Böyük İslam alimi Abdullah ibn əl-Mübarəkin ibrətamiz məqamlarla dolu həyatından bəhs edən məqaləni ixtisarla təqdim edirik.

Süfyan ibn Uyeynə (Allah ona rəhmət etsin) : “Mən səhabələrə baxdım və Abdullah ibn əl-Mübarəkə baxdım, amma onların Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələri və onunla döyüşlərdə olmalarından başqa onun üzərində bir üstünlüyünü görmədim”.

Abdullah bin əl-Mübarək bin Vəzih əl-Hənzəli əl-Təmimi Hicri təqvimlə 118-ci ildə Xorasanın əsas şəhərlərindən olan Mərvdə dünyaya gəlib. Abdullah ibn əl-Mübarək əməlisalehliyi, ədaləti və təvazökarlığı ilə tanınan bir ailədə böyüyüb başa çatıb. O, ilk təhsilini yerli məktəblərdən birində alıb. Hələ kiçik yaşlarından parlaq zəkası və güclü hafizəsi ilə fərqlənən İbn əl-Mübarək haqqında qeyd edilməsi zəruri olan məqamlardan biri odur ki, o hər sahədə, hər mövzuda və hər məsələdə elm almağa can atırdı.

Abdullah ibn əl-Mübarək elm sahəsində fərqlənməklə yanaşı, həm də uğurlu tacir idi. O, ticarəti elm almağı asanlaşdıran və maddi sabitliyi və müstəqil həyatı təmin edən bir vasitə kimi görürdü. “Siyər” əsərində onun rəvayət etdiyi hədislər yekdilliklə hüccət (doğruluğun dəlili) hesab olunur. O, həm “Məsənid” həm də “Üsul” hədis kitablarına daxil edilib. Habelə, Abdullah ibn əl-Mübarək Cərh və Tədil elmləri üzrə ixtisaslaşmış və həyatını Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) hədislərini araşdırmaqla, səhih hədisləri zəif hədislərdən, etibarlı raviləri qeyri-etibarlı ravilərdən ayırmağa sərf etmişdi.

Qeyd etmək lazımdır ki, güclü hafizəsinə baxmayaraq, İbn əl-Mübarək hədisləri birbaşa yaddaşından yox, öz kitablarından nəql edirdi. Bu da onun Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) müqəddəs hədislərinə hörmətindən irəli gəlirdi. Onun ləqəbi “həkim” idi və insanlar hər hansı hədisin rəvayətçilərini araşdırmaq istədikdə ona istinad edirdilər.

Onun müəllimləri Əbu Hənifə, İbn Zeyd Həmməd, İbn Sələmə Həmməd, Süfyan ibn Uyeynə, İbn Cüreyh, Süfyan əl-Sövrü, Şu’bə, əl-Əmaş, Yəhya ibn Səid, İbn Şureyh, əl-Əvzəi, İsmayıl ibn Əyyaş, İbn Əbi Zib, Hişam ibn Urva, əl-Cəriri, Süleyman əl-Təymi, Malik ibn Ənəs, Ləys ibn Saad, Məmar ibn Raşid, Məmar ibn Süleyman, Zəkəriyyə ibn İşaq və bir çox digər böyük İslam alimləri olub. Abdullah ibn əl-Mübarəkin İmam Malikin “Muvatta” kitabını əzbərlədiyi və ona təhvil verdiyi bildirilir. Müəllimi Süfyan əl-Sövri dünyasını dəyişdikdə, İbn əl-Mütəmir ibn Süleyman atasından soruşur: “Ata, ərəblərin fəqihi kimdir?” O deyir: “Abdullah ibn əl-Mübarək”.(“Təqaddümət əl-Cərh və əl-Tədil”, “Hilət əl-Əvliyə”.).

İbn əl-Mübarək “Kitab əl-Ərbə’in”, “Kitab əl-Cihad”, “Kitab əl-İsti’zən”, “Kitab əl-Birr və əl-Silah”, “Kitab əl-Tarix”, “Kitab əl-Dəqa’iq fi əl-Rəqa’iq”, “Kitab Riqa’ əl-Fətəva”, “Kitab əl-Zühd və əl-Rəqa’iq”, “Kitab əl-Sünan fil-Fiqh”, “Kitab əl-Müsnəd”, “Kitab Təfsir əl-Qur’an” kitablarını qələmə alıb.

Bir çox nailiyyətləri və bacarıqlarından əlavə, Abdullah ibn əl-Mübarək həm də şairlik sənətində xüsusi istedada malik idi. Şeyrləri əsasən vəzifəsindən asılı olmayaraq, yaxın dostlarından tutmuş xəlifələr və hökmdarlara qədər hər bir kəsə nəsihət xarakteri daşıyırdı. Onu daim yaxşılığı əmr edən və pislikdən çəkindirən “Nəsih əl-Ummə” (Ümmətin nəsihətçisi) kimi tanıyırdılar.

Hicri təqviminin 181-ci ilində, müqəddəs Ramazan ayında dan yeri sökülməzdən az əvvəl, 63 yaşında ikən Allah-Təala onun ruhunu aldı. Onun ölümü şərəfli ölüm idi, çünki döyüşdən qayıtdıqdan sonra dünyasını dəyişmişdi. Bu hadisə bütün tarixi mənbələrdə qeyd edilib və bu günə qədər onun qəbri Bağdadda – Fərat çayı yaxınlığındakı Hit torpaqlarında qalmaqdadır.

O, zəngin və dəyərli bir ömür sürdükdən sonra müti bir şəkildə vəfat edib. Abdullah ibn əl-Mübarək özündən sonra heç bir mülk miras qoymayıb. Lakin onun irsi mal-mülkdən də dəyərlidir. Onun okeanlar qədər dərin elmi hər kəs üçün əxlaq nümunəsidir.

Abdullah ibn əl-Mübarəkin ölümü haqqında xəbər Abbasi hökmdarı Harun əl-Rəşidə çatanda, o deyib: “Bu gün alimlərin başçısı vəfat edib”.(“Tarix Bağdad”)

İmam əl-Qüdvənin “Abdullah ibn əl-Mübarək” kitabı əsasında

«SələfXəbər» saytının redaksiyası tərəfindən tərcümə olunub