edir. Daha sonra o buyurub: “Onlar məxluqatın ən yaxşısının sözü ilə danışacaq”, yəni gözəlləşdirilmiş, cəlbedici sözlər deyəcək və “Siz (yəni Səhabələr) öz namazınızı onların (yəni xəvariclərin) namazı ilə, orucunuzu onların orucu ilə müqayisədə aşağı görəcəksiniz”, yəni onlar “böyük iman nümayiş etdirəcəklər”“(onlar) yaşca cavan və ağıldan zəifdirlər” “onların danışığı gözəl, cəlbedici, əməlləri isə şərlidir”“onlar yaradılmışların ən şərliləri”dir və onlar “Allahın kitabına çağırır, lakin özləri ona əməl etmirlər”.[1].

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) daha irəli gedərək onların “göy qübbəsi altında öldürülənlərin ən şərliləri” olduğunu və ”Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün (keçmişdə məhv edilmiş bir xalq) öldürüldüyü kimi öldürərdim”– deyib – yəni, böyük İslam alimi İbn Hacərin təfsir etdiyi kimi, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onların hamısını bir nəfər kimi öldürərdi. O, (Allahın ona salavat və salamı olsun) həmçinin, onlar haqqında deyib: “…onlar Cəhənnəmin köpəkləridir”.

Müsəlman rəhbərlər xəvariclərlə döyüşməyi əmr edib

Xəvariclər peyda olaraq fitnə saldıqda və qan tökdükdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) müsəlman rəhbərləri onlarla döyüşməyə təşviq edib. O buyurub: “Onlarla harada rastlaşsanız öldürün. Onları öldürənə Qiyamət günü mükafat vardır”. Bu səbəbdən raşidi xəlif Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) zamanından bu günə qədər xəvariclər peyda olub müsəlmanlara qarşı mühakimə yürütdükdə müsəlman rəhbərlər onlara qarşı vuruşublar.

Bu vəzifə müsəlman rəhbərlərin nəzarəti altında həyata keçirilir və subyektlərin öhdəsinə götürəcəyi bir vəzifə deyil. Lakin xəvariclər tərəfindən hücuma məruz qaldıqda, subyektlər öz həyatlarını, əmlaklarını və mülklərini qorumaq üçün onlarla vuruşa bilərlər.

Dəccal onların ordusundan çıxacaq

Məhəmməd Peyğəmbər, (Allahın ona salavat və salamı olsun) həmçinin deyib: “Onlar hər əsr peyda olacaq və hər dəfə məğlub olacaqlar. Bu da onların arasından Dəccal çıxanadək davam edəcəkdir!”[2]. Bu onu göstərir ki, xəvariclər Dəccalın tərəfində müsəlman rəhbərlərə və İsa əleyhissəlam missiyanı tamamlamaq üçün qayıtdıqda onun ardınca gedən rəiyyətlərə qarşı vuruşacaqlar.

Xəvariclərin doktrinaları və əməlləri İslama mənsub edilməməlidir

Bu hədislərdən açıq-aydındır ki, xəvariclər, onların doktrinaları və əməlləri İslama ziddir. Həmçinin, onlar İslam şəriətində haram olanı halal etdilər, bu isə qanı haram olan insanları öldürməkdir. Onlar bu cinayəti icazəli ediblər və bunu İslama mənsub ediblər, bu isə böyük küfrdür.

Müsəlman alimlər xəvariclər haqqında

İmam əl-Əcurri (hicrətin 360-cı ili) öz “Şəriət” kitabında yazır: “(Rəhbərin) ədalətli və ya zülmkar olmasından asılı olmayaraq, ona qarşı qiyama qalxan xəvaricin yüksəlişinin, öz başına bir qrup toplayaraq qiyama qalxmasının, qılıncını çıxararaq müsəlmanları qətl etməyi icazəli görməsinin şahidi olan insana bu adamın yolu və metodologiyasının xəvariclərin yolu və metodologiyası olduğu açıq-aydındırsa, o zaman o bu şəxsin Quran oxuması, qiyamda uzun müddət dayanması, davamlı oruc tutması, elmdə gözəl sözlər danışmasına aldanmamalıdır”.[3].  İbn Həzm əl-Əndəlusi (hicrətin 456-cı ili) deyib: “Onlar müsəlmanların nizamlı işini korlamağa (xaosa çevirməyə) can atmağa və möminlərin dünyasını bölməyə son qoymurlar. Onlar möminlərə qılınc qaldırır və dünyada fitnə-fəsad yayırlar.”[4].

Şeyxulislam ibn Teymiyyə (hicrətin 728-ci ili) deyib: “…və müsəlmanlar (xəvariclərlə mübarizədə) (bu metodologiyadan) əl çəkməyib…ət-Tirmizi və digərlərinin rəvayət etdiyi hədisdə Əbu Ümamədən nəql edilir ki, (xəvariclər) “göy qübbəsi altında öldürülənlərin ən şərliləridir və ən xeyirli öldürülənlər onların öldürdükləridir”. Bu o deməkdir ki, onlar müsəlmanlar üçün daha zərərlidir. Çünki nə yəhudilər, nə də xristianlar müsəlmanlara onlardan daha çox zərər vurmur. Çünki onlar öz rəyləri ilə razılaşmayan hər bir müsəlmanı öldürməyə can atır, onların qanını, malını və uşaqlarını öldürməyi icazəli görür, onları təkfir edirdilər. Və onlar öz cahillikləri və bidətləri səbəbi ilə bunu ibadət sayır və doğru yoldan azırdılar…”.[5]. İbn Teymiyyə, həmçinin, deyib: “Əhli Sünnə yekdil rəydədir ki, (xəvariclər) yolunu azmış bidətçilərdir, onlarla vuruşmaq səhih mətnlərə əsasən fərzdir və xəvariclərə qarşı vuruşmaq möminlərin əmiri Əlinin (Allah ondan razı olsun) ən fəzilətli əməllərindəndir və Səhabələr onlarla vuruşmaq məsələsində (onunla) həmrəy idilər”[6].

Müasir sələfi alimləri xəvariclər barədə

Şeyxulislam Məhəmməd bin Əbulvahhabın (hicrətin 1205-ci ili) nəvələri, onların dövründə ekstremist doktrinalar irəli sürmüş xəvaric dəstələrini təkzib edib. Biz şeyx ibn Baz, şeyx əl-Albani, şeyx ibn Useymin, şeyx Rabi bin Hədi, şeyx Muqbil bin Hədi, şeyx Əhməd əl-Nəcmi, şeyx Zeyd əl-Mədxali, şeyx Əbdul Muhsin əl-Abbad, şeyx Abdullah əl-Ğudəyyan, şeyx Salih əl-Fövzan, şeyx Ubeyd əl-Cabiri, şeyx Məhəmməd bin Hədi və digər alimlərin müasir erasına yetişməzdən əvvəl o yerlərin alimləri son 200 il ərzində xəvariclər əleyhinə danışmaqdan və yazmaqdan yorulmayıblar. Müsəlmanlar arasında qərbdəki sələfi alimlər, sələfi institutları, məscidlər və mərkəzlər və ümumiyyətlə sələflər qədər heç kim xəvaric ekstremistlərə və onların doktrinalarına qarşı məntiqli və güclü, davamlı və ardıcıl şəkildə çıxış etməyib. Sələfilik bir yana, xəvaricləri, ümumiyyətlə, İslamla əlaqələndirmək cinayət və böyük ədalətsizlikdir.

Müasir xəvariclərin mənşəyi

20-ci əsrin sonlarında müsəlman torpaqlarında peyda olmuş xəvariclər, bioqrafiyaçı Sələh əl-Xalidinin öz “Səid Qütb min əl milad ilə əl-İstişhəd” kitabında qeyd etdiyi kimi, İslamdan əvvəl ömrünün 15 ilini Avropa materialist fəlsəfələrinə (marksizm, kommunizm) həsr etmiş misirli Səid Qütbün yazıları və doktrinalarından qaynaqlanır.

O, bir müddət sekulyar “Vəfd” partiyasının üzvü olub. 1940-cı illərin əvvəllərində o, Misirin Böyük Mason Lojasının nəşr etdiyi aylıq “Misir Tacı” jurnalının redaktoru olub. Səid Qütb 1940-cı illərin sonlarında İslam barəsində yazmağa başladıqda, öz kommunist, sosialist keçmişini cüzi islamı bilikləri ilə qarışdırdı və öz təhrif olunmuş dəyərləndirmələri ilə erkən İslam tarixini, Peyğəmbərin səhabələrinin İslamını təhrif etdi. 1953-cü ildə o “Müsəlman qardaşları” təşkilatına qoşulduqdan sonra öz ekstremist doktrinalarını daha da tam şəkildə inkişaf etdirməyə başladı və onun qələmindən çıxan qəzəb İslamın ilk hökmranlıq edən sülaləsinə – Əməvilər sülaləsinə yönəlməklə kifayətlənməyərək bütün müasir müsəlman cəmiyyətlərinə sirayət etdi.

O, bütün müsəlman cəmiyyətləri açıq şəkildə İslama aid heç bir şeyi özündə əks etdirməyən kafir cəmiyyətlər adlandırırdı. O iddia edirdi ki, onlar İslamdan əvvəlki cahiliyyə dövrünə qayıdıblar. Öz çirkin, mənfur hökmləri ilə o Leninist üslubda yazılar qələmə alaraq bütün müsəlman ölkələrindəki insanları qiyama qalxmağa çağırırdı. Müsəlman cəmiyyətlərə qarşı nifrətlə dolu olan bu yazılar təkfirçi ekstremist qruplaşmaların törəməsinə səbəb oldu. Bu təkfirçi ekstremistlər növbəti bir neçə onilliklər ərzində digər müsəlman ölkələrinə yayıldılar. Onlar bu ekstremist doktrinalara haqq qazandırmaq üçün zülmə qarşı çıxmaq və zülmü dəf etmək üçün ədalətli, şərtləşdirilmiş müharibə – cihad konsepsiyasını və İslamın digər aspektlərini təhrif etdilər. Onlar müsəlman ölkələrində insanları qiyama çağırmağa başladılar. Terrorçuluğu qərbə yaymazdan əvvəl, xəvariclər öz İslam əleyhinə ideologiyaları əsasında 70-ci, 80-ci və 90-cı illərdə partlayışlar törətdilər və günahsız insanları, qadınları və uşaqları qətlə yetirdilər. Xəvariclər, həqiqətən, 1400 il ərzində müsəlman cəmiyyətlərə qarşı terror törədiblər.

Əl-Qaidə və İŞİD

Əl-Qaidə və İŞİD terror xəvaric qruplaşmalarının liderləri Səid Qütbün doktrinalarının ardıcıllarıdır. Nüsayrilərin lideri Bəşər əl-Əsədə qarşı qiyam baş verdikdə, xəvaric dəstələri digər ölkələrdən Suriya torpaqlarına girdilər. Qərb gücləri bu ekstremistlərə taktiki dəstək verdi, çünki Bəşər əl-Əsədin devrilməsi qarşıya qoyulmuş regional strateji məqsəddir. İraqda zəif, ruhlandırılmamış və mənəviyyatı pozulmuş ordunun yaratdığı boşluq, əvvəllər əl-Qaidənin üzvü olmuş şəxslərin ölkənin şimal ərazilərində nəzarəti ələ almasına və qondarma “İslam Dövləti” qurmasına səbəb oldu. Saxta “islam xilafətinə” qoşulanlar və qondarma xəlif Əbu Bəkr əl-Bağdadi Məhəmməd Peyğəmərin (Allahın ona salavat və salamı olsun) onları təsvir etdiyi kimi, yaşca cavan, cahil və ağıldan zəif, emosiyaların idarə etdiyi və İslam şəriəti barədə elmi az olanlardır.

Müsəlman ölkələrində, xüsusilə, körfəz ölkələrində hökumətlərin İŞİD-i dəstəklədiyini iddia etmək doğru deyil. Çünki İŞİD-çi xəvariclər o ölkələrin rəhbərlərini və onlara sadiq olan rəiyyətləri kafir, qeyri-müsəlmanlardan da pis və öldürülməyə daha çox layiq olan insanlar hesab edir. Müsəlman dövlətləri hökumətlərinin bu insanlara dəstək verməsi məntiqli deyil.

İŞİD-in barbarsayağı əməlləri

Bu insanların mətbuat vasitəsilə baş kəsməyin təşviq edilməsi kimi vəhşi əməllərinə gəldikdə isə, imam ibn Şihəb əl-Zühri (Allah ona rəhmət etsin) (hicrətin 124-cü ili) deyib: “Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) heç vaxt kəsilmiş baş gətirilməyib. Hətta, Bədr (döyüşü) günü də. Kəsilmiş başı Əbu Bəkrə (Allah ondan razı olsun) gətiriblər, o isə bu əməli qadağan edib”.[7].

Müharibə zamanı düşmənin başının kəsilməsi İslama aidiyyatı olan əməl deyil və nə Peyğəmbər (Allahın ona salavat və salamı olsun), nə də səhabələr bunu etməyiblər. İndi İŞİD terror xəvaric qruplaşması, əl-Nusra cəbhəsi və digər qruplaşmalar Suriya və İraq ərazisində bir-birilə vuruşur. Bu isə onların doğru yoldan tamamilə azdıqlarının göstəricisidir. Bu onu sübut edir ki, həqiqətdə onlar İslama əsaslanmır, onları ilhamlandıran var-dövlət, güc və liderlikdir. Onlar öz şəxsi mənafeləri naminə sadəlövh və gənc insanları cəlb edir, İslamdan bu məqsədləri uğrunda bir vasitə kimi istifadə edirlər.

Biz, bütün icmalçıları, KİV nümayəndələrini, yazıçıları, jurnalistləri və akademikləri ədalət nümayiş etdirməyə və əvvəlcə də qeyd edildiyi kimi, ideologiyaları İslama qətiyyən uyğun gəlməyən bu fitnəkar xəvariclərin vurduğu damğanı İslamın və müsəlmanların üzərindən götürməyə çağırırıq.

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb

[1] Bu hədislər Buxari, Müslim, Əbu Davud, İbn Macə və digərlərinin hədis toplularında mövcuddur.
[2] İbn Macə rəvayət edib (№ 176)
[3] Əl-Şəriə (səh. 28)
[4] Əl-Fəsl fil miləl əl-Əhva vəl Nihal (5/98).
[5] Minhəcus-Sünnə (5/248).
[6] Minhəc əl-Sünnə (6/116).
[7] Əl-Sünən əl-Kübra, əl-Beyhaki (9/132).