Şeyx Əbdüssəlam bin Bərcis (Allah ona rəhmət etsin) “Rəhbərlərə münasibət” adlı kitabında deyir:
Aləmlərin Rəbbi Allaha həmd-səna olsun, Peyğəmbəri və elçisi Muhəmmədə, onun ailəsinə və əshabına, onların yolu ilə gedənlərə Allahın salavatı və salamı olsun.

Rəhbərlərin rəhbərliyini qəbul etmək, təsdiqləmək və bundan irəli gələn eşitmək və itaət göstərmək, yaxşı işlərdə tövsiyə etmək kimi məsələlər Sələfi dəvətinin əsaslarından biridir. Çünki həm dini, həm də dünyəvi məsləhətlər bu yolla gerçəkləşmiş olur.

Sələflərimiz bu məsələyə olduqca böyük önəm verərdilər, ələlxüsus iğtişaş qığılcımları hiss olunduqda buna daha çox diqqət ayırardılar. Çünki iğtişaşların fəsadı olduqca böyük olur. Bəlkə də bunun ən bariz nümunəsi İmam Əhməd bin Hənbəl olmuşdur. O, Sünnənin rəhbərlərə münasibəti haqqında örnək olmuşdur. Əl-Vasiq adlı rəhbərin dövründə Bağdad şəhərinin fəqihləri bir araya toplaşıb Əbu Abdullahın – İmam Əhmədin – yanına gəlib dedilər: “Məsələ çox böyüyüb və mürəkkəbləşib (Quranın məxluq olması iddiası və digər məsələləri nəzərdə tuturdular). Biz onun əmirliyini və rəhbərliyini qəbul etmirik. İmam Əhməd məsələni müzakirə etdi və dedi: “Siz baş verənlərə qarşı qəlbinizdə etiraz edin, itaətsizlik göstərməyin. Müsəlmanların birliyini parçalamayın, nə öz qanınızı, nə də özünüzlə bərabər müsəlmanların qanını axıtmayın. Siz aqibətinizi fikirləşin. Pislikdən xilas olub, yaxşı gələnə qədər səbirli olun. Daha sonra sözünə davam edib dedi: bu (rəhbərə qarşı çıxmağınız) doğru deyildir və hədislərə ziddir.

İmam Bərbəharinin “əs-Sunnə” kitabında deyilir: “Bir adamın rəhbərin əleyhinə dua etdiyini görsən bil ki, o nəfsinə uyan kimsədir (bidətçidir). Əgər bir şəxsin rəhbərin islah olması üçün dua etdiyini görsən, bil ki, inşəllah o sünnə ilə gedən adamdır.”

Fudeyl bin İyad deyir: “Əgər mənim qəbul olunan duam olsaydı onu yalnız rəhbər üçün edərdim. Dinimiz bizə zalım və həddini aşan rəhbərin əleyhinə dua etməyi deyil, onun islah olması üçün dua etməyi əmr edib. Çünki onların zülmü həm özlərinə, həm də müsəlmanlara ziyandır. İslah olunmaları da həm özlərinə, həm də müsəlmanlara xeyirdir.

Sələflərin bu məsələdə tutunduğu qayda belədir ki, onlar ümmətin bu məsələdə bilgiyə ehtiyacının çoxaldığını gördükdə, bir o qədər də ona əhəmiyyət verirlər ki, fitnəyə və üsyankarlığa aparan qapıları bağlasınlar. Çünki bu hal dinin və dünya işlərinin fəsada uğramasının əsas səbəbidir. Sələf Salehlərin həyatına baxsaq bunu aşkar görərik. Mərvan bin əl-Həkəm və oğlu Əbdülməlikin İraqda valisi olmuş Həccac bin Yusufun vaxtında baş verənlərə baxsaq səhabələrin hansı mövqedə olduqlarını görmüş olarıq. Onlar üsyana qalxmamış, İslama uyğun işlərdə itaətsizlik göstərməmişlər.

O cümlədən tabiinləri də qeyd etmək olar. İbn əl-Museyyib, əl-Həsən əl-Bəsri, İbn Sirin, İbrahim ət-Teymi və başqalarını misal çəkmək olar. Onlar Bənu Uməyyə rəhbərləri ilə yola gedirdilər. Eləcə də əl-Ovzai, Malik, əz-Zuhri, əl-Leys, Əta və başqa alimləri nümunə kimi göstərmək olar. Onlar Abbasi xilafətinin rəhbərləri ilə dil tapırdılar. Elm və mütaliə sahibi adı çəkilən rəhbərlərin necə zalım olduğunu yaxşı bilir.

Daha sonra müəllif Sələflərin rəhbərlərə münasibəti haqda bir çox qaydalar qeyd edir. Həmin qaydalardan ən önəmlisini sizin diqqətinizə çatdırırıq:
“Hakimiyyətdə olan müsəlman rəhbərə beyət etmək vacibdir. Beyət etməyən (rəhbərliyi qəbul etməyən) kimsənin şiddətli qınanması, beyəti pozmamaq barədə xəbərdar edilməsi vacibdir. İmam Muslimin “əs-Səhih” əsərində rəvayət etdiyi hədis buna dəlalət edir. Rəvayətdə deyilir ki, Abdullah bin Ömər (Allah ondan razı olsun) Yezib bin Müaviyənin vaxtında baş verən Hərra döyüşü ərəfəsində Abdullah bin Mutinin yanına gəldi. Abdullah bin Muti dedi: “Əbu Əbdürrəhmana (İbn Ömərə) döşəkçə verin.” İbn Ömər dedi: “Mən oturmaq üçün gəlməmişəm. Mən gəlmişəm ki, sənə Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) eşitdiyim bir hədisi danışam. Mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitmişəm: “Kim rəhbərin itaətindən imtina edərsə, qiyamət günü Allahla qarşılaşanda heç bir sübutu olmaz. Kim beyəti olmadan ölərsə, cahiliyyət ölümü ilə ölmüş olar.”

Zəhəbi “əl-İbər” kitabında deyir: “Hicrətin altmış üçüncü ilində Hərra döyüşü olmuşdur. O vaxt Mədinə camaatı Yezid bin Müaviyənin dini zəifliyini əsas gətirib ona qarşı üsyan etmişdilər. Yezid isə Muslim bin Uqbənin rəhbərliyi altında qoşun hazırlayıb onlarla döyüşmüşdü.”
İbn Kəsir “əl-Bidayə və ən-Nihayə” əsərində deyir: “Fasiq rəhbəri devirmək olmaz. Çünki bu səbəblə Hərra döyüşündə olduğu kimi böyük fəsad baş verir, ölüm-itim olur.”

Buxarinin “Səhih”, İmam Əhmədin “əl-Musnəd” əsərində deyilir: “(Hicrətin 63-cü ilində Mədinə şəhərində) İnsanlar Yezid bin Müaviyənin rəhbərliyindən imtina etdikdə İbn Ömər övladlarını, ailəsini toplayıb Allahı şahid tutdu və dedi: “Biz bu adama (Yezidə) Allahın və rəsulunun beyəti ilə beyət etmişik. Mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitmişəm: “Xəyanətkar insan üçün qiyamət günü bir bayraq sancılacaq və “bu filankəsin xəyanətidir” – deyiləcəkdir. Həqiqətən Allaha şərik qoşmaqdan sonra ən böyük xəyanət bir adamın Allahın və rəsulunun beyəti ilə kiməsə beyət edib sonra beyətini pozmasıdır. Sizdən heç biriniz Yezidin rəhbərliyindən imtina etməsin. Heç biriniz bu işə qarışmasın. Əks halda bu mənimlə onun arasında qəti qərar olacaqdır.”Muslim və Tirmizi rəvayət etmişdir.

Müdrik alim İbn Həcər “Fəthul Bari” əsərində hədisi şərh edərkən deyir: “Bu hədisdə beyət olunmuş rəhbərə itaətin vacibliyi, hətta zülm etsə də ona qarşı üsyan etməyin qadağan olması və fasiqliyinin onun rəhbərliyini ləğv etmədiyi təsdiqini tapmaqdadır.”

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb