Şeyx Saleh Əli Şeyx haqqında:
Şeyx Saleh ibn Əbdüləziz ibn Məhəmməd Əli Şeyx hicri ilə 1373- cü ildə (m.i.1959) ər-Riyad şəhərində elmli və saleh bir ailədə anadan olmuş, orta məktəbi də orada bitirmiş və dini təhsilə həris olduğu üçün İmam Məhəmməd ibn Səud adına İslam Universitetinin Quran və Onun Elmləri şöbəsinin Usul əd-din fakultəsini başa vuraraq elə orada da müəllim işləmişdir.

1995-ci ildə Din işlər nazirinin müavini olmuş və 1999-cu ildən indiyə qədər isə Din naziri vəzifəsində çalışmaqdadır. Şeyx Saleh babası Məhəmməd ibn İbrahimin fətvalarının tədqiqatçısıdır. Şeyx Əbdüləziz ibn Bəz, Abdullah ibn Aqil, Abdullah ibn Ğudeyyən, Əhməd əl-Murabit əş-Şinqiti, Əbdüləziz ibn Mərşəd və s. kimi böyük alimlərdən dərs almış və alimlərdən elmi icazələr əldə etmək üçün Səudiyyə Ərəbistanı ilə yanaşı Tunisə, Mərakeşə, Pakistana və Hindistana səfərlər etmişdir. Şeyx özünün gözəl əxlaqı, səmimiyyəti, mülayimliyi, dərin elmi və səlist danışığı ilə seçilir.

Yüklə

Qeyd:
Mühazirədən öncə qeyd edək ki, Qurani-Kərimdə və mühazirədə keçən “möhkəm” sözü Quran ayələrinin mənasının hamıya açıq-aydın və bəlli olanı deməkdir və bu da Quran ayələrinin ən çoxunu ehtiva edir. “Mütəşabih” sözü isə Quran ayələrinin elmsiz insanlara deyil, yalnız bəzi alimlərə, yaxud da yalnız Allaha bəlli olanı deməkdir və bu da Quranda çox azdır. Bu barədə Allah-Təala buyurur:

“(Ya Rəsulum!) Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “ Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, – deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər”. (“Əli İmran”, 7)


Şeyx Saleh Əli Şeyx:
(Qurani-Kərimlə yanaşı) sələflərin (İslamın ən xeyirli, ilk üç əsrində yaşayanlar) etdiyi əməllərin də möhkəm və mütəşabihi vardır.

Bu gün bəziləri ortaya çıxaraq iddia edirlər ki, beyət edilən ölkə başçılarına qarşı çıxmaq və ona qarşı inqilab etmək məsələsində sələflərin bir bəlli mənhəci yoxdur. Sələflərin bəziləri belə demiş, digərləri elə demişdir deyərək ordan-burdan sitatlar gətirirlər. Əslində isə onların elə bu metodundan Allah-Təala bizləri çəkindirir.

Belə olduğu halda, Sələflərin mənhəcini necə bilməliyik? (Cavab) Onlarin hamısının sözlərinin və fellərinin cəm şəklində olan yekununa nəzər salmaqla! Çünki Allah-Təala onlara ayrı-ayrılıqda birinə və ya ikisinə məsumluq (xəta etməmək) verməmişdir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizə bu ümmətin ən xeyirlilərinin səhabələr olduğunu bəyan edərək buyurub: “Sizin ən xeyirliləriniz mənim əsrimdə olanlardır. Sonra onlardan sonra gələnlər, sonra da onlardan sonra gələnlərdir”. (Buxari və digərləri rəvayət etmişlər)

Deməli, məsumluq, günahsızlıq onlarda yalnız cəm halında olur. Ona görə də ola bilsin ki, fəzilət sahibi olmasına baxmayaraq, onların biri ictihad edərək xətaya yol versin. Lakin alim də olsa belə, xəta edibsə, bu halda ona tabe olunmur. Mütləq tabeçilik yalnız Quran və Sünnəyə olur. Çünki Allah-Təala Peyğəmbərindən (Allahın ona salavat və salamı olsun) savayı heç kəsə məsumluq verməmişdir. Amma ümmət bütöv toplumu ilə məsumdur. Çünki Allahın hüccətinin olması mütləqdir. Bu olduqca mühüm, diqqət edilməli məsələlərdəndir.

Bəziləri gəlib deyir ki, sələf bu barədə bir yol qoymayıb. Əmr bilməruf (yaxşını əmr edib) annəhy anilmunkər (pislikdən çəkindirmək) məsələsində sələfin metodu yoxdur. Bəs, İmam Əhməd, digər (məzhəb) imamları, Bərbəhəri, İbn Xuzeymə, İbn Teymiyyə kimi alimlərin əsasını qoyduqları metodlar, əqidə kitabları, insanlara təlim edilən “əl-Vasitiyyə” kitabı, etiqad kitabları, hədis əhlinin mənhəci və sələfin mənhəci harada qaldı?! ( Bunlar mənhəc deyil, bəyəm?!)

Belələri filankəslərin, bir-iki nəfərin söz və ya əməlini dəlil olaraq gətirir. Bax, (dinimizdə qadağan olunan) mütəşabihin ardınca düşmək elə buna deyilir.

Bu, möhkəm olanları tərk edərək, mütəşabih olanlara tabe olmaqdır!!!

Beləliklə əqidənin, mənhəc və davranış məsələlərində, əksəriyyətin Quran və sünnəyə əsaslanaraq ittifaq etdiyi əqidənin kökünə və əsasına müxalif və zidd olan bir şeyi dəlil gətirmək mütəşabihin ardınca getməkdir. Bəzən bunlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə (nəyinki Quran ayələrini) hətta hədislər belə yozmağa cəhd edirlər.

Biz Uca Allahın “əl-Ənam” surəsinin sonunda bunu açıq aydın bəyan etdiyini görürük: “Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir…”. (“əl-Ənam”, 159)

Sən onlarla heç bir əlaqə qurma. Onlardan uzaq dur. Dünyadan gedənə qədər bu mənhəcdən əl çəkmə! Bu əsas yolla getmək (dünya və axirətdə) salamatlığa gətirib çıxarır.

Lakin (fərdi) ictihadları götürməklə Quran və sünnəni əql ilə, ayə və hədisləri və şəriət qaydalarını şəxsi mənafeləri ilə və sələfin ümumi mənhəcini də bəzilərinin sözü, təvili və ya hansısa alimin nəqli ilə üz-üzə qoymuş olarıq. Bəzən ola bilsin ki, müəyyən sələf alimlərindən biri hansısa hal və hadisədə sələfin ümumi mənhəcinə müxalif olsun. Amma o alim Peyğəmbər deyildir ki, ondan hər bir şey qəbul edilsin. Ona görə də İmam “Hicrət diyarının imamı” Malik ibn Ənəs (Allah ona rəhmət etsin) deyib: “Bizim hər birimizin sözü götürülə və tərk edilə bilər. Yalnız bu qəbrin sahibinin (Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun)) sözündən başqa”.

Bu qaydanı əzbərlə və unutma ki, Quranda möhkəm və mütəşabih var! Təriqətlər mütəşabihlərin ardınca gedərək yollarını azmış və odda olan yetmiş iki firqədən sayılmışlar.

Digər bir qisim insan Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) mütəşabih olan hədislərinin ardınca gedərək möhkəm olanları tərk etmişlər.

Başqa biriləri səhabələrin söz və felləri ilə sələflərin söz və fellərində də mütəşabih olanları götürmüşlər. Bilin ki, onların söz və əməllərində nadir olan bir şey ümumi mənhəcə dəlil kimi gətirilə bilməz.

Allaha şükürlər olsun ki, bu mənhəc açıq-aydındır. Hədis və şəriət alimləri bu mənhəcin əsaslarını qoyaraq bizim üçün kitablar qoyub getmişlər. Allah-Təala onları ən yaxşı şəkildə mükafatlandırsın və Nəim Cənnətlərində dərəcələrini yüksəltsin.

Ona görə də, sizlərə dediyim bu möhkəm və mütəşabih qaydanın üzərində möhkəm dayan! Sənə mütəşabihi sübut gətirənlər yaxınlaşan zaman mənim bu sözümü xatırla ki, Allah-Təalanın Qurani- Kərimdə vəsf edərək uzaq olmağımızı bildirdiyi insanlar məhz bunlardır. Allah-Təala buyurur: “Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (ardınca gedərlər)”. (“Əli İmran”, 7)

– Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq məqsədilə mutəşabih hədislərin ardınca gedərlər.
– Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq məqsədilə səhabələrin mutəşabih fellərinin və sözlərinin ardınca gedərlər.
– Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq məqsədilə sələflərin mutəşabih fellərinin və sözlərinin ardınca gedərlər.

Allaha həmd olsun ki, bu mövzuda məsələ açıq-aydındır.

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb