Məqalələr Nəsihət

Qohum haqları – Şeyx Muhəmməd Salih əl-Useymin

Şeyx Muhəmməd Salih əl-Useymin haqqında:
Şeyx Useymin Hicri ilə 1347- ci ildə, Ramazan ayının 27-si, Qasim bölgəsinin Uneyzə şəhərində, abid bir ailədə dünyaya göz açmışdır. Ana babası olan- Şeyx Abdurrəhman ibn Suleymandan elm almağa başlamış, ondan Quran qiraətini öyrənmiş və Quranı hifz etmişdir. Şeyx Useymin Uneyzə Universitetinin müəllimi olub, daha sonra Muhəmməd ibn Saud İslam Universitetinin Şəriət və Usulud-Din fakultələrinə müəllim təyin edilib. Bundan əlavə, Şeyx Useymin Səudiyyə Ərəbistanı Böyük Alimlər Heyətinin də üzvü seçilib.

Bir gün həmin dövrdə Səudiyyə Ərəbistanının Muftisi olan Şeyx Muhəmməd ibn İbrahim Aluş-Şeyx (Allah ondan razı olsun) Şeyx Useyminə qazi olmaq təklifini edir. Hətta, onu Şəriət Məhkəməsinin rəisi təyin edir. Lakin Şeyx Useymin bu vəzifəni qəbul etmir və uzun israrından sonra Şeyx Useymin bu vəzifədən azad olunur. Bu hadisə Şeyx Useyminin dünyaya deyil, elmə həris olduğunu, daim tələbələri ilə bir yerdə olmaq istəyini göstərən gözəl örnəklərdən sadəcə biri idi.

Hicri ilə 1414-cü ildə Şeyx Useymin elmə verdiyi töhfələrinə görə Beynəlxalq Kral Feysal mükafatına layiq görülür. Şeyx Useymin beş oğlan və üç qız olmaqla, səkkiz uşaq atası idi. Şeyx, Hicri ilə 1421-ci ildə (2001-ci il) çərşənbə günü Məğrib namazından sonra, uzun müddət xərçəngdən müalicə aldığı Ciddədəki Kral Feysal Xəstəxanasında vəfat edib. Şeyxin dəfnində yarım milyondan çox insan iştirak edib və Kəbədə qılınan cənazə namazından sonra Şeyx Useymin ikinci böyük müəllimi olan Şeyx Abduləziz ibn Bəzin yanında dəfn edilib.

Şeyx Useyminin müəllimləri: Şeyx Abdurrəhman ibn Nasır əs-Səadi, Şeyx Abduləziz ibn Abdullah ibn Bəz, Şeyx Muhəmməd əl-Əmin ibn Muhəmməd əl-Muxtar əş-Şənqiti, Şeyx Əli ibn Həmid əs-Salihi, Şeyx Muhəmməd ibn Abduləziz əl-Mutəvva, Şeyx Abdurrəhman ibn Əli ibn Avdən, Şeyx Abdurrəhman ibn Suleyman-(Şeyx Useyminin babası).


Şeyx Muhəmməd Salih əl-Useymin – Qohum haqları

Əqrəbalar sizinlə qan qohumluğu və sıx bağları olan insanlardır: qardaş, əmi (dayı), xala (bibi) və ya onların uşaqları kimi. Qohumluq bağınız olan hər bir kəsin sizinlə necə qohum olmasına müvafiq olaraq üzərinizdə haqqı var. Bu barədə Uca Allah buyurur: “Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver”. (Qurani-Kərim, “İsra” surəsi, 26-cı ayə).

Uca Allah, həmçinin, buyurur: “Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir”. (Qurani-Kərim, “Nisa” surəsi, 36-cı ayə).

Odur ki, qohumlarla ən gözəl şəkildə davranmaq və ehtiyaclarına müvafiq şəkildə kömək etmək və dəstək vermək hər kəsin vəzifəsidir. Şəriət, əqlimiz və fitrətimiz bunu zəruriləşdirib. Silatur-rahimi (qohumluq əlaqələri) təşviq edən bir çox dini mətnlər mövcuddur.

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini nəql edir: “Qüdrətli və əzəmətli Allah məxluqu yaratdı. Yaradılışı başa çatdırdıqdan sonra qohumluq əlaqəsi ayağa qalxdı. (Allah) Buyurdu: “Dayan!” O dedi: “Bu, qohumluq əlaqələrini kəsməkdən Sənə sığınanın məqamıdır”. (Allah) Buyurdu: “Səni birləşdirəni birləşdirməyimə, kəsəni də kəsməyimə razı deyilsənmi?” O dedi: “Əlbəttə ki (razıyam), ya Rəbb!” (Allah) Buyurdu: “Sənin üçün məhz belə olacaq!””
Sonra Əbu Hureyra (Allah ondan razı olsun) dedi: “İstəyirsinizsə, bu ayəni oxuyun: “Əgər siz başçılıq etsəniz (yaxud haqdan üz döndərsəniz), ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz””. (Qurani-Kərim, “Muhəmməd” surəsi, 22,23-cü ayələr)(Buxari (1987) və Müslim (3456) rəvayət edib.).

“Kim Allaha və Axirət gününə inanırsa, qohumluq əlaqələrini saxlasın”.(Buxari (6138) Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət edib.).

Təəssüflər olsun ki, bir çox insanlar bu haqqı layiqincə ödəmir və bu məsələ ilə əlaqəli həddləri pozur. Onlardan bəziləri qohumlarla əlaqə saxlamağa və ya onlara xeyirxahlıq etməyə can atmır; yaxşı rəftar, xüsusi hallarda hədiyyələr bəxş etmək, ehtiyac olduqda onlara kömək göstərmək baxımından. Həqiqətən, günlərlə və ya aylarla onları görmür və ya ziyarət etmirlər. Və bəzən qohumluq əlaqələrini saxlamağa can atmaq əvəzinə, bəzi insanlar qohumlarını ya söz, ya hərəkət və ya hər ikisi vasitəsilə incitməklə bu əlaqələri kəsmək niyyətində olurlar. Ola bilsin ki, bu cür insanlar, hətta, qohumluqları çatmayan insanlarla sıx münasibətdə olur, lakin qohumlarla əlaqələri kəsir!

Bəzi insanlar yalnız onlarla əlaqə saxlayanlarla əlaqə saxlayır, lakin onlarla əlaqəni kəsənlərlə əlaqəni kəsirlər. Bu cür insanlar həqiqi vasil (qohumluq əlaqələrini saxlayanlar) deyil, bu cür insanlar “dişədiş” prinsipinə əsaslanan insanlardır. Odur ki, onlar istər qohumlar olsun, istər digərləri, yalnız onlarla əlaqə saxlayan insanlarla əlaqə saxlayırlar. Lakin həqiqi vasil qohumlarının onunla əlaqə saxlayıb saxlamamasına baxmayaraq, Allahın razılığını qazanmaq üçün qohumluq əlaqələrini saxlayandır.

Abdullah ibn Amr (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini nəql edir: “Qohumluq əlaqələrini qarşılıqlı olaraq saxlayan adam, əlaqə quran bir kimsə sayıla bilməz. Həqiqi əlaqə quran o kimsədir ki, qohumu onunla əlaqələri kəssə belə, onu yenidən qursun”.

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına gəlib dedi: “Ey Allahın elçisi! Mənim qohumlarım var. Mən onlarla əlaqələri birləşdirir, onlarsa mənimlə əlaqələri kəsirlər, mən onlara yaxşılıq edir, onlarsa mənə pislik edirlər, mən onlarla mülayim danışır, onlarsa mənimlə kobud rəftar edirlər”. O buyurdu: “Əgər sən deyən kimidirsə, onda elə bil ki, sən onlara isti kül yedizdirirsən. Bu cür rəftarın davam edənədək Allah tərəfindən onlara qarşı sənin yanında (onların əziyyətlərini dəf edən) köməkçi olar”.(Buxari rəvayət edib. (5911)).

Allahın qohumluq əlaqələrini saxlayan insanla bu dünyada və Axirətdə əlaqə saxladığı, bu səbəblə ona qarşı lütfünü çoxaltdığı və bunun vasitəsilə işlərini asanlaşdırdığı, bununla qəm-qüssəni ondan kənar etdiyi insana mükafat olaraq kifayətdir. Lakin bununla bərabər silatur-rahimin insanının öz ailəsi və qohumları arasında yaxınlığa səbəb olduğu, həmçinin, insanlar arasında sevgi, mərhəmət hisslərini aşıladığı, asanlıq, çətinlik dövründə qarşılıqlı kömək və bunun kimi digər sevindirici, məmnunedici hallara səbəb olduğu təcrübədə sınanıb və bu, hamıya məlumdur. Qohumluq əlaqələri saxlanılmadıqda, yuxarıda sadalanan faydaların əksi baş verir və onların cəmiyyətə böyük zərəri dəyir.

“Huququn dəat ileyhə əl-fitra va qarrarathə əş-şəria” (səh. 11-13)

«SələfXəbər» saytının redaksiyası tərəfindən tərcümə olunub