Bin Laden, az-Zarkaui və onlara bənzərlər kimdir? “əl-Qaidə” kimləri təşkilata daxil edir və onun metodları düzgündürmü?

Bu suallar bu gün bir çox müsəlmanı maraqlandırır. Kimin üçünsə yuxarıda sadalanmış insanlar dini və milli qəhrəmanlardır, “əl-Qaidə” isə, İslam azadetmə ordusudur.

Kimin üçünsə isə bu, İslam cihadı adı altında dünyada fitnə-fəsad yayan quldurlardır. Bizi isə adi insanların deyil, Əhli-Sünnə alimlərinin fikri və qiymətləndirməsi maraqlandırır, çünki Uca Allah bir məsələ barədə biliyin olmadığı halda onlara müraciət etməyi əmr etmişdir: “Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun.” (Müqəddəs Quran, “Nəhl” surəsi, 43-cü ayə).
Beləliklə, bu insanların və “əl-Qaidə” təşkilatının hərəkətləri haqqında alimlərin nə dediyinə baxaq:

Əbdül-Əziz İbn BazSəudiyyə Ərəbistanının sabiq müftisi (1910 – 1999)
Allahın izni ilə bu yüzilliyin imamı – şeyx Əbdül-Əziz İbn Bazın (Allah ona rəhm etsin): “Usama bin Laden – dünyada fitnə-fəsad yayanların cərgəsindəndir!” (“Caridatul-muslimin” № 607. 8/5/1417-ci hicri ili) dediyi sözlərdən başlayaq.

Həmçinin şeyx İbn Baz demişdir: “İndi Məhəmməd əl-Mas’ari, Sa’d əl-Fakix və onlar kimi yalançı çağırışı yayanların törətdikləri, şübhəsiz, böyük bir şərdir! Bunlar böyük şərin və böyük fitnə-fəsadın dəvətçiləridir! Onların vərəqələrindən çəkindirmək, onlara arxalanmamaq və fitnə, şər, yalan, nifaqa gətirəcək əməllərdə onlara dəstək olmaq olmaz! Allah yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birimizə yardım etməyi və bir-birimizə şərdə və fitnə-fəsadda, parçalanmaya, təhlükəsizliyin pozulmasına və s. gətirib çıxaran yalanın və yanlış çağırışın yayılmasında kömək etməməyi əmr etdi. Əl-Fakixi, əl-Mas’ari və onlar kimi yalan və şərin xatiblərinin yaydığını yaymaq olmaz, və onlara nəsihət etmək lazımdır ki, onlar bu yolu tərk etsinlər… Əl-Mas’ari, əl-Fakixi, Bin Laden və onların yolunu seçmiş hər bir kəsə mənim nəsihətim odur ki, bu fəlakətli yolu tərk etsinlər, Allahdan qorxsunlar və Onun qəzəbindən özlərini qorusunlar, doğru yola qayıtsınlar və törətdikləri əməllərə görə tövbə etsinlər!”  (Bax “Fataua- İbn Baz” 9/100).

Muqbil ibn XadiYəmənin görkəmli alimi (1937-2001)
Şeyx Muqbil ibn Xadi (Allah ona rəhm etsin) deyirdi: “Mən Bin Ladenlə əlaqədən Allaha sığınıram! O, müsəlman ümməti üçün bədbəxtlik və xəstəlikdir, onun əməlləri isə, – şərdir!

Ona dedilər: “Avropa ölkələrindəki müsəlmanlar dünyanın bütün guşələrində baş verən partlayışlar səbəbi ilə əziyyət çəkir”, şeyx buna cavab olaraq dedi: “Mən bu haqda bilirəm. Mənə Britaniyadan qardaşlar zəng etmişdi, onlar sıxışdırıldıqlarına dair şikayət edib soruşdular ki, Usama bin Ladenlə əlaqədən açıq şəkildə imtina edə bilərlərmi? Biz onlara dedik ki, biz ondan və onun əməllərindən çoxdan imtina etmişik! Reallıq göstərir ki, Avropa ölkələrindəki müsəlmanlar “ İxvan al-muflis”in (“bəxtsiz-qardaşlar”, yəni “müsəlman-qardaşlar “ cərəyanı nəzərdə tutulur- “Sələf Xəbər” redaksiyasının qeydi) və onun kimi cərəyanların yetişdirdiyi müxtəlif partiyaların ucbatından sıxışdırılır” (“Cərida ər-ra’yul-‘amm” № 11503).

Həmçinin şeyx Muqbil deyirdi: “Allahım, Usama bin Laden, Abu Həmzə və İslam ölkələrində nifaqı yayan hər bir kəsin canını al! Allahım, onların belini qır!”

Əhməd Ən-NacmiSəudiyyə Ərəbistanın məşhur alimi (1928 – 2008)
Şeyx Əhməd Ən-Nacmidən (Allah ona rəhm etsin) soruşdular: “Bəzi insanlar deyir ki, Usama bin Laden — gözlənilən Mehdidir və onu möminlərin əmiri adlandırır. Sizin buna izahınız necədir?”.
Cavab:Bu insanlar – şeytanlardır! Bin Laden – iyrənc şeytandır və xəvaricdir və heç kimə onu tərifləmək icazə verilməmişdir! Onu tərifləyənlərə gəlincə isə, bu onların da Usama bin Laden kimi xəvaric olmaqlarına dəlildir!”

Əbdül-Mühsin əl-ƏbbadMədinədə Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) məscidində məşhur alim-mühəddis və müəllim
Şeyx-mühəddis Əbdül-Mühsin əl-Əbbaddan (Allah onu qorusun) soruşdular: “Bəzi insanlar deyir ki, günümüzdəki “əl-Qaidə” təşkilatı – xəvaricdirlər, başqaları isə onları mücahid hesab edir. Sizin fikriniz necədir?” Şeyx əl-Əbbad qısa və aydın cavab verdi: “Bəli, onlar – şeytanın yolunda mücahiddirlər (yəni fədakarcasına çalışan)!
Həmçinin, Bin Ladenin qətli haqqında informasiya yayıldığı zaman, şeyx Abbaddan soruşdular: “Bin Ladenin qətlinə münasibətdə hansı mövqe sərgilənməlidir? Bəzi insanlar onun öldürülməsinə sevinir, başqaları isə onun mücahid (Allah yolunda döyüşmüş) olduğunu və şəhid ölümü ilə öldüyünü deyir”.
Cavab:O necə mücahid ola bilər?! Bəli, o, mücahiddir, lakin şeytanın yolunda döyüşmüş mücahiddir (fədakarcasına çalışan). Usama bin Laden müsəlmanlara böyük şər gətirib və şübhə yoxdur ki, onun ölümü onlar üçün yüngüllük verəcəkdir. İnsanlar onun ölümündən sonra azad nəfəs alacaqlar”

Salih əl-FövzanMəşhur alim, Səudiyyə Ərəbistanının Böyük Alimlər Komitəsinin üzvü
Şeyx Salih əl-Föəvzandan (Allah onu qorusun) soruşdular: “Hörmətli şeyx, Uca Allah sizi qorusun. Sizin üçün sirr deyil ki, Usama bin Laden dünyada fitnə-fəsad yayır və gəncləri də buna çağırır. Mənim sualım belədir: biz bu insanı “xəvaric” adlandıra bilərikmi, çünki o, həm bizim ölkəmizdə, həm də başqa ölkələrdə partlayışların törədilməsini dəstəkləyir”.
Cavab:Özündə belə etiqadı daşıyan hər bir kəs xəvaricdir! Həmçinin, yaşayış yerindən və şəxsiyyətindən asılı olmayaraq, özündə belə etiqadı daşıyan, insanları bu etiqada çağıran və təhrik edən xəvariclərə aiddir. Bu bir qaydadır: kim ki, insanları müsəlmanların rəhbərinə qarşı çıxmağa, müsəlmanları təkfir (küfrdə ittiham) etməyə və müsəlmanların qətlinə çağırırsa, o kəs xəvaricdir!” (“Fataua əl-Fəvzan” № 6587).

Salih əl-LüheydanMəşhur alim, Böyük Alimlər Komitəsinin üzvü, Səudiyyə Ərəbistanın ali hakimlər şurası yanında Daimi komitənin sabiq başçısı
Şeyx Salih əl-Lüheydandan (Allah onu qorusun) soruşdular: “Müsəlmanın Bin Ladenin başçılıq etdiyi “əl-Qaidə” təşkilatına münasibəti necə olmalıdır?”.
Cavab: “Bu təşkilatda xeyir yoxdur! Onlar müsəlmanları parçaladılar, fəlakətlərə və şərə səbəb oldular, və qan tökməyə başladılar!

Əbdül-Əziz Əli ŞeyxSəudiyyə Ərəbistanın Baş müftisi
Şeyx Əbdül-Əziz Əli Şeyxdən (Allah onu qorusun) soruşdular: “Bin Ladenə  “yolunu azmış” demək olarmı, və kifayət qədər biliklərə malik olmayan müsəlmanlara onun internetdə yerləşdirilmiş çıxışlarına qulaq asmaq olarmı?”
Cavab: “Ey mənim qardaşlarım! Onlar şər və fitnənin səbəbidir! Şübhə yoxdur ki, onlar yollarını azdılar. Ən başdan və məncə, elə indiyə qədər, onlar İslam düşmənlərinin törəməsidir. İslam düşmənləri özləri onları böyüdüb. Onlar İslam düşmənlərinin kölgəsində yaşayır və nə ilə örtünsələr də, onlar İslamın düşmənləridir və qalan İslam düşmənlərinə kömək edirlər”.

Salih Əli ŞeyxSəudiyyə Ərəbistanın İslam işləri üzrə naziri
Şeyx Salih Əli Şeyx (Allah onu qorusun) dedi: “Siz bəzi müəllimlərin Usama bin Ladeni təriflədiyini eşidə bilərsiniz, lakin bilin ki, onlar İslamı yanlış anlayıblar!” (“Cərida ər-Riyad” 8/11/2001).

Salih Əs-SuhəymiMəşhur alim, Mədinədə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) məscidində müəllim
Şeyx Salih Əs-Suhəymidən (Allah onu qorusun) soruşdular: “«Biz əz-Zarkavini sevmirik, lakin onu söymürük də, çünki o, elm əhlindəndir», – deyənlərə bizim münasibətimiz necədir?”
Cavab: “Şöhrətləri bəzi yerlərdə yayılan bu dəvətçilərin ucbatından, biriləri yanlış fikrə düşdü, o biriləri satıldı, üçüncülər isə öldürüldü. Nə qədər müsəlman haqsız yerə və düşməncəsinə qətlə yetirildi, müsəlmanlarla müqavilədə olub, qanı qadağan olunan kafirləri hələ demirəm?! Qoy bu sözlər və elmi olmayanların dedikləri sizi yanlış fikirə sürükləməsin! Mən sizdən soruşacağam: Onun (əz-Zarkavinin) müəllimləri kimdir?! Qətllərdən və viranəliklərdən başqa, o, müsəlmanlar üçün nə qoydu?! Heç nə, nə o, nə Usama bin Laden, nə də onların sırasından başqa bir dəvətçi!… Allaha and olsun ki, 11 sentyabr hadisəsi baş vermədən əvvəl İslam yayılırdı.
Mən bu hadisədən iki həftə öncə Amerikada Filadelfiyada İslam seminarlarında (daurada) iştirak edirdim, insanlar da Allahın dininə dəstə-dəstə girirdilər! Bu, Amerika, Britaniya, Hindistan, Çində baş verirdi, dini məktəblər açılırdı… Bunların hamısı indi hanı?! Bu təhsil müəssisələri haradadır?! Var?! Xeyr!… Qərb ölkələrinin müsəlmanları başıuca gəzdikdən sonra indi başlarını aşağı salıb gəzir, hicablar çıxarılıb. Bu hadisənin (11 sentyabr) insanların İslamla maraqlanmağına və onu qəbul etməsinə səbəb olması barədə bəzi insanların bəyanatları qoy sizi aldatmasın! Allaha and olsun ki, bu, yalandır! İndi burada Amerikadan 150 dəvətçi qardaş var, onlar iki həftədir ki, Məkkədə şeyxlərdən elm alır. Bir həftə Məkkədə, bir həftə də Mədinədə idilər. Onlar ümrəyə gəliblər. Orada baş verənləri elə onlardan soruşun. Onlar hamısı elm tələbələridir, indi hamısı Məkkədədir. Filadelfiyada hicablı qadınlar çox idi, indi isə bu hicabların çıxarıldığı və əvvəl olanların yoxa çıxdığı şəhərdir, buna səbəb isə – xəvariclərdir…!
Elmi ona malik olandan almaq lazımdır! Bu (az-Zarkavi və Bin Laden kimi) insanlara gəlincə isə, bizim onlara ehtiyacımız yoxdur! Onların ucbatından kimsə artıq dünyasını dəyişib, biz isə ölənin Rəbbi qarşısında sonunun necə olduğunu bilmirik. Lakin müsəlmanlardan heç biri onlara görə xeyir əldə etməyib, əksinə, onlar İslama və müsəlmanlara ziyan vurublar və onların yetirdiyi ziyanın fəsadı davam edir. Həqiqi alimlərin arxasınca gedin, onları ziyarət edin, çünki (şəriət) elmi onlara can atmaqla dərk edilir.
Elm isə – emosiya deyil! Elm – teatr səhnələri deyil! Və elm, sadəcə, disklərə yazılmış səslər deyil! Elm – onların bilavasitə alimlərdən əldə edilməsidir! Uca Allah buyurur:Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər.” (Müqəddəs Quran, “Nisa” surəsi, 83-cü ayə). (Dinlə “Ən əz-Zarkavi va Bin Ladin”).

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb