Mərhəmətli və Rəhmli Allahın adı ilə

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: Mənim ölümümdən sonra siz rəhbərlərin ədalətsizliklərini və onların zülmünü görəcəksiniz. Eləcə də siz onların bəzi pis əməllərinin şahidi olacaqsınız”.
O zaman Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələri soruşdular: “Ey Allahın elçisi, bəs bizə bu halda nə etməyi əmr edirsən?”.
Peyğəmbər buna cavab olaraq belə dedi: “Sizin onlara verməli olan haqları onlara verin. Onlardan sizə çatmalı olan haqlarınızı isə Allahdan istəyin” (əl-Buxari).

20-ci əsrin görkəmli İslam alimi, şeyx Məhəmməd bin Salih əl-Useymin (Allah ona rəhmət etsin) bu hədisi izah edərkən demişdir:

“Hədisdə qeyd olunan məhz günahlardır, küfr deyil. Küfr olmadığı təqdirdə də, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizə yol göstərərək deyir: onlara verməli olan haqlarını (itaəti) onlara verin,” – yəni günah olmayan hər bir şeydə rəhbərə tabe olun və itaət edin.

Sonra Peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyir: “Onlardan sizə çatmalı olan haqqlarınızı isə onu Allahdan istəyin”.

Rəhbərlərə qarşı münasibətdə, bizim onlar qarşısında olan borclarımızdan biri də – Allahdan dövlət başçısını xeyirə və haqqa müvəffəqiyyət verməsini istəməkdir.

Dövlət başçısının qarşımızda qoyduğu öhdəlikləri yerinə yetirmək də üzərimizdə olan borclardan biridir.
Ancaq bəzi səfehlər bu məsələni anlamırlar. Bəzən eşidirsən ki, onlar deyirlər: “İndiki rəhbərlər üçün dua etmək və Allahdan onların vəziyyətini və onların əli ilə müsəlmanların vəziyyətini düzəltməsini istəmək düzgün deyildir! Çünki bu rəhbərlər dua edilməyə layiq deyillər”.

Belə yanlış fikirdən Allaha sığınırıq! Qəlblər kimin əlindədir? Allahın əlində! Əgər bunu bilirsənsə, Allaha dua et ki, Uca Allah bütün müsəlman rəhbərlərin vəziyyətini düzəltsin. Misir, Suriya, İordaniya rəhbərləri üçün – bütün müsəlman rəhbərləri üçün Allaha dua et!

Məgər belə dua ziyan verə bilər? Əlbəttə ki, xeyr! O ancaq xeyir gətirəcəkdir. Əgər Allah sənin duanı qəbul etsə, onda hər şey yaxşıya doğru dəyişəcəkdir. Allah ədalətsiz rəhbərin vəziyyətini düzəldə bilər və ya, ola bilər ki, Uca Allah elə edər ki, heç bir anarxiyasız və qan tökülmədən onun yerinə daha yaxşı rəhbər gəlsin.

“Mən bu rəhbərin etdiklərindən razı deyiləm, və buna görə onun üçün dua etməyəcəyəm”, – deyən kəslərə gəlincə, şübhə yoxdur ki, bu ağılsızlıqdır. Axı Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizə deyib: “Onların haqlarını onlara verin. Sizə çatmalı olan haqları isə Allahdan istəyin”.

Dövlət başçısının üzərimizdə olan haqlarından biridə – bizim onun üçün dua etməkdir.

Həqiqətən də, əgər insanlar Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bu göstərişlərinə əməl etsəydilər, bir çox xeyirə nail olar və bir çox şərdən xilas ola bilərdilər.

Hər bir insan anlamalıdır ki, o öz öhdəliklərini yerinə yetirməlidir!

Əgər müsəlman ona çatmalı olan haqlarına nail ola bilmirsə, bu haqlarını Allahdan istəməli və başqa yollara əl atmamalıdır!

Hər hansı bir rəhbərin zülm etdiyini görsək, bu, bizi narahat etməməlidir. Çünki rəhbərin və xalqın hər birinin ayrıca öhdəlikləri vardır (hər biri bu öhdəliklərə görə Allah dərgahında cavab verəcəkdir)”. (Şərh əs-Siyəsatu əş-Şariyəh, 89-90).

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb