Günümüzdə müxtəlif insanların İslamı qəbul etməsinin bir çox nümunəsi var. Bəs Məhəmmədə Allahın peyğəmbəri kimi iman gətirmiş ilk xaçpərəst kim olub?

Rahib Bahira
Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyatı haqqında kitablarda rəvayət olunur ki, on iki yaşında gənc Məhəmməd (o zamanlar o hələ peyğəmbər deyildi) öz ilk səyahətinə Suriyaya yola düşür [1]. Yolda o öz əmisi Əbu Talib ilə birlikdə idi. Bir dəfə karvan monastırın yanında istirahət üçün dayanır. Karvanı müşahidə edən rahib Bahira (bəzən onun adını Buxayra kimi də tələffüz edirlər), qeyri-adi nə isə görüb: karvanı səmada bir bulud daim izləyirdi. Karvan dayandıqda o da dayanır, və karvan öz yolunu davam etdikdə o da hərəkət etməyi davam edirdi. Bunu görən Bahira karvanda gedən hamını öz monastırına yeməyə dəvət etdi, bununla da bir çoxlarını təəccübləndirdi.

Məhəmməddən (Allahın ona salavat və salamı olsun) başqa hər kəs bu dəvəti qəbul etdi. Allahın gələcək elçisini mallara və heyvanlara baxması üçün saxlamışdırlar. Qalanlar istirahətə getdilər. Lakin rahib onların arasında axtardığı kəsi görmədi. Buna görə o karvana baxmaq üçün kimin isə qalıb-qalmamağı ilə maraqlandı. Müsbət cavabı alıb, o gənc Məhəmmədi də dəvət etdi. Oğlanı görüb, rahib Əbu Talibdən onun kimin uşağı olduğunu soruşdu. O da cavab verdi: “Bu mənim oğlumdur”. Bahira ona inanmadı, çünki bilirdi ki, gələcək peyğəmbərin atası o hələ doğulmamışdan öncə ölməli idi.
Əbu Talib Bahiraya izah etdi ki, belədir ki var: Məhəmmədin atası o doğulmamışdan əvvəl ölüb, o isə onun atası deyil, əmisidir. O zaman Bahira Əbu Talibi kənara çəkib ona məsləhət verdi: “Sənin qardaşının oğlunu böyük gələcək gözləyir. Buna görə onu tez evə geri qaytar”.

Bahira bilirdi ki, yəhudilər uşağın üzündən onun sonuncu Peyğəmbər olduğunu anlaya bilər, və, onun onların xalqından olmadığına görə ona qarşı pislik fikirləşə bilərlər.
Bahira həqiqəti deyirdi. Bir səbəb taparaq, Əbu Talib onun məsləhətinə qulaq asdı: karvanı tərk etdi və Məkkəyə geri qayıtdı. Lakin Bahiranın da bilmədiyi şey var idi. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Allahın himayəsi altında idi, və O onu həyatın sonuna kimi qoruyacaqdı, bunu ayə də təsdiq edir: “Allah səni insanlardan qoruyar” (Müqəddəs Quran, “Maidə” surəsi, 67-ci ayə).

Xaçpərəst rahib Bahira ilə ilk görüş belə bitdi. İkinci görüş də baş vermişdi. İyirmi beş yaşında Məhəmməd (o hələ də o vaxt peyğəmbər deyildi) gələcək həyat yoldaşı Xədicənin göndərdiyi ticarət karvanının başında Suriyaya yola düşdü. Və o yenidən Bahira ilə rastlaşdı. Rahib artıq çox qoca idi. Məhəmmədi görüb çox sevindi, çünki o bu günü çoxdan gözləyirdi.
“Sən Peyğəmbər olacaqsan. Ah, kaş sənin peyğəmbərliyini elan etdiyin günəcən yaşayaydım, ayaqqabılarını daşıyaydım və sənə xidmət edə biləydim”, – Bahira Allahın gələcək Elçisinə belə deyəcək. Bahira bu zamandan öncə vəfat etdi, amma şübhəsiz ki, onu Məhəmmədin gələcək peyğəmbərliyi haqqında şəhadəti ətrafdakılar tərəfindən eşidilmiş və erkən İslam tarixi üzrə bir çox kitablarda qeyd edilmişdir [2].

Varaka
Varaka ibn Nofəl xaçpərəst alimi və Məhəmmədə Allahın peyğəmbəri kimi iman gətirmiş ikinci xaçpərəst idi. O Məkkədə yaşayırdı, ivritcə bilirdi və İncildən elm öyrənirdi. Varaka, həmin ana qədər xaçpərəst olsa da, Məhəmmədin, eyni ilə Musa və İsa kimi yeni peyğəmbər olduğunu dərhal təsdiq etdi.
Allahın Elçisinə (Allahın ona salavat və salamı olsun) ilk vəhy gələndə Xədicə (Məhəmmədin həyat yoldaşı və Varakanın əmisi qızı) Varakanın yanına gəlib buna izah etməsini istədi. Onun danışdıqlarını dinləyib, Varaka Məhəmmədə dedi: “Bu gördüyün Allahın Musaya (ona salam olsun) göndərdiyi mələkdir! Ah, kaş ki, sənin dəvət günlərində cavan olardım! Qövmün səni qovacağı zaman həyatda olardım!”, – dedi. Məhəmməd (ona salavat və salam olsun) dedi: “Məgər onlar məni qovacaqlarmı?” Varaka: “Bəli, çünki sənin gətirdiyinin oxşarını gətirmiş olan hər kəs bu düşmənçiliyə məruz qalmışdır. Lakin sənin dəvət günlərinə çatsam bacardığım qədər sənə yardım edərəm!”,- deyə cavab verdi. Lakin Varaka tezliklə vəfat etdi” [3].

Abdullah ibn Salam
Abdullah ibn Salam yəhudi alimi idi. Onun İslamı necə qəbul etməsini öz dilindən dinləyək: “Allahın Elçisi Mədinəyə ilk gəldiyində hamı kimi, mən də ona baxmağa getdim. Allahın Elçisinin ətrafında çox insan var idi, lakin mən öz gözlərimlə onun üzünü gördükdə onun yalançı olmadığını anladım. Ondan ilk eşitdiyim söz bu oldu: “Ey insanlar, aranızda salamı yayın, yoxsullara yemək yedizdirin, qohumluq əlaqələrini saxlayın, insanların yatdığı vaxt siz gecə namazları qılın, onda siz salamat olaraq Cənnətə girəcəksiniz” [4].

Abdullah ibn Salam kimi, o vaxtın yəhudi alimləri də Allahın Elçisinin təsvirini yaxşı bilirdilər, lakin onların qısqanc qərəzli fikirləri ona iman gətirməyə mane olurdu. Onlar öz kitablarından Peyğəmbərin necə görkəmdə olacağını bilirdilər. Quran bu həqiqəti belə işarə edir: “Kitab verdiyimiz şəxslər onu öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən də, onlardan bir dəstə haqqı bilə-bilə gizlədir.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 146-cı ayə).
Bir dəfə ikinci rəşidi xəlifə Ömər ibn əl-Xəttab Abdullah ibn Salamadan soruşdu: – Sən Allahın Elçisini öz uşaqların kimi yaxşı tanıyırdınmı?
O cavab verdi: – Mən onu öz uşaqlarımdan daha yaxşı tanıyırdım.
Ömərin: “Bu necə ola bilər?”, – təəccüblü sualına, o belə cavab verdi: “Mən öz uşaqlarımdan şübhələnə bilərəm, çünki arvadım məni aldada bilərdi. Amma Allahın Elçisinin – son Peyğəmbər olduğundan şübhə etmirəm.”
Bəli, onlar Allahın Elçisini çox yaxşı tanıyırdılar. Lakin tanımaq və iman gətirmək – fərqli şeylərdir. Onlar onu tanıyıb ona iman gətirə bilmirdilər, çünki paxıllıq onlara mane olurdu.

Yəhudilərin Məhəmmədin Allahdan peyğəmbər olduğunu bildiklərini, lakin məhz yəhudi deyil, ərəb olduğuna görə onun ardınca getmək istəmədiklərini Abdullah ibn Salam özü yaxşı sübut etdi. O belə bir nümunə göstərdi: Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına gələrək dedi: “Ey Allahın Elçisi, məni bir yerdə gizlədin və Mədinədə nə qədər yəhudi alimi varsa, hamısını çağırın! Sonra da onlardan məni və atamı necə tanıdıqlarını soruşun!. Şübhəsiz cavabları müsbət olacaq. Sonra da mən gizləndiyim yerdən çıxıb müsəlman olduğumu elan edim”. Allahın Elçisi bu təklifi qəbul etdi. Abdullah ibn Salam bir yerdə gizləndi. Gələn yəhudi alimləri yerlərinə keçdilər. Peyğəmbər (ona salavat və salam olsun) soruşdu: “Siz Abdullah ibn Salam və onun atası barədə nə deyə bilərsiz?” Onlar cavab verdi: “Həm o, həm onun atası bizim aramızda ən bilikli və ən şərəfli insanlardandır”. Allahın Rəsulu (ona salavat və salam olsun): “O, mənim peyğəmbər olduğumu təsdiq etsə, siz nə deyərsiniz?” – deyəndə isə: – “Bu mümkün deyil, bu ola bilməz” – dedilər. Elə bu əsnada Abdullah ibn Salam gizləndiyi yerdən çıxdı və ucadan şəhadət gətirib Məhəmmədin peyğəmbərliyini təsdiq etdi.
Yəhudilər çaşıb qaldılar və bir az əvvəl dedikləri sözləri inkar edib: “O, bizim aramızda ən şərli insandır və ən şərli adamın oğludur!”, – dedilər.

Bu hadisə aydın sübut etdi ki, yəhudilər Allahın Elçisini tanıyırdı, lakin yalnız qərəzli münasibəti və inadcıllıqları onlara Məhəmmədə iman gətirməyə mane olurdu.

Nəticə
Məhəmmədin (ona salavat və salam olsun) ilk davamçıları arasında başqa xaçpərəstlər və yəhudilər də var idi. İslam tarixi üzrə kitablardan biz Muxayrik, Vəhb ibn Munəbbih, Kəəb əl-Əhbar və s. kimi müsəlmanların adlarını tanıya bilərik.
Onların hamısı keçmişdə xaçpərəst və ya yəhudi alimi olmuş, lakin Məhəmməd haqqında eşitdikdən və onun dəlillərini gördükdən sonra, onun Allahdan həqiqi peyğəmbər olduğuna iman etmişlər. Onların gözlənilən peyğəmbərin keyfiyyətləri və görünüşü barədə təsvirlərin əvvəlki dini yazmalarda olması barədə şahidlikləri təəccüblüdür.

Lakin öz biliklərinə və gördükləri sübutlara baxmayaraq, bir çox yəhudiyə Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) arxasınca getməyə onun başqa xalqın nümayəndəsi olması mane olurdu.
Fövqəluca Allah insanlardan peyğəmbərin milliyyətinə və ya irqinə deyil, onun dəlilərinə və insanlara gətirdiyi haqqa baxmağı tələb edirdi.

Qoy XXI-ci əsrin insanları olan bizləri də, nə millətçi, nə də hər hansı başqa bəhanələr dayandırmasın, və gəlin Məhəmməd Peyğəmbərin öz doğruluğunu təsdiqləmək üçün gətirdiyi sübutlara sakitcə, ölçüb-biçməklə və qərəzsiz baxaq, hansılar ki, sayca doğrudan da az deyildi…

Mənbə: «SələfXəbər»

___________________________
[1]Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) 570-ci ildə anadan olub, onun Suriyaya ilk səfəri isə 582-583-ci illərdə baş tutub.

[2]Rahiblə görüş barəsində hədis Tirmizinin toplusunda verilir, lakin orada rahibin adı çəkilmir. Tirmizinin toplusunun şərhçisi şeyx Əl-Mübarakfuri yazır: “Əl-Cəzəri bu hədisin isnadını səhih olaraq qiymətləndirib, ravilər isə – “Səhih” toplularından və ya onların birindən olan ravilərdir. Bu səfərdə həmçinin Əbu Bakr və Bilalın olması barədə rəvayət var, lakin onların adlarının çəkilməsi – ravilərin hansınınsa səhvidir”. Rahiblə görüş hadisəsini həmçinin İslam tarixi üzrə erkən müəlliflər: İbn Sad, İbn İshaq və İbn Hişəm, həmçinin “Peyğəmbərliyin dəlilləri” kitabında Bəyhaqi və bir çox başqa müəlliflər xatırladır. Bu görüşün zəif hekayə deyil, həqiqətən səhih olmasına dair ətraflı araşdırmanı Şeyx Albani aparmışdır. Şeyx Albani yazır ki, “İslam Ensiklopediyasında” şərqşünas-müəlliflər də bu görüşü qeyd edir, lakin onlar xaçpərəst tarixi mənbələrə istinad etmədən ancaq ərəb mənbələrini gətirirlər.

Bu hal rahibin Məhəmməd Peyğəmbərlə (ona salavat və salam olsun) görüşməsi barədə hadisənin, çox ehtimal ki, xaçpərəstlərə məlum olmadığından xəbər verir. Buna görə “İslam Ensiklopediyasını” yazmış şərqşünaslar bu hadisəni “peyğəmbərin həyatını əhatə edən əfsanə” adlandırıb. Şərqşünasların bəyanatlarına cavab olaraq XX-ci əsrin məşhur müsəlman alimi, tarix və hədis bilicisi Əhməd Şakir yazıb: “Bu rəvayətlər heç bir halda əfsanə deyil. Əksinə, onlardan bir çoxunun səhihliyi həqiqətən təsdiqlənib və sübuta yetirilib. Bundan əlavə, Kitab verilənlərin öz kitablarından Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gəlməsini əvvəlcədən bilmələri həmçinin Qurandan da məlumdur. Buna görə müsəlmanlar Quranda müəyyən edilmiş həqiqətlərin möhkəmləndirilməsi üçün “əfsanələr uydurmağa” heç də ehtiyac duymurlar”.

[3]] Xaçpərəst alimi Varaka ilə görüş barəsində hadisə səhihdir. Bu barədə hədis Əl-Buxarinin “Səhih” toplusunda üç yerdə: “Vəhyin başlanğıcı” kitabında (1/2,3: 4), “Təfsir” kitabında (4954) və “Yuxular” kitabında (6982) bəhs edilir.

[4]] Bu hədisi imam Əhməd “Müsnəd”də, (1/165), ibn Macə, (3692), əl-Hakim, (4/167), əl- Bəyhaki “Əs-sünən əl-kübra”da, (10/232), əl-Baqavi “Şərh əs-Sünnə”də, (1/567) gətirir.